Məlum olduğu kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri təşkil olunub.
Şuşa səfərində Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak edib. Ümumilikdə, 46 ölkənin səfiri səfərdə iştirak edib.
O da məlumdur ki, Şuşa şəhərinə ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirlərinin qatılmaması olduqca böyük diqqət çəkib. Həmçinin bu, Azərbaycanın haqlı narazılığına səbəb olub. Ancaq təəccüb doğuran məqam odur ki, türk dövlətləri olan Qırğızıstan, Türkmənistan və Özbəkistanın səfirləri də Şuşa səfərindən boyun qaçırıb. Türkdilli dövlətlər olan Qırğızıstan, Türkmənistan və Özbəkistan səfirlərinin humanitar tədbir olaraq nəzərdə tutulan Şuşa şəhərinə səfərdə iştirak etməmələrinə, bundan yayınmalarına nə ad vermək olar? Halbuki, Qazaxıstan, Belarus, Tacikistan səfirləri Şuşa səfərində iştirak edib.
“Onlar Rusiyadan çəkindikləri üçün bunu ediblər”
Məsələyə münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin sözlərinə görə, adıçəkilən türk dövlətləri səfirlərinin Şuşaya getməkdən yayınması təəssüf doğurur: “Əvvəla, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin mövqeyi onsuz da bəllidir. Çünki 30 il problemin həll edilməməsinin bilavasitə baiskarı məhz həmsədr ölkələrdir. Məhz onların biganəliyi və tərəfkeşliyi üzündən uzun illər ərazilərimiz işğal altında qaldı. Tarixə ekskursiya etsək görərik ki, ABŞ-ın, Fransanın xeyir-duası ilə 1918-ci ildə tarixi ərazilərimizdə Ermənistan yaradıldı. Əvvəl 9 min kvadrat kilometr ərazisi olan Ermənistan sonra bolşevik Rusiyası hesabına ərazisini 29 min kvadrat kilometrə çatdırdı. Zəngəzuru Ermənistana birləşdirməklə Türk dünyasını bir-birindən ayırdılar. 90-cı illərdə də Qarabağı işğal etdilər. Türkmənistan, Özbəkistan və Qırğızıstan səfirlərinin Şuşa ilə bağlı məlum addımı utancverici haldır. Onlar Rusiyadan çəkindikləri üçün bunu ediblər. Bu dövlətlər anlamır ki, bunları necə bir fəlakət gözləyir. Söhbət ondan gedir ki, Orta Asiyada baş verəcək proseslərdə rusun qorxusundan Moskvanın maraqlarına uyğun siyasət yeridirlər. Bununla onlar Türk dünyası ilə bir olmağa hazır olmadıqlarını göstərirlər. Biz bu məsələlərdə canı və qanı bir türk dövlətlərinin bizimlə bir yerdə olmalarına nə qədər çalışsaq da, fakt odur ki, hələlik onlar bu səviyyədə deyillər. Rusiyaya yarınmaq mövqeyindən çıxış edərək siyasət yeridirlər. Çox təəssüf ki, bu, acı bir həqiqətdir”.
Lakin bütün bunlara rəğmən, partiya sədri hesab edir ki, bir müddət sonra həmin dövlətlər Azərbaycana möhtac olacaq.
Vidadi ORDAHALLI