Xalqımızın tarixi keçmişi o qədər zəngin, o qədər şərəflidir ki, hər səhifəsinə yazılanlar bizi keçmişimizlə fəxr etməyə səsləyir. Tarixdə ən böyük qazancımız və əldə etdiyimiz qiymətli sərvət Azərbaycanın müstəqilliyidir ki, 30 ildir dövlətimiz suveren dövlət kimi dünya dövlətləri arasında öz yerini tutur.
Azərbaycan dövlətinin bu 30 ildə güclənməsi, qüdrətlənməsi və inkişafı üçün çox böyük işlər görülüb, bütün bu görülənlərin daha səmərəli olmasında xalqın birliyi önəmli rol oynayıb. Şübhə yoxdur ki, bu birliyin formalaşmasında əsas toparlayıcı gücə, generator roluna azərbaycançılıq ideologiyası malikdir. Məhz 30 ildir ki, azərbaycançılıq milli birliyə, xalqımızın vahid məcrada birləşməsinə önəmli vasitə olub.
Müstəqilliyimizin qorunmasında milli birliyimizin rolu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin fikrincə, dövlət müstəqilliyimiz və onun inkişafında, irəli getməsində əhəmiyyətli rolu olan azərbaycançılıq ideologiyası bizim ən böyük sərvətimizdir. F.Ələkbərli qeyd etdi ki, dünyada ən müxtəlif ideologiyalar olub, ideyalar yaranıb, amma onlar arasında çox az qismi milli birlik, həmrəylik, xalq və dövlət, dövlətçilik birliyini birləşdirməyə xidmət edib. Azərbaycançılıq ideologiyasının tarixinin çox uzaqlara söykəndiyini deyən F.Ələkbərli hesab edir ki, illər keçdikcə bu ideologiya daha da təkmilləşib və öz əbədi qayəsinə sadiq qalıb.
Azərbaycançılıq ideologiyasının dövlət müstəqilliyimizin qorunmasında əvəzsiz rola malik olduğunu deyən F.Ələkbərlinin qənaətinə görə, nəinki Azərbaycan vətəndaşları, bütövlükdə dünya azərbaycanlıları bu ideologiyanın qoruyucusu, təbliğatçısıdır. Güneyli-Qüzeyli Azərbaycanın simvoluna çevirilən və özündə milli birlik ideyasını daşıyan azərbaycançılığın bu gün ən üst səviyyəyə ucalması və dövlətin ana xəttini təşkil etməsi müsbət bir haldır. “Azərbaycançılıq rəsmən təsbit edilən, qəbul olunan bir dövlətçilik ideologiyasdır. Qüzeyli-Güneyli Azərbaycan üçün vacib olan dəyərlərin önündə türklük və azərbaycanlılıq gedir. Daha sonra islamçılıq, çağdaşçılıq və digər dəyərlər də gələ bilər. Ancaq bizim müstəqilliyimizin simvollarından, rəmzlərindən olan üçrəngli bayrağımızın birinci rəngi türkçülüyü ifadə edir, ikinci rəngi çağdaşlığı, müasirliyi, üçüncü rəngi isə islam dinini əks etdirir. Demək, azərbaycançılıq həm də həmin ideyaları özündə əks etdirir. Bu anlamda, yəni azərbaycançılıq ideyasının türkçülüyə bu qədər bağlanması, onunla bu qədər köklənməsi çox mühümdür. Hesab edirəm ki, bizim gələcəyimiz də bununla bağlıdır”.
