“Şuşadakı bütün dini, tarixi-mədəni irs yenidən bərpa olunur. Orada həm xristian, həm də müsəlman abidələri var, orada rus kilsəsi də mövcuddur. Ermənilər uzun illər Şuşadakı abidələri, maddi-mədəni, dini irsi saxtalaşdırmağa çalışıb.
Şuşada olarkən Qazançı kilsəsində də olduq, gedib kilsəyə baxdıq. Bilirsiz ki, ermənilər Qazançı kilsəsinə də iddia edirlər, bu istiqamətdə işləyirlər, təbliğat aparırlar. Guya ki, bu kilsəsini Qazançıdan gələn ermənilər “tikib”. Ermənilər bu kilsəni mənimsəməyə çalışıblar, erməniləşdirməyə cəhd ediblər və bütün dünyaya yalandan onu “erməni kilsəsi” kimi tanıtmağa, qəbul etdirməyə çalışıblar.
“Faktiki olaraq bu kilsə ermənilər tərəfindən tikilməyib, sadəcə, onlar tərəfindən saxtalaşdırlmaya məruz qalıb”
Əsl həqiqət isə tamamilə başqadır. Faktiki olaraq, bu kilsə ermənilər tərəfindən tikilməyib, sadəcə onlar tərəfindən saxtalaşdırlmaya məruz qalıb. İndi isə kilsə öz mənşəyinə qaytarılır”. Bunu “Bakı-Xəbər”ə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin tərkibində iyulun 10-da Şuşa şəhərinə səfər edən Alban-Udi Xristian İcmasının rəhbəri Robert Mobili bildirib. R.Mobili qeyd etdi ki, səfər çərçivəsində Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
R.Mobilinin sözlərinə görə, bu kilsənin təməli ermənilər tərəfindən qoyulmayıb və kilsənin yerində qədim dövrlərdə Zərdüşt məbədi olub, sonrakı mərhələdə isə onun üzərində alban kilsəsi inşa edilib, rus işğalına qədər bu məbəd öz funksiyasını yerinə yetirib. “Qazançı kilsəsinin yerində əvvəllər Zərdüşt məbədi olub, onun üzərində isə sonralar alban-xristian məbədi inşa edilib. Bilirsiz ki, 1836-cı ildə Çarın fərmanı ilə Alban kilsəsi ləğv edildi və bununla da ermənilərin əlinə məlum fürsət düşdü. Ermənilər bu kilsəni saxtalaşdırmağa başlayıblar. Mən elə bilirdim ki, Qazançı kiçik kilsədi, gördüm ki, yox, böyük bir kilsədi. Şuşada aparılan tikinti-quruculuq işləri çərçivəsində bu kilsə də əsaslı şəkildə bərpa edilir. Müsbət haldır ki, hazırda Qazançı kilsəsi tarixi mənşəyinə uyğun bərpa olunur. Qazançıya “erməni kilsəsi” demək olmaz, bu kilsənin ermənilərlə əlaqəsi yoxdur, bu onların mədəni irsinə aid deyil. Baxmayaraq ki, bu gün ermənilər Qazançını “erməni kilsəsi kimi qələmə verir və bu kilsəyə ziyarətə gəlməyə can atırlar”.
Bunun olduqca ciddi məsələ olduğunu deyən R.Mobilinin sözlərinə görə, erməni təbliğat maşınının qarşısına biz ciddi elmi əsaslandırmalarla çıxarmalıyıq. İcma sədri qeyd etdi ki, bu gün Azərbaycan alimləri Qazançı kilsəsinin tarixini dərindən araşdırmalı və ortaya konkret elmi yanaşma qoymalıdır: “Biz ortaya tamamilə elmi cəhətdən əsaslandırılmış faktlar qoymuşuq. Ermənilər bu abidə ilə də bağlı o qədər saxta sənədlər yığıblar ki...Bir faktı da deyim ki, əvvəlllər də ermənilər alban mədəni irsinə qarşı təxribat aparıblar, məbədləri yandırıblar, alban xristian dövrü sənədlərini məhv ediblər. Təsəvvür edin ki, bu məbədin memarlıq quruluşu neçə dəfə dəyişikliyə məruz qalıb. Bu kilsədə ermənilər saxtalaşdırma aparmazdan əvvəl burada ruslara aid də müəyyən elementlər görmək olub. Çünki o zaman bu kilsədə ruslar da ibadət edib, ona görə də, alban kilsəsinin quruluşuna dəyişiklik edərək ora öz elementlərini əlavə ediblər. Sonra kilsə ermənilərin əlinə keçib və burada güclü saxtalaşdırma işinə başlayıblar.
Bu gün isə, dediyim kimi, bu məsələyə birdəfəlik nöqtə qoymaq üçün alimlərin, mütəxəssislərin prosesdə iştirakı lazımdır, onların bu məbədə elmi rəy vermələri vacibdir. Biz bu yolla erməniləri təxribatlardan çəkindirə bilərik, əks halda onlar öz saxta sənədləri ilə iddialarını davam etdirəcəklər”-deyə qeyd edən R.Mobili hesab edir ki, ortaya elmi yanaşma qoyulmalıdır.
R.Mobilinin sözlərinə görə, ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin Şuşaya səfərinin böyük tarixi, siyasi əhəmiyyəti var.
İradə SARIYEVA