44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan regionda davamlı sülhün bərqərar olması məqsədilə Ermənistana sərhədlərin delimitasiya və demarkasiyası üçün müvafiq təkliflər ünvanlasa da, qarşı tərəfdən indiyə kimi heç bir cavab yoxdur. Amma məsələ ilə bağlı səslənən ekspert rəyləri də göstərir ki, İrəvanın sonda Bakı ilə razılaşmaqdan başqa çıxış yolu da yoxdur. Bunu rus ekspert Modest Kolerov da xüsusi olaraq vurğulayır.
O bildirir ki, əslində Ermənistan təkbaşına sərhədlərini qorumaq gücündə deyil. Bu səbəbdən də sərhəd mübahisələrinə mümkün qədər tez son qoyulması Ermənistanın lehinədir: “Erməni siyasi sinfi anlamalıdır ki, Rusiya ilə ittifaq Ermənistan üçün bir dövlət olaraq mövcudluğa malik olmağın yeganə vasitəsidir. Ermənistan bununla hər gün məşğul olmalı, özü-özünü müdafiə etməli və donor köməyi almağa çalışmamalıdır”. Kolerov Vladimir Putin və Nikol Paşinyan arasında baş tutmuş son görüşə toxunaraq qeyd edib ki, hər bir görüşün iki tərəfi, hər bir tərəfin öz problemləri var. O bildirib ki, Paşinyan Ermənistan üçün tarixi bir qərar qəbul etməyə hazır deyil. Kolerovun sözlərinə görə, demarkasiya və delimitasiya prosesinin Qarabağla birbaşa əlaqəsi yoxdur, bu proses hələ 30 il əvvəl həyata keçirilməli idi: “Qarabağ məsələsi üzrə Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatı Minsk formatı ilə əvəz etmək haqqında Ermənistanda edilən cəhdlərdən asılı olmayaraq, danışıq prosesi ritorikdir: bu proses demək olar baş vermir”. Rusiyalı politoloq deyib ki, Moskvada baş tutmuş Putin-Paşinyan görüşü rəsmi qərarlar olmadan başa çatıb, bu isə çox pisdir: “Ermənistan Azərbaycanla olan sərhədini müdafiə etmək istəmir, sərhədi müəyyənləşdirməyi belə istəmir, istəyir ki, bunu onun əvəzinə Rusiya etsin”. Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksand İsgəndəryan da məsələyə eyni prizmadan yanaşır. O, İrəvanın Bakı ilə hesablaşmalı olduğunu vurğulayır: “Azərbaycanlıların ciddi şəkildə geri çəkiləcəyini düşünmürəm və onları buna məcbur edə biləcək qüvvəni də tanımıram. Rusiyaya da kommunikasiyaların blokadadan çıxarılması və güclü bir müharibənin olmaması, həmçinin sərhədlərin sabitliyi lazımdır. Danışıqlar hələ davam edir. Son nəticədə isə Ermənistan sərhədlərinin təhlükəsizliyi Rusiyanın nəzarətinə keçəcək. Belə vəziyyət hər iki tərəfin maraqlarına xidmət edir”. İsgəndəryanın fikrincə, Ermənistan və Rusiyanın maraqlarının üst-üstə düşmədiyi məqamlar da mövcuddur: “Ruslar üçün müəyyən kilometr əraziyə kimin sahib olacağı maraqlı deyil. Yəni ruslar istər Ermənistanı, istər Qarabağı, istərsə də Qara gölü kimin idarə edəcəyi ilə maraqlanmırlar. Onlar həyata keçiriləcək müəyyən bir xətt boyunca sabitlikdə maraqlıdır”. Erməni politoloq qeyd edib ki, Ermənistanın sərhədlərin müəyyənləşdirilməsi prosesini öz xeyirinə həll etməsi üçün təzyiq imkanları olsaydı, bu yaxşı nəticə verərdi. Ancaq hər şey əksinədir. Yəni Azərbaycanın belə təzyiq imkanları mövcuddur, Ermənistanın isə yox.
Digər erməni politoloq Ara Papyan isə xatırladır ki, sərhəd məsələsində Ermənistan prosesə KTMT-ni cəlb etməyə çalışsa da, fəaliyyəti fiasko ilə nəticələnib: “KTMT-nin açıqlamasından sonra Ermənistan yeni müttəfiqlər axtarmalıdır ki, təhlükəsizlik hədəflərini həll etsin”. Onun sözlərinə görə, Ermənistanın maraqları KTMT-nin maraqları ilə üst-üstə düşmür. Papyan, həmçinin, Paşinyanın Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarını yerləşdirmək fikrini də tənqid edib: “Paşinyan mitinqdə dedi ki, qoşunlar geri çəkilməli və onlar arasında rusiyalı sərhədçilər yerləşdirilməlidir. Bu o deməkdir ki, Azərbaycan 9 kilometr içəriyə doğru irəllədiyi bəzi ərazilərdə müəyyən yerlərə nəzarəti əlində saxlayacaq. Şərti olaraq desək, onlar 5 kilometr dərinliyə qədər irəlləyiblər. İndi 1 kilometr geri çəkiləcəklər və 4 kilometri özlərində saxlayacaqlar. Yəni biz ümumilikdə 6 kilometr ərazi itirəcəyik. 2 kilometr neytral zona olacaq, 4 kilometr isə Azərbaycanda qalacaq”. Papyan Rusiya hərbçilərinin sülhməramlı olmadığını, onların Ermənistanın razılığı ilə bölgəyə gəldiyini, amma beynəlxalq statuslarının olmadığını deyib. Qeyd edək ki, Ermənistan Qarabağı işğal altında saxladığı illər ərzində Azərbaycan sərhədlərinə də daxil olub və torpaqlarımızı zəbt edib. Vətən müharibəsindən sonra ordumuz SSRİ xəritələri əsasında sərhədləri bərpa edir. Ermənistan isə zəbt etdiyi torpaqlardan çıxmaq istəmir. Lakin Azərbaycan sərhədlərini bərpa etməkdə israrlıdır və buna müqavimət üçün Ermənistan hər hansı ciddi imkanlara sahib deyil. Bunu“Qraparak” nəşri də xüsusi olaraq vurğulayır: “Rusiya prezidenti Moskvada Ermənistan baş nazirinə dedi ki, erməni xalqı üçün ağrılı, həssas, kəskin olan məsələlərin həlli gözlənilir. Ermənistan baş naziri isə xalqın etimad səsinə sahibdir və bu, bənzər məsələlərin həlli üçün vacibdir. İlham Əliyev rus sülhməramlıların nəzarəti altında qalmış əraziləri əhatə edən Azərbaycanın iqtisadi xəritəsini tərtib edir. Bu xəritədə Şərqi Zəngəzur da qeyd olunub. Şərqi Zəngəzur varsa, deməli, Azərbaycan və Türkiyə arasında yerləşən Qərbi Zəngəzur da var. Son dövrdə erməni cəmiyyəti əmin olub ki, Azərbaycan nəyi bəyan edirsə, dünya onu qəbul edir, çünki Ermənistan qarşı çıxmır. 1988-ci ildə Qarabağı Ermənistana birləşdirmək tələbi ilə Azadlıq meydanına çıxdıq. İndi, 2021-ci ildə isə Azərbaycan Sünikdədir və Türkiyəyə birləşmək üçün Mehridən dəhliz tələb edir. Ümumiyyətlə Süniki Azərbaycanın tarixi ərazisi, Zəngəzur hesab edir”.
Samirə SƏFƏROVA