Qondarma "Artsax”ın liderinin Ermənistan Təhlükəsizlik Şurasında iştirakı mütəmadi şəkil alır...

img

Xankəndidəki separatçıların lideri Araik Arutyunyan İrəvana gedərək Ermənistanda Təhlükəsizlik Şurasının iclasında iştirak edib. İrəvanda Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasının keçirilməsini hökumət mənbələri də təsdiqləyib. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib ki, Baş nazir Nikol Paşinyan gələcəkdə bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, “fəaliyyətlərinin koordinasiya edilməsi” üçün belə görüşlərə ehtiyac var.

Paşinyan, həmçinin, separatçı Arutyunyanın iclasda iştirak səbəbini məlumat mübadiləsi adandırıb. Bildirib ki, gələcəkdə fəaliyyətlərin strateji və taktiki planlaşdırılması konteksində bu vacib addımdır.

Qeyd edək ki, Araik Arutunyan əldə olunan 3 tərəfli razılaşmadan sonra artıq neçənci dəfədir ki, Paşinyanın keçirdiyi Təhlükəsizlik Şurasının iclaslarında iştirak edir. Bununla Paşinyan hansı mesajı vermək istəyir?

“ Əgər Araikin bu cür sərbəst gediş-gəlişinə mane olunmasa, bizim özümüz tədbir görməliyik”

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyətinin bu cəhdləri geniş publikanı nəyəsə inandırmağa hesablanıb: “Araik Arutyunyan əvvəl də saxta bir status daşıyırdı. Ancaq onun əlində işğal altında olan xeyli ərazi vardı. 44 günlük müharibədən sonra həmin ərazilərdən də məhrum olan Araik hazırda tam oyuncaq bir vəziyyətdədir. Ermənistan hakimiyyəti itirdiklərini heç cür kompensasiya edə bilmir. Bu səbəbdən də, müəyyən ucuz şoular yaratmaqla daxili və xarici ictimai rəyi məşğul etməyə çalışır. Paşinyanın  qondarma “dqr”in separatçı “rəhbəri” Araik Arutyunyanın iştirakı ilə İrəvanda Təhlükəsizlik Şurasının iclasını keçirməsinin başlıca səbəblərindən biri də  “dqr”in varlığının guya qorunduğunu  göstərmək cəhdidir. Araik Arutyunyan Azərbaycana qarşı terror hadisələri törədib və bunu açıq etiraf edib. Onun belə sərbəst hərəkət edə bilməsinin bir səbəbi də rus sülhməramlıları ilə bağlıdır. Çünki Araik İrəvana rus sülhməramlılarının nəzarətində olan “Laçın dəhlizi” vasitəsilə gedir. Niyə ona bu icazə verilir?  Hesab edirəm ki, Azərbaycanın rəsmi dairələri bu məsələni Rusiya qarşısında mütləq qaldırmalıdır. Biz yalnız Ermənistan rəsmilərinin Qarabağa gediş-gəlişinə deyil, həm də terrorçuların “Laçın dəhlizi”indən sərbəst hərəkətinə etiraz edirik.  Əgər Araikin bu cür sərbəst gediş-gəlişinə mane olunmasa, bizim özümüz tədbir görməliyik”.

Ekspertin sözlərinə görə, bura əməliyyat keçirərək onun tutulub Azərbaycan hüquq-mühafizə orqanlarına verilməsini də aid etmək lazımdır.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər