Ermənistanla Azərbaycan arasında 44 gün davam edən müharibədə ölkəmiz tərəfindən tətbiq edilən hərbi taktikaya dünya miqyasında böyük maraq var. Məhz bu müharibədən sonra dünyada pilotsuz uçan aparatlara böyük maraq yaranıb.
Xatırladaq ki, müharibə ərzində Ermənistan yalnız tanklar, toplar və hava hücumundan müdafiə sistemləri ilə mübarizə apararkən, Azərbaycan daha çox pilotsuz uçuş aparatları, xüsusən də Türkiyə istehsalı olan “Bayraktar TB2” və İsrail istehsalı kamikadze tipli “Harop” PUA-larından istifadə edirdi. Bu PUA-lar düşməni, onun raket batareyalarını, radar sistemlərini hədəf almaq üçün çox faydalı olduqlarını sübut etdilər. Müharibə zamanı istənilən rəqib PUA hücumlarının qarşısını almaqdan məhrum olsa, zirehli maşınlar və ya tanklar açıq hədəfə çevrilir. Vətən müharibəsində bu bir daha təsdiqini tapdı. Həmçinin Azərbaycan AN-2 cütqanadlı təyyarələrdən (“kukuruznik”) istifadə edərək ağıllı taktika tətbiq etdi. Təyyarə birdəfəlik istifadə edilə bilən pilotsuz vasitəyə çevrildi və onu Ermənistanın mövqelərinə doğru göndərdilər, nəticədə düşmən böyük bir təhlükə olduğunu düşündü və radar və raket batareyalarını işə salmaqla mövqelərini aşkar etdi. Bölgəni əhatə edən Azərbaycan PUA-ları, xüsusilə "Harop"lar əraziyə daxil olaraq onları məhv etdi. Demək olar ki, Ermənistanın bölgədəki bütün hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı. Xüsusilə döyüşlər zamanı "Harop" PUA-ları düşmənə məxsus S-300 hava hücumundan müdafiə sistemlərinin və böyük şəhərlərimizə qarşı ciddi təhdid törədən "Skad" operativ taktiki raket komplekslərini məhv etməklə bir daha öz unikallığını təsdiqlədi.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın bu taktikasına da dünyada maraq yüksəkdir. Hər halda, Çin ordusunun addımları bu qənaətə gəlməyə əsas verir. “South China Morning Post” nəşri yazır ki, Çin ordusunun Tayvan adası ətrafında keçirilən hərbi təlimləri zamanı müasir döyüş təyyarələri ilə yanaşı, 4 ədəd J-7 qırıcısının uçuşları müşahidə olunub. Bunlar ötən əsrin 60-cı illərində istehsal olunan ikinci nəsil qırıcılardır və çoxdan Çin ordusunun silahlanmasından çıxarılıb. Bəzi hərbi mənbələr təxmin ediblər ki, J-7 qırıcıları pilotsuz təyyarələrə çevrilib və Çin ordusu onların köməyilə Tayvanın hava hücumundan müdafiə sistemini yoxlamaq istəyir. Təlimlər zamanı iki ədəd çoxməqsədli J-16 qırıcısı, bir Y-8 radioelektron mübarizə təyyarəsi və dörd J-7 qırıcısı Tayvanın hava hücumundan müdafiə sistemlərinin tanıma zonasına daxil olub. Çinin köhnə təyyarələri bu təlimlərdə nə məqsədlə istifadə etdiyi ətrafında suallar meydana çıxıb. Eyni zamanda məlum olub ki, Çin istismardan çıxarılmış minlərlə ikinci nəsil qırıcıları, o cümlədən J-7 qırıcılarını pilotsuz uçan təyyarələrə çevirib. Çin Xalq Azadlıq Ordusuna yaxın mənbə isə “South China Morning Post” nəşrinə təsdiq edib ki, həqiqətən bir neçə J-7 pilotsuz təyyarəyə çevrilib. Çünki onların radarlarda təsviri Tayvan Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan F-16 Amerika qırıcılarının radar təsvirlərinə oxşardır. Sinqapurdakı Racaratnam adına beynəlxalq araşdırmalar Məktəbinin hərbi-hava qüvvələri üzrə analitiki Ben Xo bildirib ki, onun fikrincə, Çin ötən ilin payızında Azərbaycan ordusunun Qarabağda istifadə etdiyi taktikanı öyrənir: “Çin Xalq Azadlıq Ordusu Azərbaycanın istifadə etdiyi bu taktikanı mənimsəsə və J-7 qırıcılarını regionda yarana biləcək fövqəladə situasiyalar zamanı pilotsuz təyyarələr qismində hava hücumundan müdafiə sistemləri üçün tələ kimi istifadə etsə düzgün hərəkət etmiş olacaq”.
Çinlə yanaşı, bir çox Qərb ölkələri üçün də Azərbaycanın döyüş taktikası uğurlu təcrübə sayılır. Avropalı ekspert Qustav Qressel bildirir ki, Qarabağdakı müharibənin yekunları texnologiya məsələlərindən daha dərindir və Avropanın özünü necə müdafiə edə biləcəyinə dair aydın dərslər verir: “Azərbaycan ağıllı taktika və dronlar sayəsində üstünlük əldə etməyə müvəffəq oldu. Pilotsuz təyyarələr hədəf və ehtiyatları müəyyən etdikdən sonra ermənilərin müdafiəsi artilleriya atəşilə zəiflədilirdi. Bunun ardınca təcrid olunmuş hala gətirilən mövqelərə doğru Azərbaycan ordusu irəliləyirdi. Bu taktika dağlıq bölgədə də effektiv olduğunu nümayiş etdirdi. Avropa bu münaqişənin hərbi dərslərinə diqqət yetirməli və bunu kiçik ölkələr arasında kiçikmiqyaslı müharibə kimi qiymətləndirməməlidir. Çünki Fransa və Almaniyadan başqa, kiçik və orta ölçülü Avropa ölkələrinin çoxu Ermənistan kimi müasir döyüş dronlarına qarşı effektiv müdafiə sistemlərinə malik deyil. Bu onları düşündürməli və narahat etməlidir".
Dünya miqyasında etiraf olunur ki, döyüş əməliyyatları zamanı müasir silahlardan, xüsusən də pilotsuz təyyarələrdən, aviasiyadan, yüksək dəqiqliklə hədəfi məhv etmə vasitələrindən Azərbaycan çox uğurla istifadə edib. Həmin silahlardan bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Xüsusən də bura Azərbaycan Ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini məhv etmək, ardınca onun zirehli maşınlarını, yüksək səviyyədə qorunan hədəflərini və canlı qüvvəni sıradan çıxarmaq üçün pilotsuz təyyarələrdən kütləvi istifadəsinə yönəlik taktikası olduqca maraq doğurur.
Nahid SALAYEV