Rus analitikdən ermənilərə məntiqli cavab - Azərbaycan məğlub vəziyyətdə ermənilərin status iddiasını saymadı, indiki tam qalib dövrdə...

Mübariz Əhmədoğlu: “Nəinki Tarasovun, digər ermənipərəst ekspertlərin də Qarabağla bağlı fikirlərində dəyişikliklər var”

img

Hətta ermənipərəst Rusiya ekspertləri də bəyan edirlər ki, Qarabağın status məsələsi Rusiya üçün elə də önəmli deyil. Azərbaycan isə əvvəlki statusa heç vaxt razılıq verməz.

“Reqnum” agentliyinin köşə yazarı Stanislav Tarasov qeyd edib ki, Qarabağın statusu məsələsi Moskva üçün prinsipial məsələ deyil: “Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündə heç bir şifahi razılaşma olmayıb. Erməni cəmiyyətinin narahatlıqlarından xəbərdaram, kapitulyasiya aktı imzalanmayıb. Moskvada kommunikasiya dəhlizlərinin açılması barədə söhbət olub. Azərbaycan üçün bu, faydalıdır, Ermənistan bundan üstünlüklər qazanmalıdır, hiss etməlidir ki, bu, iqtisadi inkişaf imkanları verir. Qarabağın statusu məsələsinə gəldikdə isə, bu, Moskva üçün prinsipial məsələ deyil, Azərbaycan üçün isə bənzər məsələ yoxdur. Digər tərəfdən, Azərbaycan 1994-cü ildə müharibədə məğlub oldu, amma ermənilərin istədiyi statusa razı olmadı. İndi qalib tərəf olaraq buna razı olarmı?”.

Göründüyü kimi, zaman-zaman ermənilərin tərəfini saxlayan bəzi Rusiya ekspertləri belə, bəzi reallıqları qəbul edirlər. Anlayırlar ki, Azərbaycan güclü olduğu üçün status məsələsini qəbul etməyəcək.

  • “Anlayır ki, regionun aparıcı dövləti Azərbaycandır və status məsələsində güzəştə getməyəcək”

Məsələyə münasibət bildirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, bütün bunlar təsadüfü deyil: “Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu cür müsbət meyllər özünü göstərir. Yəni ölkə rəhbərliyi bu məsələlərlə bağlı işləyir. Nəinki Tarasovun, digər ermənipərəst ekspertlərin də Qarabağla bağlı fikirlərində dəyişikliklər var. Məsələn, Konstantin Zatulin ermənidən artıq ermənipərəstdir. Erməni rusu söyən də o da onlara qoşulub. Daim erməniləri müdafiə edən Zatulin belə, arada fərqli mövqe sərgiləyir. Bu günlərdə MDB işləri üzrə komissiyanın sədr müavini olan həmin Zatulin açıqlamasında bildirdi ki, Moskva Azərbaycanın Ermənistana qarşı müharibəsində maraqlı olub. Bu o deməkdir ki, Kreml separatçı bölgənin sıradan çıxmasında maraqlı olub. Zatulin bunu deyirsə, deməli, bu, təsadüfi deyil. Deməli, ermənipərəst rus ekspertlərinin mövqeyini dəyişdirənlər var. Bir məqamı nəzərə almaq lazımdır ki, S.Tarasov Yaxın Şərqi, Cənubi Qafqazı yaxşı tanıyır və mövcud reallıqları da anlayır. O, Bakı Dövlət Universitetini bitirib və Azərbaycanın çörəyini yesə də, ölkəmizin əleyhinə olub. İndi o belə, reallıqları qəbul etmək məcburiyyətində qalıb. Anlayır ki, regionun aparıcı dövləti Azərbaycandır. Azərbaycan status məsələsində güzəştə getməyəcək. Başqa bir tərəfdən, Rusiya Qarabağa üstün status verilməsində maraqlı olsa, sabah bu, sözügedən ölkənin ziyanına işləyəcək. Rusiyada sayı milyonlarla olan digər xalqlar yaşayır. Belə olan halda, ortalığa sual çıxır. Necə olur ki, Dağlıq Qarabağda sayı heç 100 min olmayan erməniyə status istənilir, amma sayı milyonlarla digər xalqlara bu verilmir? Ona görə də bu məsələ Rusiya üçün ciddi problem yaradacaq deyə, status məsələsinə ehtiyatlı yanaşırlar”.

Politoloq hesab edir ki, Azərbaycanın güclü olması bir sıra reallıqları tam dəyişəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər