Məlum olduğu kimi, ABŞ Əfqanıstandakı hərbi kontingentini bu ölkədən çıxarır. Ötən ayın ortalarında ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının payızadək Əfqanıstanı tərk edəcəyini bəyan edib. Hərbi kontingentin çıxarılması sentyabrın 11-dək – 2001-ci ilin sentyabrında Nyu York və Vaşinqtonda törədilmiş terror aktlarının 20-ci ildönümünədək başa çatacaq.
Əfqanıstanda Türkiyə sülhməramlı qüvvələrinin tərkibində Azərbaycan sülhməramlı qüvvələri də xidmət edir. Məsələ ondadır ki, Azərbaycan 2002-ci ildən Əfqanıstanda həyata keçirilən antiterror koalisiyasına dəstək verir. 2003-cü ildən Azərbaycan əsgərləri sülhməramlıların tərkibində orada xidmət edir. Ötən müddət ərzində azərbaycanlı əsgərlər sülhməramlıların tərkibində xidmət etməklə yanaşı, Azərbaycan tərəfindən logistik dəstək də verilib. Belə ki, Azərbaycan vasitəsilə Əfqanıstana yüklər daşınıb. Ancaq digər tərəfdən belə görüntü var ki, Birləşmiş Ştatlar 20 il Əfqanıstanda mənasız müharibə apardığını, bunun səhv olduğunu dərk edib, o üzdən ölkəni tərk edir. NATO-nun burada apardığı əməliyyatların səhv olduğunu, açıq olmasa da, dolayı etiraf edirlər. ABŞ-ın Əfqanıstanı tərk etməsi ilə əlaqədar bəziləri belə iddialarla çıxış edir ki, guya Azərbaycan da səhvə yol verib, gərək 20 il əvvəl bu prosesə qoşulmayaydı. NATO yüklərinin ölkə üzərindən daşınmasına, sühməramlıların tərkibində iştiraka icazə verməməli idi.
O baxımdan, sözügedən yanaşmanı əsas götürərək Azərbaycanın səhvindən danışmaq nə dərəcədə mümkündür?
“Azərbaycan sülhyaratma prosesinə dəstək verməkdən ötrü bu işə qoşulub və bunda hansısa qəbahət axtarmaq doğru deyil”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Əfqanıstanla bağlı Azərbaycanın da səhv etdiyini düşünmək doğru yanaşma deyil: “Məgər Azərbaycan Əfqanıstana müdaxilə edib? Azərbaycan sülhyaratma prosesinə dəstək verməkdən ötrü bu işə qoşulub və bunda hansısa qəbahət axtarmaq doğru deyil. Azərbaycan əks mövqedə dursaydı da ABŞ ora daxil olacaqdı. Bizim ölkənin məhdud sayda əsgəri Əfqanıstanda sülhməramlıların tərkibində fəaliyyət göstərib. Nəzərə almaq lazımdır ki, 20 il əvvəl ABŞ-ın Əfqanıstana daxil olmasına onlarla dövlət dəstək verib. ABŞ-ın 20 il sonra Əfqanıstanı tərk etməsi o demək deyil ki, biz səhv yolda olmuşuq. Qətiyyən bu belə deyil. Azərbaycan bir müsəlman ölkəsi olaraq maraqlıdır ki, Əfqanıstanda sülh və sabitlik yaransın. Ölkə bu çəkişmələrdən xilas olub inkişaf etsin. Başqa bir tərəfdən, məhz Azərbaycanın Əfqanıstanla bağlı verdiyi dəstəkdən sonra 2002-ci ildən bədnam 907-ci Düzəliş donduruldu. O vaxtdan Azərbaycana dövlət yardımını qadağan edən həmin Düzəliş işləmir. Bu nəyin sayəsində oldu? Məhz Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi dəstəyin sayəsində. Ona görə də məsələyə geniş aspektdən yanaşmaq lazımdır”.
Hərbi ekspert hesab edir ki, Azərbaycan sözügedən məsələdə doğru siyasət aparıb.
Vidadi ORDAHALLI