Xarici ölkələrin Azərbaycandakı səfirlərinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfər etməsi Ermənistanda müzakirələrə səbəb olub. Bir çoxları bunun Ermənistana güclü diplomatik zərbə olduğunu düşünür.
Bu xüsusda erməni mediası yazır ki, Azərbaycan yürütdüyü uğurlu xarici siyasət nəticəsində buna nail olub: “Xatırlayırsınız ki, Şuşa keçən il bizdə idi. Bəs xarici ölkələrin Ermənistanda olan səfirlərindən neçəsi Şuşaya getdi? Heç biri. Sıfırı. Azərbaycan XİN-i ora gedəni “persona non qrata” elan etdi, adlarını “qara siyahı”ya saldı. Bu da nəticə verdi”.
Bundan başqa, Yunanıstan səfirinin də Şuşaya səfər etməsi erməniləri bərk məyus edib. Belə ki, ermənilər ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin səfirlərinin sözügedən səfərdə iştirak etməməsini sevinclə qarşılasalar da, Yunanıstanın atdığı addım onları əməlli-başlı qəzəbləndirib. Buna səbəb Yunanıstan səfiri Nikolaos Piperigosun Şuşaya səfər edən diplomatik nümayəndələr arasında yer alması olub. Ermənilər iki ölkə arasındakı münasibətlərin soyuqluğunu, türklərin guya Yunan torpaqlarını işğal etdiyini əsas gətirərək, səfirin Şuşaya getməsini anlamadıqlarını bildiriblər. “Yəqin Yunan tərəfdaşlarımız Ermənistanın “Şimali Kiprdə” səfirlik açmasına qarşı deyillər...” - deyə ironiyalı fikirlər səsləndiriblər.
Görünən odur ki, bununla ermənilər Şuşa ilə bağlı, hərbi sahədə olduğu kimi, diplomatik müstəvidə də məğlub olduqlarını etiraf edirlər.
“Səfirlərin Şuşa səfəri çox vacib bir amil olmaqla yanaşı, həm də strateji məsələ idi”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, həqiqətən də səfirlərin Şuşa səfəri diplomatik müstəvidə bizim növbəti qələbəmiz idi: “Bu bir daha onu göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü, bundan irəli gələn prinsiplər hansısa müzakirə predmeti ola bilməz. Bununla etiraf edirlər ki, məğlub olublar. Ermənistanla xüsusi münasibətlərə malik Yunanıstanın səfirinin də orada olması lap yerinə düşdü. Məsələ ondadır ki, 30 ilə yaxın Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladı. Ermənistan elə bilirdi ki, Azərbaycan, dünya bununla barışacaq və bunu qəbul edəcək. Ancaq Azərbaycanın uzun illərə söykənən uğurlu diplomatik siyasəti və 44 günlük Vətən müharibəsi onların bütün planlarını alt-üst etdi. Azərbaycan sübut etdi ki, işğalla barışmayacaq. Eyni zamanda, imkan verə bilməz ki, dünya Ermənistanın işğal siyasətini qəbul etsin. Ona görə də səfirlərin Şuşa səfəri çox vacib bir amil olmaqla yanaşı, həm də strateji bir məsələ idi. Şükürlər olsun ki, biz buna nail olduq və bunu bütün dünya gördü. Ermənistanın nə qədər havadarları, himayədarları olsa da, bu ölkə məğlubiyyətə məhkumdur”.
Vüqar Rəhimzadə hesab edir ki, bundan sonra da Azərbaycanın Qarabağla bağlı bir sıra uğurlara imza atması qaçılmazdır.
Vidadi ORDAHALLI