Əfqanıstan yenidən çalxalanmağa başlayır. Son iki ayda “Taliban” silahlı qruplaşması Əfqanıstanın böyük bir hissəsinə nəzarəti ələ keçirib.
Xatırladaq ki, bu qruplaşma İslam dininə əsaslanan siyasi-ideoloji xətt yürütdüyünü iddia edir. Təşkilatın liderləri xaricdəki İslam dini liderlərinin fətva və məsləhətlərini qəbul etmədiklərini, “özlərinin dini üləmaları"nın olduğunu və onların hökm, qərar və məsləhətləri ilə fəaliyyət göstərdiklərini bildirirlər. Onların qənaətincə, xaricdəki İslam xadimləri “siyasətə qulluq edir”, “kənar qüvvələrə bağlıdırlar”. Bu İslam hərəkatı 1994-cü ildə Əfqanıstanda yaradılıb. Puştu dilində “Taliban”ın mənası “tələbələr” deməkdir. 1996-2001-ci illərdə Əfqanıstanı “Əfqanıstan İslam Əmirliyi” və 2004-cü ildən Pakistanın şimalındakı Vəziristan bölgəsində “Vəziristan İslam Dövləti” adı altında idarə edib. "Əfqanıstan İslam Əmirliyi"ni diplomatik olaraq Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Səudiyyə Ərəbistanı tanımışdı. 2001-ci il sentyabrın 11-dəki məlum terror hadisəsi baş verməsəydi, ABŞ da onu tanıya bilərdi. Ancaq həmin hadisədən sonra “Taliban” terrorçu təşkilat elan edildi. “Taliban” Əfqanıstan hakimiyyətinə toxunmayacağını vəd edir. Bununla belə, ölkənin dövlət quruluşu barədə müzakirələr aparacağını bildirir. Belə ehtimal edilir ki, ABŞ ölkədən çıxandan 6 ay - 2 il ərzində Əfqanıstandakı hakimiyyət çökəcək. Yaxud perspektivdə ölkədə vətəndaş müharibəsinin davam edəcəyi istisna olunmur. “Taliban”ın bu irəliləyişindən Əfqanıstanla həmsərhəd olan Mərkəzi Asiya ölkələri narahat olub. Bildirilir ki, Əfqanıstanın Tacikistanla sərhədinin böyük hissəsi hazırda “Taliban”ın nəzarətindədir. Hətta bu təhlükə ilə bağlı Tacikistan prezidenti KTMT-dən yardım da istəyib. Qeyd edək ki, ötən əsrin 90-cı illərində “Taliban”ın uzantıları Çeçenistanda da görünməyə başladı. Onların bir çox tanınmış səhra komandirləri rus-çeçen müharibəsi zamanı öldürüldü. Hərəkatın yenidən dirçəlməsi Mərkəzi Asiya və Qafqaz üçün hansısa təhlükə törədə bilərmi?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu qruplaşmanın fəallaşması tək bizim üçün yox, bütün dünya üçün təhdiddir: “Radikal islamçılıq “Taliban”ın başlıca ideologiyasıdır. Onlar İslam dininin özünə də ziyan vururlar. İctimai-siyasi inkişafda geriyə doğru bir addımdır. “Talıban” Əfqanıstanda qarşıdurmanı gücləndirəcək, hətta vətəndaş müharibəsinə səbəb olacaq addımlar atacaq. Təşkilat bir çox bəşəri dəyərləri qəbul etmir. İslamın radikal formasına əsaslanan idarəetmə mexanizmi qurur. İnsan hüquq və azadlıqları əngəllənir. Belə bir təşkilatın Əfqanıstanda hakimiyyətə gəlməsi yalnız əfqan xalqı üçün deyil, həm də bütün bəşəriyyət üçün təhdiddir. Güman edirəm ki, ABŞ-ın əfqan xalqını belə yarımçıq atıb getməsi, “Taliban”ın isə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi dünya üçün yaxşı nəsə vəd etmir. Hətta Rusiyanın özünün də qruplaşma ilə yaxın təmasda olduğuna dair faktlar ortaya qoyulur. Artıq Mərkəzi Asiya ölkələri bu təhlükəni hiss edir. Buna görə də Rusiyaya müraciət edilib. Onlar güclənəndən sonra istənilən yerdə terror-təxribat törədə bilərlər. Azərbaycanda islam dini geniş yayıldığı üçün, onlar müsəlman əhali arasında da özlərinə tərəfdarlar toplaya bilərlər”.
Politoloqun sözlərinə görə, Rusiyanın postsovet məkanındakı ən böyük hərbi bazası Tacikistan ərazisindədir: “Kreml həmin bazanı işə sala bilər. Hələ ki “Taliban” Tacikistanla sərhəd bölgələri özünə qaytarır. Tacikistan üçün hələlik ciddi təhlükə yoxdur. Amma gələcəkdə nələrin baş verəcəyini indidən söyləmək çətindir. Taciklərin inadkarlığını, Rusiya və KTMT-yə müraciət etmələrini təbii sayıram. Çünki ölkə “Taliban”ı yaxşı tanıyır. İndidən ondan özünün müdafiəsini təmin etmək istəyir”.
Məhəmmədəli QƏRİBLİ