“Europamapas” sorğu mərkəzi dünya dövlətləri arasında ən vətənpərvər əhalisi olan ölkələrin siyahısını müəyyən edib. Hazırlanan infoqrafikada Azərbaycan əhalisi öz vətəni uğrunda döyüşməyə hər an hazır olan ölkələr arasında birinci sırada qərarlaşıb. Ancaq sözügedən siyahıda Ermənistanın adı ilk 50 ölkə arasında belə yer almayıb.
Avropanın ortaya qoyduğu bu statistika əslində vətəndaşlarımız üçün heç zaman yad olmayıb. Bunu Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Məlum oldu ki, bu xalq vətəni uğrunda can verməyə hazır olduğu kimi, qan tökməyə də hazırdır. Həmin siyahıda Ermənistanın adının ilk 50 ölkə arasında yer almaması erməniləri bərk qıcıqlandırıb. Ermənistanın teleqram kanalları və KİV-ləri artıq sözügedən məsələ ətrafında vahimə yaradıblar. Öz aciz ideologiyalarını bir daha nümayiş etdirirlər, amma bu, nəyisə dəyişə bilməyib. Otuz il ərzində belə uydurmalarla çıxış edirdilər ki, guya ən vətənpərvər millət ermənilərdir. Guya azərbaycanlılar döyüşmək qabiliyyətinə malik deyil, vuruşmaqdan qorxurlar və s. Ancaq 44 günlük savaş bütün bunların mif olduğunu ortaya qoydu. Bunu dünya ictimaiyyəti də gördü. Bütün dünya gördü ki, ermənilər necə “vətənpərvərdir”.
O baxımdan, məlum dəyərləndirməni ekspertlər necə qiymətləndirir?
“30 ilə yaxın beynəlxalq təşkilatlar istədilər bizi işğala alışdırsınlar, amma buna nail ola bilmədilər”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, sorğunun nəticələri reallığı əks etdirir: “Əslində bu yeni deyil. Ona görə ki, 1989-cu ildə azərbaycanlılar dünyanın ən mübariz xalqı elan olunmuşdu. Aradan 30 il keçəndən sonra dünya bir daha bunu gördü. Azərbaycan xalqı heç bir ölkənin torpağına göz dikməyib, amma öz ərazisini də kiməsə güzəştə getmək fikrində deyil. 30 ilə yaxın, başda ATƏT-in Minsk Qrupu olmaqla, beynəlxalq təşkilatlar istədilər bizi işğala alışdırsınlar, amma buna nail ola bilmədilər. Bir dəfə İrəvanın fəxri vətəndaşı seçilən alman professor gəlib burda tədbir keçirirdi. Deyirdi ki, reallıqla hesablaşıb buna uyğun hərəkət etmək lazımdır. O zaman ona sual verdim ki, rus tankları yenidən hücum edib Berlini tutsa, bu reallıqla barışacaqsınızmı? Yumoristik tərzdə cavabı belə oldu ki, ruslara pul verəcəyik ki, gedin özünüzə ev tikin. Yəni Almaniyaya aid olanda bu cür reallığı qəbul etmirlər, bizə çatanda isə təslimçiliyi təbliğ edirdilər. Almaniya da, Fransa da, digər bir sıra Avropa ölkələri də bu mövqedən çıxış edirdi. Ancaq bunların heç biri ilə xalqımız razılaşmadı, ayağa qalxaraq öz sözünü dedi. Belə olan halda “Europamapas” sorğu mərkəzi real tədqiqatlara söykənərək bu nəticəyə gəlib. Çünki xalqımız öz torpağını qoruyur və onun uğrunda mübarizə aparır. Ermənilər isə tarixən onun-bunun torpağına göz dikiblər. Nəticədə hər zaman pis vəziyyətdə qalıblar. Belə olan halda ermənilərə ən vətənpərvər əhalisi olan ölkələrin siyahısında yer ola bilməz. Olsa da, öncül yerdə ola bilməzlər”.
Professor onu da qeyd etdi ki, artıq heç bir qüvvə Azərbaycana mane ola bilməyəcək.
Vidadi ORDAHALLI