ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Sünik (Zəngəzur) bölgəsində jurnalistlərlə görüşündə açıqlama verib. O hesab edir ki, status hələ müəyyən edilmədiyindən, son vaxtlar “Dağlıq Qarabağ”da baş verən müharibənin nəticələri aradan qaldırılmayıb və münaqişə həll olunmayıb: “Biz Minsk Qrupunun həmsədri kimi vəziyyətin gərginliyini azaltmaq, hadisələri aradan qaldırmaq mövqeyindən çıxış edərək çalışacağıq ki, qalan problemləri, müharibədən sonrakı vəziyyəti və qalan vəzifələrin son həllini nəzərdən keçirmək mümkün olsun”.
Təhlükəsizlik və sərhəd hadisələri ilə əlaqədar məsələlərə gəlincə, Treysi bu mövzuda fikir söylədiyini və ABŞ Dövlət Departamenti tərəfindən bir neçə mövqe səsləndirildiyini qeyd edib: “Yaxşı bilirsiniz ki, iyul ayında hadisələrin qeydə alındığı Geqarkunik (Basarkeçər) bölgəsinin sərhəd rayonlarından birini ziyarət etdim. Bildirmək istəyirəm ki, biz zorakılığa ən qısa zamanda son qoyulması üçün vəziyyətin deeskalasiyasına çağırırıq”.
Səfir bu problemlərin həllinin son dərəcə vacib olduğunu vurğulayıb. O bildirib ki, xüsusən də mülki əhali münaqişənin episentrində olduğu üçün onların təhlükəsizliyi təhdid altındadır. Ona görə də, bütün bunları nəzərə alaraq, həmin problemlərin həlli aktuallıq kəsb edir.
Səfirin açıqlamasından hiss olunur ki, ABŞ bölgədə fəallaşmaq niyyətindədir. Ancaq maraqlıdır ki, öz mövcudluğunu yenə də missiyasını yerinə yetirə bilməməsi səbəbindən oyundankənar vəziyyətə salınan Minsk Qrupunun həmsədrləri formatında təsdiqləmək istəyir. ABŞ niyə prosesləri irəli deyil, geriyə aparmaq istəyir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, səfirin bu açıqlaması ABŞ Dövlət Departamentinin bir neçə gün əvvəl verdiyi bəyanatın davamı kimi qiymətləndirilə bilər: “Amerika Birləşmiş Ştatları son vaxtlar Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə gərginliyi pisləyir. ABŞ Dövlət Departamenti tərəfləri atəşkəsə dair öhdəliklərə əməl etməyə və gərginliyi azaltmaq üçün dərhal addımlar atmağa çağırıb. Həmin bəyanatda da Amerika Birləşmiş Ştatları münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda əsaslı danışıqlara qayıtmağa çağırır. Etiraf edilməlidir ki, 44 günlük müharibədən sonra Rusiya təşəbbüsü ələ alıb. Hətta sülhməramlı adı ilə regionda hərbi mövcudluğunu da təmin edib. ABŞ-ın başı yeni administrasiya formalaşdırmağa qarışanda Rusiya Qarabağda digər həmsədrlərdən daha ciddi irəliləyiş əldə edib. Bayden admistrasiyası bu geriliyi kompensasiya etməyə çalışır. Bunu da Minsk Qrupunun fəaliyyətini qabartmaqla etməyi planlayır. Maraqlıdır ki, Minsk Qrupu ilə bağlı məsələdə, demək olar, bütün həmsədrlərin mövqeyi üst-üstə düşür. Həmin formatda Qarabağdakı ermənilərə statusun verilməsini müzakirə etmək istəyirlər. 30 il ərazində biz bu formatın fəaliyyətini görmüşük. Azərbaycan yalnız öz gücünə ərazi bütövlüyünü təmin etdi. ABŞ-ın bu təklifi prosesi irəli deyil, geriyə aparmağa hesablanıb”.
Ekspertin sözlərinə görə, Azərbaycanın bu məsələlərlə bağlı rəsmi mövqeyi bəllidir: “Ən yüksək səviyyədə bildirilib ki, Minsk Qrupu xalqları sülhə hazırlamaq və digər humanitar məslələrlə məşğul ola bilər. Qarabağdakı ermənilərə statusun verilməsini isə Azərbaycan hakimiyyəti birmənalı rədd edir. Belə olan təqdirdə, ABŞ-ın istəkləri bizim maraqlarımızla uzlaşmır. Görünür, onlar regionda sülhün təmin olunmasında maraqlı deyillər. Həm Dövlət Departamentinin, həm də səfirin bəyanatı ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivinə mənfi təsir edə bilər. Yaxşı olar ki, ABŞ Ermənistandan kommunikasiyaların açılmasını, sərhəddə təxribatdan əl çəkməyi tələb etsin. Birmənalı şəkildə bilməlidirlər ki, Minsk Qrupunun səlahiyyətləri, funksiyası başa çatıb. Çünki məsələni Azərbaycan öz gücünə həll edib”.
Məhəmmədəli QƏRİBLİ