Nikol Paşinyan seçkilərdə qalib gələndən sonra Qarabğdakı erməni separatçılarının qalıqlarının rəhbəri Araik Arutunyanla İrəvanda görüşüb. Görüşlə bağlı nümayiş olunan fotolarda Ermənistanın bayrağının yanında saxta “Artsax”ın əski parçasının olmaması erməni cəmiyyətini hiddətləndirib.
Siyasi analitik Qaqik Ambaryan Ermənistanın daha “Artsax” adında keçmiş qondarma qurumla bağlı əvvəlki davranışlar sərgiləyə bilməməsindən gileylənib. Erməni mediası Ambaryanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan haqqında iddialarını dərc edib. Analitik düşünür ki, kapitulyasiyadan sonra İrəvan Bakının dediyi ilə oturub-durur:
"İyulun 9-da iki xain görüşdü - cəmiyyəti aldadan, 44 gün ərzində Qarabağı Azərbaycana qaytaran Nikol və onun Qarabağ klonu Araik. Yayılan fotolardan belə bir fakt ortaya çıxdı ki, görüş zamanı salonda Qarabağın "bayrağı" asılmayıb. Azərbaycanlılar dövlətin nə olduğunu və onu necə qoruyacaqlarını bilirlər". Ambaryan qeyd edib ki, əslində burada təəccüblü bir şey də yoxdur. Çünki Azərbaycandan Paşinyana xəbərdarlıq olunub ki, "Artsax"dan, yaxud da ümumilikdə Dağlıq Qarabağdan bəhs etməsin. Bu səbəbdən də Ermənistan rəhbəri "təlimat"a uyğun davranmaq məcburiyyətində qalıb:
"Yeri gəlmişkən, Azərbaycanın yeni inzibati ərazi bölgüsü nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Ermənistanı yeni fəlakətlər gözləyir”.
Bu hadisənin Ermənistanda doğurduğu narahatlıqdan hansı nəticəni çıxara bilərik?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Araik Arutunyanın Paşinyanla görüşündə qondarma qurumun əski parçasının olmaması doğrudan da Ermənistanda hiddətə səbəb olub: “Hesab edirəm ki, Ermənistan bu cür addımları düşünərək atır. Gedən danışıqlar prosesində Azərbaycanı qıcıqlandırmaq istəmirlər. Həm də Rusiyanın mövqeyini nəzərə alırlar. Gəlin, bayraq mövzusuna çox da arxayın olmayaq. Görüşdə müzakirə edilən məsələlərdən görünür ki, hər iki tərəf əvvəlki ritorikasından əl çəkməyib. Qondarma “Artsax”ın bayrağını rədd etsələr də, onun statusu ilə bağlı mövqelərini ifadə ediblər. Reallıqda onlar vəziyyəti yaxşı anlayırlar. Bilirlər ki, nəyin bahasına olsa da, Azərbaycan onlara həmin şansı verməyəcək. Biz düşməni diplomatiya sahəsində də diz çökdürməliyik. Ən əsası isə, onların nə etdiyinə fikir vermədən öz planlarımızı həyata keçirməliyik”.
Partiya sədri hesab edir ki, erməniləri hazırda ciddi düşündürən status məsələsidir: “Təbliğatlarını bu yöndə qururlar. Azərbaycan bununla bağlı güzəştin olmayacağını bəyan edib. Bu baxımdan da, ermənilərin bəzi aldadıcı jestlərinə fikir verməməliyik. Əl altdan öz işlərini görürlər. Erməni xislətinə uyğun şəkildə davranırlar. Əminəm ki, düzgün strategiya ilə hərəkət etsək, biz tez bir zamanda Qarabağdakı ermənilərin yaşadığı subyektləri də Azərbaycanın yurisdiksyasına qaytaracağıq”.
Məhəmmədəli QƏRİBLİ