Artıq bir neçə gündür ki, Ukraynada təşkil olunan “Krım platforması” adlı tədbirdə Azərbaycanın iştirak etməməsi ciddi müzakirələrə yol açıb. Bəziləri bunun doğru, bəziləri isə yanlış addım olduğu qənaətini bölüşür.
Doğru olduğunu düşənənlər hesab edirlər ki, belə həssas məqamda Azərbaycana orada iştirakla Rusiyanı qıcıqlandırmaq lazım deyil. Əksini düşünənlər isə hesab edir ki, bununla biz Ukrayna kimi müttəfiqimizlə münasibətlərimizi korlaya bilərik. Ən diqqətçəkən amillərdən biri isə budur ki, Azərbaycandan fərqli olaraq, Türkiyə həmin tədbirdə ən yüksək səviyyədə iştirakla bağlı qərar verib. Türkiyəni təmsil edən xarici işlər naziri Mövlud Cavuşoğlu tədbirdə çıxış edib və “Krım Ukraynadır” şuarını səsləndirib. Nazir ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib. M.Çavuşoğlu beynəlxalq ictimaiyyətə birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı çağırış edib. “Krım platforması”nın Krımın və Krım tatarlarının hüquqlarının müdafiəsində əhəmiyyətli rol oynayacağına inanırıq”, - deyə XİN başçısı vurğulayıb.
O, Türkiyədə çox sayda Krım tatarının yaşadığını da xatırladıb. Türkiyəli nazir vurğulayıb ki, tatarlar tarixlərindəki bütün çətinliklərdən sonra ayağa qalxmağı bacarmış millətdir. M.Çavuşoğlu Ukrayna prezidenti Vladimir Zelenskiyə parlamentarilərlə birlikdə Krım tatarlarının Ukraynanın yerli xalqı kimi tanınmasında göstərdiyi səylər üçün də təşəkkür edib. XİN başçısı onu da qeyd edib ki, BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar bu məsələnin həllində yaxşı şəkildə təşkilatlanmayıb: “Sülh və diplomatik danışıqlar tək yoldur. Bunun üçün isə, təbii ki, effektiv koordinasiya lazımdır. Bu platformanın dayanıqlı sülhə nail olmaq üçün əhəmiyyətli başlanğıc olacağına ümid edirik”.
Əksər beynəlxalq platformalarda vahid mövqe sərgiləyən Azərbaycanla Türkiyənin bu platforma ilə bağlı mövqeyi niyə haçalandı?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Krım platforması” Ukraynanın ərazi bütövlüyü ilə yanaşı, həm də Krımda yaşayan türklərin mövqeyini dəstəkləyir: “Ancaq bu tədbiri bir neçə mövzu ilə lokallaşdırmaq da olmaz. Qısası budur ki, bunu Şərqi Qara dəniz hövzəsində Rusiyanın fəaliyyətinin əleyhinə formalaşan koalisiyanın növbəti bir addımı kimi dəyərləndirməliyik. “Krım platforması” özündə yalnız siyasi deyil, həm də iqtisadi mövzuları formalaşdırır. Biz Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət ortaya qoyuruq. Biz bunun ən geniş nümunəsini Qarabağla bağlı mövzuda, xüsusilə də 44 günlük müharibə zamanı gördük. Əfqanıstan, Pakistan, Yaxın Şərqin bir neçə ölkəsi, bir sıra beynəlxalq qurumlarda eyni platformadan çıxış edirik. Bütün bu addımları Avropa ilə bağlı siyasətdə də stimullaşdırmağa çalışırıq. Bir çox ölkələrdə diasporlarımız fərqli olsalar da, hazırda ortaq fəaliyyət ortaya qoyurlar. Son vaxtlar isə bu istiqamətdə atılan addımlar hər iki ölkənin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Azərbaycanın niyə həmin tədbirdə iştirak etməməsi sualı ilk növbədə Ukraynadakı səfirimizə ünvanlanmalıdır. Rəsmi nümayəndələrimiz olmasa da, səfirliyimizdən kimsə həmin tədbirdə təmsil oluna bilərdi. Hansısa QHT-nin həmin tədbirdə iştirakını da təmin etmək olardı. Bunun hökumətin mövqeyilə zərrə qədər də əlaqəsi olmayacaqdı. Azərbaycan, görünür, Qarabağla bağlı həssas məqamı nəzərə alaraq bu addımı atıb. Ola bilərdi ki, belə iştirak, böyük olmasa da, kiçik risqlər formalaşdırsın. Qeyd edim ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələr var. Ancaq hesab etmirəm ki, bu kiçik fikir ayrılığı iki qardaş ölkənin münasibətlərində hansısa ciddi ziddiyyətdən xəbər verir. Yaxşı olardı ki, bu məsələyə bizim XİN ətraflı şərh verəydi. Hələ ki, rəsmi mövqeyə rast gəlməmişik. Güman edirəm ki, Azərbaycanın həmin tədbirdə niyə iştirak etməməklə bağlı ciddi arqumentləri var. Bu imtina Azərbaycan-Ukrayna münasibətlərini də korlamaq gücündə deyil. Çünki Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıyır”.
Məhəmmədəli QƏRİBLİ