Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ötən ay parlament seçkilərində qalib gələndən sonra ilk xarici səfərini Rusiyaya etdi. Paşinyanın bu səfəri bir sıra suallar doğurdu.
Rusiyalı ermənipərəst analitik, Qafqaz üzrə mütəxəssis Stanislav Tarasov səfərlə bağlı bir sıra maraqlı məqamlara toxunub. Tarasovun Paşinyanın Qarabağ torpağına ayaq basa bilməyəcəyi barədə fikirləri də diqqət çəkib: “Düşünürəm ki, Paşinyan bir daha Stepanakertə (Xankəndi) getməyəcək. Bura Rusiya sülhməramlılarının nəzarətində olan zonadır. İndi əsas məsələ Dağlıq Qarabağın statusunun necə həll ediləcəyidir. Moskva hesab edir ki, hazırda status məsələsini müzakirə etməyin vaxtı deyil. Paşinyan tamamilə dalana dirənib. Əsas məsələ budur ki, ATƏT-in Minsk Qrupu səviyyəsində danışıqları bərpa etmək cəhdlərinin uğurla başa çatmadığını görürük. Problem ondadır ki, Paşinyan bütün danışıqlar prosesini şəxsən özü uğursuzluğa düçar etdi. Danışıqları ləğv etdi. İndi isə Putinin bərpa edəcəyini düşünür. Ancaq nə Putin, nə də fransızlar danışıqları bərpa edər. Azərbaycan Prezidentinin isə buna ehtiyacı yoxdur”.
Ermənistan rəhbərinin hansı səbəbdən Xankəndiyə ayaq basa bilməyəcəyi ilə bağlı sualı Tarasov belə cavablandırıb: “İrəvan 10 noyabrda bəyanatı imzalayandan bir neçə gün sonra Putin Ermənistanın özünün belə Dağlıq Qarabağın müstəqilliyini tanımadığını söyləmişdi. O bunu təsadüfən demədi. Tanınmamış "dövlət" Azərbaycan ərazisidir. Paşinyan ora razılaşdırılmış qaydada getməlidir. Xüsusən də sülh sazişi imzalayırsa, bu səfəri Azərbaycanın icazəsi ilə etməlidir. ATƏT-in Minsk Qrupu ilə bağlı prosesdə Qarabağın müvəqqəti statusu barədə ideya var idi. Lakin 10 noyabr bəyanatı ilə bu da ləğv olunub. Erməni diplomatiyası tərəfindən böyük səhvlərə yol verildi və bütün istiqamətlər dalana dirəndi”.
Görünən odur ki, Paşinyan işğaldan əvvəlki dövrlərdə olduğu kimi Qarabağa qanunsuz səfər edə bilməyəcək. Hətta ermənipərəst Rusiya ekspertlərinin bunu etitaf etməsi maraqlı məqamdır.
“Paşinyan belə bir addım atsa, o zaman Rusiya buna görə cavab verməli olacaq”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Paşinyanın Qarabağa icazəsiz səfərlərinin qarşısının alınması bir sıra məsələlərdən irəli gəlir: “Tarasov kimi həmişə ermənilərin mövqeyindən çıxış edən bir şəxsin bunu deməsi təsadüfi deyil. Əvvəla, nəzərə almaq lazımdır ki, situasiya əvvəlki dövrlə müqayisəolunmaz dərəcədə dəyişib. Uğurlu 44 günlük döyüşlər nəticəsində ətraf 7 rayon Azərbaycanın nəzarətinə keçib. Eyni zamanda, Dağlıq Qarabağın böyük hissəsi işğaldan azad edilib. Əvvəllər Paşinyan və Ermənistana rəhbərlik edənlər helikopterlərlə Qarabağa gəlirdilər. Laçın və Kəlbəcər azad ediləndən sonra Ermənistanın əlindən bu imkan çıxıb. Hava sahəsi tamamilə bizim nəzarətimizdədir. Digər tərəfdən, əvvəllər bu cür icazəsiz səfərlərə görə məsuliyyəti yalnız Ermənistan daşıyırdı. Ermənistan da, məlum olduğu kimi, beynəlxalq hüquqa məhəl qoymurdu. İndi isə situasiya fərqlidir. Fərq ondan ibarətdir ki, Rusiya sülhməramlıları bölgədə fəaliyyət göstərir. Paşinyan belə bir addım atsa, o zaman Rusiya buna görə cavab verməli olacaq. Bu isə Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. 10 noyabr razılaşmasının memarı olan Putin isə bunu istəmir. Çünki bu, tərəflər arasında Rusiyanın vasitəçilik missiyasına zərbə vuracaq. Ona görə də bir vaxtlar Paşinyanın Qarabağa etdiyi qanunsuz səfərlər də gorbagor oldu”.
Partiya sədri hesab edir ki, Ermənistanın digər rəsmilərinin də Qarabağa qanunsuz gediş-gəlişi dayandırılmalıdır.
Vidadi ORDAHALLI