"Dostluq" sazişinin Xəzərin dibinin bölünməsi üzrə dialoqun sonrakı gedişatına təsir gücü... İdeyanı Prezident İlham Əliyev formulə etdi…

img

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. İstər əcnəbi, istərsə də yerli ekspertlərin fikrincə, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Reallıq isə odur ki, sənəd, həmçinin, Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Prezident Ilham Əliyev də bu münasibətlə etdiyi çıxışında bildirdi ki, “Dostluq” sazişi Xəzərin dibinin bölünməsi üzrə dialoq və əməkdaşlığın möhkəmlənməsinə də xidmət edəcək.

“Razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib”

İqtisadçı ekspert Günay Hüseynova qəzetimizə bildirdi ki,  Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib: “Bu çərçivədə Azərbaycanla Qazaxıstan Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş və Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında saziş imzalanmasına nail olunub. Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olunub ki, bu da, öz növbəsində, bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib”.

Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdıhəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həllinə etibarlı zəmin yaradıb. Nəticədə “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb: “Hesab edirəm ki, əldə olunan bu razılaşma bütün sahələrə öz müsbət töhfəsini verəcək. Ən əsası da, Xəzərin dibinin bölünməsi üzrə gələcək əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcək”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər