Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan öz köməkçisini Azərbaycan ərazilərinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə - Dağlıq Qarabağa göndərib. Erməni KİV-i xəbər verir ki, Ermənistan hökumətinin saytında yerləşdirilmiş rəsmi qərarda baş nazirin köməkçisi Qaqik İsaxanyanın “dörd günlük işgüzar səfərlə” Dağlıq Qarabağa ezam edildiyi göstərilir.
Bildirilir ki, İsaxanyan iyulun 12-dən 15-nə qədər Xankəndidə “işgüzar görüşlər keçirəcək” və nəticələri barədə hesabat hazırlayıb baş nazirə təqdim edəcək.
Qeyd edək ki, Nikol Paşinyanın ayağı Azərbaycan torpaqlarına sonuncu dəfə ötən ilin oktyabrında, Qarabağda şiddətli müharibənin getdiyi günlərdə dəyib. Ermənistanın kapitulyasiyasından sonra isə İrəvandan bəzi hökumət rəsmiləri, o cümlədən xarici işlər naziri Qarabağa səfər etsə də, Azərbaycan tərəfi belə qanunsuz səfərlərə son qoyulmasını tələb etdi. Və xəbərdarlıq edildi ki, Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə qanunsuz səfərlərə son qoymasalar, Bakı sərt addımlar atacaq. Qeyd edək ki, Paşinyan seçkilərin qalibi kimi ilk rəsmi səfərini Rusiyaya edib. Onun Rusiya səfərindən sonra öz köməkçisini Qarabağa “işgüzar səfər”ə göndərməsi təsadüf sayıla bilərmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın köhnə vərdişlərindən əl çəkmədiyini müşahidə edirik: “Müharibədən sonra onlarda seçkilər oldu. Hətta Azərbaycan rəsmiləri də bəyan etdilər ki, Ermənistan seçkilərdən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək yolunu tutacaq. Seçkinin nəticələri elə oldu ki, həmin öhdəlikləri üzərinə götürən Paşinyan qalib gəldi. Yəni onun üçün artıq bəhanə qalmayıb. Ancaq biz fərqli mənzərə görürük. Paşinyan sülh sazişini imzalamağa tələsmir, Qarabağdakı separatçı qalıqlarına dəstək ifadə edir, status məsələsini qabardır. Onun seçkilərdən sonra tələm-tələsik Moskvaya yollanması bir daha sübut etdi ki, Rusiyanın dəstəyilə hakimiyyətə gəlib. Paşinyan bilir ki, şəxsən özünün Qarabağa səfər etməsi ciddi ajiotaj doğurar. Hətta Azərbaycan bununla bağlı ciddi addımlar da ata bilər. Bu səbəbdən də öz köməkçilərini ora göndərir. Bütün bunların məhz Moskva səfərindən sonraya təsadüf etməsi maraqlıdır. Güman etmək olar ki, Paşinyan Moskvadan aldığı tapşırıqların icrasını köməkçisinin əli ilə Qarabağın ermənilər yaşayan hissəsində həyata keçirir. Biz sülhməramlıların ermənilərə olan loyal davranışlarından da hiss edirik ki, Moskva onlara lazımi dəstəyi verir. Rusiya bu hərəkətlərinə son verməlidir. Biz Rusiya səfirinin Şuşaya səfərdən imtina etməsindən də gördük ki, onlar səmimi siyasət aparmır. Belə vasitəçilik davam edərsə, Rusiya tam etibarını itirmiş olacaq”.
Məhəmmədəli QƏRİBLİ