Qondarma “Artsax Respublikası”nın “kadastr və dövlət əmlakının idarə edilməsi komitəsi” “hökumət”ə aid avtomobillərin satışı üçün tender elan edib. Yayılan məlumata görə, martın 5-dək olan müddətə satış üçün 9 bahalı avtomobil çıxarılacaq. Avtomobillərin qiyməti 11.7-25.2 milyon dram arasında dəyişir.
Start qiyməti 1.985 milyon dram olan və qondarma “respublika”nın “daxili işlər nazirliyi”nə aid daha 5 avtomobil isə martın 3-də satışa çıxarılacaq.
Qondarma “respublika”nın “prezident aparatı”nın rəhbəri Artak Beqlaryan bildirib ki, avromobillərin auksionla satılmasında məqsəd daha baha qiymətə satmaqdır. Satışdan əldə olunan pullar isə “dövlət büdcəsi”nə yönləndiriləcək.
Maraqlıdır, Qarabağdakı qondarma rejim başçıları bahalı xidməti avtomobillərini nə səbəbdən satışa çıxarırlar?
“...ölkəni tərk edərkən əllərində pul olsun deyə, xidməti avtomobilləri belə satışa çıxarırlar”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Qarabağdakı qondarma rejim başçıları görüntü yaratmaq istəyirlər: “Onların bahalı xidməti avtomobilləri satışa çıxarmaqda məqsədi odur ki, guya onların orada “dövlət”i, şəraitləri var. Ancaq reallığı bütün dünya, o cümlədən, özləri də başa düşürlər ki, onların ömrünə çox az qalıb. Ermənilər etdikləri vəhşiliklərə görə məhkəmə qarşısına çıxacaqlarını yaxşı bilirlər. Hərbi canilər də məhkəmə qarşısına çıxmaqdan qaçırlar. Bu səbəbdən də onlar əllərindəki qiymətli əmlakları pula çevirmək istəyirlər. Günün birində onlar ölkəni tərk edərkən əllərində pul olsun deyə, xidməti avtomobilləri belə satışa çıxarırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qaçmaq erməni xislətinə xasdır: “Onlar hər zaman etdikləri əməllərə görə cavab verməkdən qorxduqları üçün gizlənməyə üstünlük veriblər. Ermənilər yaxşı bilirlər ki, günahsız insanların ölümünə, tarixi abidələri məhv etdiklərinə görə məhkəmədə cavab verməli olacaqlar. Məsuliyyətdən qaçmaq üçün onlar əllərində olan bahalı əşyaları, avtomobilləri öz qiymətindən ucuz satırlar”.
Günel CƏLİLOVA