Bildiyimiz kimi, Azərbaycandakı diplomatik korpus nümayəndələri ölkənin qədim mədəniyyət beşiyi, mədəniyyət paytaxtı Şuşaya səfər edib. Bu heyətin tərkibində səfərdə iştirak edənlər arasında Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski də olub. Səfir “Xəyal gerçəkləşir! Qarabağın ürəyi və Azərbaycan xalqının mənəvi paytaxtı olan Şuşa şəhərini ziyarət etdim! Bu, həm Azərbaycanın böyük tarixi və mədəni irsi, həm də azad edilmiş ərazilərin genişmiqyaslı yenidənqurma layihələri ilə ilk tanışlıqdır” – deyə səfər təəssüratlarını tvitter hesabında bölüşüb.
Səfirin statusundan sonra ona qarşı ermənilər tərəfindən təxribatçı hücumlar başlayıb, tənqidi fikirlər tirajlanıb, hücum xarakterli yazılar yazılıb. Metbuat.az xəbər verir ki, səfirə qarşı hücum xarakterli yazılar əsasən ermənipərəst mövqeyi ilə tanınan “İnfoteka24” də yayımlanıb. Bu azmış kimi, sayt hətta Şuşanı “erməni şəhəri” kimi təqdim edib və ABŞ, Rusiya və Fransa səfirlərinin bu səfərə qatılmamasını xüsusi vurğulayıb.
Buna cavab olaraq ingilis politoloq, Ukrayna siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi üzrə mütəxəssis Taras Kuzio tvitter hesabında paylaşım edib. “Ermənilərin Ukraynanın Azərbaycandakı səfirinə hücumu mifik erməni dünyasının reallıqdan uzaq olduğunu göstərir:
1) Prezident Əliyev heç kim tərəfindən “hərbi cinayətkar” elan edilməyib;
2) Ermənistan Azərbaycandan qat-qat daha millətçidir” - deyə ekspert vurğulayıb.
“Səfirin Şuşa təəssüratları ermənilərin indiyə qədər formalaşdırdığı mifləri, xəyalları darmadağın etmək gücündədir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəsləfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, ermənilər əsl həqiqətin bütün dünyaya yayılmasından əndişəyə düşüb və indiyə qədər qurduqları miflər, nağıllar məhv olub. F.Ələkbərli bildirdi ki, Ukrayna səfiri haqlı olaraq Şuşanı Azərbaycanın mənəvi paytaxtı adlandırıb, əlbəttə, bu da erməni saxtakarlığının belini qırır.
“Şübhəsiz, səfirin Şuşaya səfər etməsi, öz düşüncələrini sosial şəbəkə hesabında ifadə etməsi, Şuşa səfəri ilə bağlı xüsusi paylaşım etməsi Azərbaycan-Ukrayna münasibətlərinin inkişafının, daha da yüksəlişinin göstəricisidir. Biz hər zaman bilirik ki, bütün məsələlərdə Azərbaycan Ukraynanı, Ukrayna isə Azərbaycanı dəstəkləyib. Bu gün də Ukrayna-Azərbaycan münasibətləri bütün sahələrdə yüksək səviyyədədir. Əlbəttə, ermənilər və onların arxasında dayananlar isə bundan çox naharatdır. Bu anlamda Ukraynanın ölkəmizdəki səfirinə qarşı belə çirkin kampaniya aparır, qəbuledilməz addımlar atırlar. Ukrayna səfiri nə etdiyini çox yaxşı bilir. Çünki Ukrayna özü də məhz terrorizmdən, separatizmdən əziyyət çəkən bir ölkədir. Bu mənada səfirin, eləcə də bu ölkənin diplomatlarının atdığı addımlar yalnız Azərbaycana dəstək məqsədilə atılmır, eyni zamanda bu onların özlərinə çox vacibdir. Şuşa haqqında paylaşımdan açıq görsənir ki, Ukraynada Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə, Şuşanın azadlığına necə sevgi və səmimiyyətlə yanaşırlar. Dediyim kimi, onlar öz torpaqlarının bütövlüyünü istəyirlər. Bu anlamda Şuşanın, Ağdamın, Füzulinin, Laçının, eləcə də digər şəhər və rayonlarımızın işğaldan azad olunmasına Ukrayna çox səmimi yanaşır, haqlıdırlar”.
F.Ələkbərlinin sözlərinə görə, ermənilərin Ukraynanın ölkəmizdəki səfirinin Şuşa ilə bağlı paylaşımına görə ona qarşı apardıqları tənqid, hücum kampaniyası heç zaman ciddi qəbul edilməməlidir. Ekspert hesab edir ki, ermənilərin illər boyu dünyaya satıqları yalanlar ifşa olunur. “Ukrayna ciddi dövlətdir, bu ölkənin rəhbərliyi də, diplomatları da hansı addımı atacaqlarını çox yaxşı bilirlər. Ukrayna səfiri Şuşanın Azərbaycanın mənəvi paytaxtı olduğunu böyük səmimiyyətlə ifadə edib. Səfirin Şuşa təəssüratları ermənilərin indiyə qədər formaşdırdıqları mifləri, xəyalları darmadağın etmək gücündədir. Bu baxımdan, onlar istər media, istər sosial şəbəkələr üzərindən səfirə qarşı hücumlar təşkil etməklə, az da olsa, özlərinə təskinlik verə bilərlər, bütövlükdə isə heç nəyə nail ola bilməyəcəklər. Ermənilər indiyə qədər Qarabağ, Şuşa haqqında dünyaya çoxlu yalanlar danışıblar, bu kimi səfərlər nəticəsində bu yalanlar, miflər dağılır, həqiqət çılpaqlığı ilə gün işığına çıxır. Ermənilərin nə yazmasından, qışqır-bağır salmağa cəhd etməsindən asılı olmayaraq Ukrayna-Azərbaycan münasibətləri daha da inkişaf edəcək. Azərbaycan böyük ölçüdə öz torpaqlarını işğaldan azad etdiyi kimi, Ukrayna da öz torpaqlarını işğaldan azad edəcək, bizim bu ölkədəki diplomatlarımız da eyni addımı məhz azad olunmuş Ukrayna torpaqlarında atacaqlar, paylaşımlar edəcəklər. Bir sözlə, gələcəkdəki bütün müsbət məsələlər Azərbaycan və Ukrayna ilə bağlıdır, Ermənistanla və onun havadarları ilə bağlı deyil. Bu mənada, ermənilərin və onların havadarlarının “söz güləş”ləri, yaxud hücumları, təxribatları nəticəsiz qalacaq...”-deyə F.Ələkbərli qeyd etdi.
F.Ələkbərli onu da vurğuladı ki, ermənilərin və onların havadarlarının nə etməsindən asılı olmayaraq, həqiqət Azərbaycanın və Ukraynanın tərəfindədir.
İradə SARIYEVA