Məlum olduğu kimi, Azərbaycan hökümətinin təklifi ilə ölkəmizin mədəni paytaxtı Şuşaya səfər etmiş 46 dövlətin səfirləri arasında üç ölkənin – ABŞ, Fransa və Rusiyanın səfirləri olmayıb. Bu ölkələrin səfirləri Azərbaycan hökümətinin təklifini qəbul etməyərək, Şuşaya getrməkdən imtina ediblər.
Bundan əvvəl səfirlik nümayəndələri Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Laçında və Ağdamda olublar. Fikir versək, söhbətin ATƏT-in Minsk Qrupu həmsədrlərindən getdiyini görərik. Öz mövqelərini son dərəcə qəribə şəkildə konsolidasiya edən bu dövlətlərin diplomatik demarşının səbəbini anlamaq çətin deyil. Görünür, həmsədrlər danışıqları hələ də İrəvanla körpüləri yandırmaq istəməyən Minsk Qrupu çərçivəsində davam etdirməyə ümid bəsləyirlər. Ancaq Şuşanın Qarabağın erməni əhalisinə və İrəvana nə dəxli olduğu sonacan aydın deyil. Çünki Şuşa əhalisi Qarabağ münaqişəsi başlayana qədər azərbaycanlılardan ibarət olub.
Bütün hallarda, həmsədr ölkələrin səfirlərinin Şuşa səfəri ilə bağlı məlum addımı bundan sonra danışıqlarda Ermənistanı qeyri-konstruktiv mövqe tutmağa, dəxli olmayan məsələrəri daha çox qabartmağa, dəhliz məsələsini uzatmağa cəsarətləndirə bilərmi?
“Regionda ümumi sülhə, təhlükəsizliyə ciddi təhdid olan bu davranışla Minsk Qrupunun həmsədr ölkələri...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə ermənilərin bundan sonra ata biləcəyi pozucu addımları istisna etmədi: “ABŞ, Rusiya və Fransa səfirlərinin Azərbaycanın rəsmi dəvətinə baxmayaraq Şuşa səfərindən imtina etmələri heç də tərəfsizliyi qorumaq deyil. Bu, xüsusilə Minsk Qrupunun fəaliyyətini qoruyub saxlamaq, həmçinin münaqişənin davam etdiyini göstərməkdir. Bununla Qarabağın statusunun həll edilmədiyini və Şuşanın bu status daxilində olduğu mesajını verməkdən ibarətdir. Onların bu fəaliyyəti separatizmə dəstək və Azərbaycanın ərazi bütövlüyünə qarşı olmaqdır. Regionda ümumi sülhə, təhlükəsizliyə ciddi təhdid olan bu davranışla Minsk Qrupunun həmsədr ölkələri bir daha münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllində maraqlı olmadıqlarını göstəriblər. Azərbaycan heç vaxt Ermənistanla Qarabağ məsələsini müzakirə etməyəcək. Çünki artıq bu məsələ bitib. Bir müddət sonra Minsk Qrupunun həmsədr ölkələri növbəti dəfə Azərbaycana təzyiq etmək planına malikdirlər. Ancaq Şuşa Bəyannaməsi belə təzyiqlərin qarşısını alacaq. Göründüyü kimi, ABŞ, Fransa, Rusiyanın və bir neçə Qərb ölkəsinin əsas planı Qarabağda ermənilərə status tanımaqdan ibarətdir. Minsk Qrupunun bu fəaliyyəti Ermənistanin və Qarabağda yaşayan ermənilərin əleyhinə olacaq. Necə ki, 30 il ərzində Minsk Qrupu çalışdı ki, Azərbaycandan əraziləri qoparsın, ermənilərə status versin. Nəticədə bu, Ermənistan və Qarabağdakı ermənilərin faciəsi ilə bitdi. 44 gün ərzində bir dövlət dizlərini yerə qoydu. Hazırda da eyni ssenarini bəzi dövlətlər davam etdirəcəksə, ilk növbədə bundan yenə ermənilərə zərbə dəyəcək. Birincisi, Qarabağ münaqişəsi başa çatıb. İkinci, Azərbaycan heç vaxt ermənilərə status verməyəcək. Üçüncü, Azərbaycana qarşı son dərəcə təhlükəli plana malikdirlər. Bu bir daha göstərir ki, Minsk Qrupunun bərpası Azərbaycanın milli təhlükəsizliyini, suverenliyini təhdid edər. Təbii ki, bu, separtizmə dəstəkdir və onları cəsarətləndirəcək. Paşinyan bundan sonra danışıqlarda daha pozucu mövqe sərgiləyəcək”.
Politoloq hesab edir ki, Azərbaycan baş verənlərlə bağlı ortaya sərt mövqe qoymalıdır.
Vidadi ORDAHALLI