Azərbaycan hökumətinin dəvətilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Bildirilir ki, həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.
Azərbaycan Prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edir.
Maraqlı və qəribədir ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Və onların bu cür qeyri-diplomatik demarşının səbəbləri haqda düşünmək, təxminlər yürütmək lazım gəlir. 3 həmsədr ölkəni təmsil edən diplomatların Şuşa səfərindən imtinası nə ilə bağlıdır?
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib ki, Azərbaycanın mədəni paytaxtı olan və ümumilikdə Cənubi Qafqazın incisi kimi tanınan Şuşa şəhərinə 46 dövlətin nümayəndəsi səfər etsə də, onların arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərin diplomatik təmsilçilərinin olmaması təəssüfləndirici, düşündürücü və qəbuledilməzdir: “Bu yanaşma bir tərəfdən diplomatik etiket qaydalarına ziddirsə, digər tərəfdən ikili standartların qabarıq halı kimi iki qonşu ölkə arasında münasibətlərin tənzimlənməsinə dair bütün səylərə qarşı çıxmaqdır. Demokratik və sivil dünya bu yanaşmanı qəbul edə bilməz".
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağ məsələsi bir-birilə düşmən münasibətdə olan 3 ölkənin fikirlərinin üst-üstə düşdüyü yeganə mövzudur: “Biz 44 günlük müharibədə də gördük ki, onların ermənilərlə bağlı mövqeləri uzlaşır. Həmin səfirlər təcili şəkildə Xarici İşlər Nazirliyinə çağırılmalıdır. Onlara etiraz notası təqdim olunmalıdır. Əslində, bu həmin ölkələr tərəfindən bizə edilən demarşdı. Güya Şuşanı münaqişəli ərazi kimi gördüklərini bəyan edirlər. Bu hadisə bir daha sübut etdi ki, ATƏT-in Minsk Qrupu ölkələri Azərbaycanın yox, Ermənistanın yanındadır. Azərbaycan məhz bu ciddi faktı əlində əsas tutub, Minsk Qrupu formatından rəsmən imtina etməlidir. Həmin qurumu tarixin arxivinə göndərmək zamanı çoxdan çatıb. Həmin ölkələrə yönəlik siyasətimizi bir daha korrektə etməliyik”.
Ekspertin sözlərinə görə, Minsk Qrupunun üç üzvü postmünaqişə dövründəki bu addımları ilə Qarabağın dağlıq hissəsi ilə bağlı məsələləri yenidən qəlizləşdirmək xəttini seçdiklərini ortaya qoydular: “Şuşaya səfər etməməklə ermənilərin revanşist qüvvələrində gələcəyi olmayan ümidlər yaradan diplomatlar, Qarabağın beşiyi sayılan bu şəhər də daxil olmaqla, bölgənin bütün torpaqlarının artıq həqiqi yiyəsinə qayıtdığını unutmamalıdırlar. ABŞ, Rusiya və Fransa həm də onu bilməlidir ki, onların Minsk Qrupunun həmsədrləri kimi həmrəylik nümayiş etdirdikləri bu davranış təmsil etdikləri təşkilatın Azərbaycan ictimaiyyətində olmayan nüfuzunu daha da aşağı saldı və rəsmi Bakının qurumun bundan sonrakı açıqlama və bəyanatlarını kağız parçası sayacağı ehtimalını gücləndirdi”.
Məhəmmədəli QƏRİBLİ