Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Qarabağdakı separatçı tör-töküntülərinin başçısı Araik Arutyunyanı İrəvanda qəbul edib. Bu haqda erməni mediası məlumat yayıb. Görüş zamanı Araik Arutunyan maraqlı etiraf edib:
“Bildirmək istərdim ki, bu gün Qarabağdakı problemlər sosial-iqtisadi baxımdan həll olunur. Ermənistan hökumətinin həyata keçirdiyi sosial proqramlar Qarabağı birmənalı olaraq şok vəziyyətindən çıxardı. Bugünkü sosial siyasətimiz bizə diqqət mərkəzində olmayacaq bir ailə qalmadığını əminliklə bildirməyə imkan verir. Və bütün bunlar birmənalı olaraq yalnız Ermənistan hökumətinin verdiyi pullar hesabınadır. “Hayastan” Ümumerməni Fondunun topladığı pulların artıq mənzil tikintisi və infrastrukturun inkişafına xərclənməsinə başlanıb. Qarabağ bu gün böyük bir inşaat meydanıdır. Proqramlar, ilk növbədə, əsas vəzifəmiz olan mənzil tikintisi davam etdirilməlidir”.
Araik Arutunyanın bu səmimi etirafından hansı nəticəni çıxara bilərik?
“Rusiya sülhməramlı kontingentinin rəhbərliyi təcili şəkildə Araikin bu açıqlamasına münasibət bildirməlidir”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın baş verənlərdən yenə lazımi dərs götürmədiyi aydın olur: “Separatçıların rəhbəri etiraf edir ki, Qarabağın ermənilər yaşayan hissəsində Ermənistan hökumətinin maliyyə dəstəyilə layihələr icra olunur. Bu tam qanunsuz addımdır. Çünki Ermənistanın belə haqqı yoxdur. Uzun müddət ərazilərimizi işğal edən Ermənistan 44 günlük müharibənin nəticələrinə görə həmin ərazilərdən qovuldu. Müharibə elə-belə dayanmadı. Ermənistan ərazilərimizdən birdəfəlik rədd olacağı ilə bağlı öhdəlik götürdü. Biz Qarabağda yaşayan erməniləri ordan qovmuruq. Azərbaycan vətəndaşları kimi onların hüquqlarını bərpa etməyə hazırıq. Ermənistan buna imkan vermir. Yenə də bölgədə təxribat toxumu səpir. Qalıcı sülhün bərqərar olmasına imkan vermir. Buna nəzarəti Rusiya sülhməramlıları etməlidir. Onların gözünün qabağlında Ermənistan Qarabağda quruculuq, bərpa işləri aparırsa, deməli, missiya obyektiv fəaliyyətdə deyil. Rusiya sülhməramlı kontingentinin rəhbərliyi təcili şəkildə Araikin bu açıqlamasına münasibət bildirməlidir. Azərbaycan erməni vətəndaşları üçün də Qarabağda istənilən layihəni icra etməyə hazırdır. Ermənistan belə qeyri-konstruktivliyi davam etdirəcəksə, daha ağır zərbələr alacaq və rəzil vəziyyətlə üzləşəcək”.
Məhəmmədəli QƏRİBLİ