Seçkilər bitsə də, Paşinyan növbəti dəfə danışıqları baltalamaq kontekstində açıqlamalarla çıxış edib. Məsələ ondadır ki, ötən həftə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutunyanla görüş keçirib. Bu, Paşinyanın Ermənistandakı parlament seçkilərindən və Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından sonra Arutunyanla ilk görüşü idi.
Paşinyan həmsöhbətinə hazırkı vəziyyətlə bağlı ətraflı məlumat verib. Bu zaman statusla bağlı növbəti dəfə sərsəmləyib: “Bizim gündəliyimizdə “Artsax”ın statusunun dəqiqləşdirilməsi ən mühüm vəzifə olaraq qalır. Biz deməliyik ki, 9 noyabrdan sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verməklə, faktiki, bu gündəliyi işçi gündəlik kimi irəli sürüblər. Biz də sonrakı hərəkətlərimizi dəqiqləşdirməli, yeni situasiyada müəyyən strategiya qəbul etməli, məqsədlərimizə çatmağın yollarını müəyyənləşdirməliyik”.
Arutunyan da Qarabağın statusu məsələsində ümidini ATƏT-in Minsk Qrupuna bağladığını söyləyib: “Xoşbəxtlikdən, status prinsipi ATƏT-in Minsk Qrupunun gündəliyində müharibədən əvvəl olduğu kimi qalır. Biz bu məsələnin gündəlikdə qalmasına çalışmalıyıq”.
Görünən odur ki, gözləntilərin əksinə olaraq, İrəvan Qarabağ problemində müharibədən əvvəl tutduğu mövqeyə qayıtdığını nümayiş etdirir. Paşinyan Qarabağın “müstəqilliyə gedən yolu” ilə bağlı yeni strategiyanın işlənməsinin vacibliyindən dəm vurur. Erməni tərəfi ATƏT-in Minsk Qrupunun müharibədən əvvəlki mövqeyini davam etdirməsini məmnunluqla qeyd edir.
Nə baş verir? Dəmir yumruğun zərbəsi Ermənistana dərs olmayıbmı? Paşinyan gorbagor olan statusla bağlı cəsarəti hardan alır?
“Nikol həmsədrlərin ikiüzlü mövqeyindən cəsarətlənərək fitnəkarcasına bu məsələni qabardır”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Paşinyanın məlum pozucu xarakterli açıqlamalarına bir neçə kontekstdən yanaşdı: “Paşinyan başda olmaqla, erməni cəmiyyəti zəhərlənmiş bir toplumdur. Gərək bir-iki nəsil getsin ki, bunlar ağıllansınlar. Seçki kampaniyası dönəmində də dedim ki, Paşinyan olmur, kim hakimiyyətə gəlirsə-gəlsin, biz ehtiyatlı olmalıyıq. Çünki bunlar köhnə ritorikalarından və ambisiyalarından əl çəkmirlər. Ona görə də Ermənistan daim təzyiq altında saxlanmalıdır. Yalnız təzyiq altında saxlanıldıqdan sonra onlar geri çəkiləcəklər. Azərbaycan Ordusu öz dədə-baba torpaqlarımıza doğru addım-addım irəli getməlidir. Yəni indiki Ermənistan ərazilərinə doğru biz irəli getməliyik. Belə olan halda ermənilər, onların havadarları güzəştə gedəcək və bizim şərtləri qəbul edəcəklər. Yoxsa biz ehtiyatlı, çəkingən mövqe sərgiləsək, o zaman ermənilər bundan sui-istifadə edəcəklər. Məlum olduğu kimi, Şuşaya həmsədr ölkələrin səfirlərindən heç biri getmədi. Bu bir daha Azərbaycana yönəlik ikili standartların hökm sürdüyünü ortaya qoydu. Avropa Birliyi tərəfdaşlıq çərçivəsində Ermənistana 1,5 milyard avro yardım etməyi nəzərdə tutub. Qarabağda bizim kəndlərimiz, şəhərlərimiz viran qalıb, amma yardım edən yoxdur. Ancaq mövzu Ermənistan olan kimi, hamı hazır dayanıb. Paşinyan həmsədrlərin ikiüzlü mövqeyindən cəsarətlənərək fitnəkarcasına status məsələsini qabardır. Ona görə də ermənilərin bu ritorikası davam edəcəksə, o zaman müharibə qaçılmaz olacaq. Onlar ya bizim şərtləri qəbul etməlidir, ya da yenidən işğalçı tərəfin başını əzməliyik”.
Partiya sədri hesab edir ki, Azərbaycan müharibədə qalib tərəf olduğuna görə bu məsələlərdə daha sərt mövqe sərgiləməlidir.
Vidadi ORDAHALLI