“50 milyonluq xalq üçün birləşdirici bir dəyər olması olduqca önəmlidir”
F.Ələkbərlinin sözlərinə görə, azərbaycançılıq ideologiyası yalnız Azərbaycan Respublikasının sərhədləri daxilində deyil, ondan kənarda da bütün hallarda bizim üçün bir birləşdirici ideologiyadır: “50 milyonluq xalq üçün birləşdirici bir dəyər olması olduqca önəmlidir. Biz azərbaycançılıq ideologiyasına ancaq Azərbaycan Respublikası çərçivəsində yanaşmamalıyıq, o, 10 milyonluq xalq üçün deyil, 50 milyonluq xalq üçündür. Bu idelogiyanın birləşdiricilik, toparlayıcılıq funksiyası 50 milyondan artıq Azərbaycan türkü üçün çox önəmlidir. Mənə elə gəlir ki, bu anlamda Azərbaycanın quzeyində dövlət müstəqilliyimizin 30 ilinin tamamlanması bizim üçün yeni bir mərhələyə qədəm qoymağımızın bir nişanəsidir”.
Milli birlik tariximizdə daha mühüm mərhələ…
Ekspertin sözlərinə görə, dövlət müstəqilliyimizin 30 ilinin tamam olması dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcının əsasını qoyur. O hesab edir ki, bu amil milli birliyimizin daha da möhkəmlənməsinə, azərbaycançılıq ideologiyasının daha da şaxələnməsinə, möhkəmlənməsinə səbəb olacaq. F.Ələkbərlinin fikrincə, bu mənada 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Şuşa bəyannaməsi mühüm rol oynayacaq: “Xüsusilə bu məsələdə Şuşa bəyannaməsinin rolunu vurğulamaq istəyirəm. Dövlət müstəqilliyimizin 30-cu ilində bu mühüm bəyannamə imzalanıb. Bütövlükdə, 2020-ci il Azərbaycanın dövlətçilik tarixində qürur duyduğumuz bir ildir. Yeni mərhələyə qədəm qoymuşuq. 2020-ci ilin payızında 44 günlük müharibədə Ermənistan üzərində qələbəmizin ardınca 2021-ci ilin iyun ayında imzalanan Şuşa bəyannaməsi əslində o deməkdir ki, azərbaycançılıq və türkçülük doğrudan da məhz bizi irəli aparacaq. Azərbaycanla Türkiyənin birliyi yalnız Qafqaz və Anadolu bölgəsində deyil, Türküstana, oradan da başqa yerlərə uzanacaq, böyüyüb daha böyük gücə çeviriləcək. Bu anlamda biz azərbayançılığın da, türkçülüyün də hər ikisinin əhəmiyyətini anlamalıyıq. 30 yaşlı müstəqil Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasət də bunu ehtiva edir. Türkiyə ilə müttəfiqliyimizin Şuşa bəyannaməsində rəsmiləşdirilməsi, hətta bir addım da irəliyə aparılması təqdirəlayiqdir. Şübhəsiz, bu anlamda müstəqil Azərbaycanın dəyəri çox artır. Azərbaycanın artıq Türküstanla Türkiyə, Kərküklə Krım arasında oynadığı rol böyük və mühüm hadisədir. Biz bu Azərbaycan hadisəsini Türkiyə ilə birgə daha da genişləndirə bilərik. Yəni azərbaycançılığın böyüməsi də məhz türkçülüklə paraleldir. Biz bunu gördük. Gələcəyə doğru da azərbaycançılıqla türkçülüyün birgə addımlaması məhz Azərbaycanımızın böyüklüyünü, qüdrətini artıracaq və nəinki bölgədə, bütün dünyada bu birlik böyük gücə çevililəcək, çoxqütblü dünyada əsas qütblərdən biri də Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birliyi olacaq. Biz ona doğru gedirik. Bu anlamda biz öz dövlətçilik, milli birlik ideologiyamızı daha da güclü şəkildə inkişaf etdirməliyik”-deyə qeyd edən F.Ələkbərli hesab edir ki, azərbaycançılıq ideologiyası 30 yaşlı müstəqil dövlətimizin tarixində çox mühüm rol oynayıb və onun rolu günü-gündən artır. Azərbaycançılıq qədər dövlətçiliyə, milli birliyə, milli məfkurəyə xidmət edən az ideologiyaların olduğunu deyən F.Ələkbərli hesab edir ki, dünya azərbaycanlıları bu ideologiya ətrafında birləşərək dövlətimizin inkişafı naminə fəaliyyət göstərir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.