Azərbaycanın İtaliyadakı səfəri Məmməd Əhmədzadə İtaliyanın Kalabria regionunun Soverato şəhərində Katanzaro Ticarət Palatası tərəfindən təşkil olunmuş "Cənub: Expo 2021 perspektivində iqtisadi və sosial-mədəni təsirlər" adlı konfrans çərçivəsində keçirilən müzakirələrdə iştirak edib.
Müzakirələrdə Azərbaycan diplomatı “Cənub Qaz Dəhlizi” və onun tərkib hissəsi olan TAP layihəsinin əhəmiyyəti, bu layihənin İtaliyanın və ümumilikdə Avropanın enerji təhlükəsizliyi, bazarda qaz qiymətlərinin aşağı enməsi, ekoloji keçidin və daha təmiz enerji istehlakının təmin olunmasına verdiyi töhfələrdən danışıb.
Ölkəmizin nəqliyyat potensialı barədə də məlumat verən diplomat Qədim İpək yolunun bərpası və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın rolundan bəhs edib, bu xüsusda ölkəmizin həyata keçirdiyi regional dəmir yolları, avtomobil yolları layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisindəki Ələt Azad İqtisadi Zonası, habelə ölkəmizin nəqliyyat potensialının italyan şirkətləri üçün açdığı imkanlardan danışıb.
Diplomat, eləcə də Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, xüsusilə də iqtisadi sahədə mövcud əməkdaşlıqdan bəhs edib.
Konfrans vaxtı Azərbaycanla bağlı Bakı Media Mərkəzinin istehsal etdiyi Azərbaycan haqqında video çarx da nümayiş etdirilib.
Konfrans çərçivəsindəki müzakirələrdə İtaliyanın Cənub məsələləri üzrə dövlət katibi Dalila Nesci, Kalabria regionun prezidenti Nino Spirli, çoxsaylı italyan parlamentarları və İtaliyada akkreditə olunan diplomatlar, tanınmış iş adamları da iştirak ediblər. Tədbir İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin diqqətində olub.