Azərbaycan ordusu yaşayış məntəqələrini atəşə tutan Ermənistana məxsus hərbi texnikanın məhvi istiqamətində müvafiq addımlar atmaqdadır. Elə bu günlərdə Azərbaycan ordusunun Vardenisdə start mövqeyinə çıxarılan və Azərbaycan şəhərlərini hədəfə alan zenit-raket kompleksini məhv etməsi bunun daha bir real sübutu oldu.
Bu hadisənin ardınca artıq Ermənistandan Rusiyaya çoxsaylı müraciətlər edilir. Ermənistan və erməni lobbisi baş verənləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvünə hücum kimi qələmə verməyə, Rusiyanın adekvat addımlar atmasının zəruri olduğunu iddia etməyə başlayıb. Amma düşmənin indiyə qədər bu yöndə cəhdləri hansısa nəticə verməyib.
Bununla bağlı Ermənistanın “politik.am” nəşri yazır ki, Azərbaycanın bu addımından sonra, ən azı güman olunan idi ki, təhlükəsizlik məsələlərinə görə cavabdeh olan KTMT nəhayət regional hərbi-siyasi birlik olaraq nəsə edəcək: “Lakin məlum olur ki, bənzər gözləntiyə malik olan bizlər ümidsiz idealistlər hesab edilirik. Məsələn, NATO üzvü olan hansısa bir ölkənin ərazisinə zərbə olsaydı, ittifaqın adekvat cavab verməsi üçün neçə dəqiqə tələb olunacağını təsəvvür etmək çətindir. Kremlin mətbuat katibi Dmitri Peskov KTMT-nin və xüsusən Rusiyanın artıq biabırçı vəziyyətə düşən heç nə etməmək kimi ağır atmosferini dağıtmağa çalışdı. Lakin səssiz qalsaydı daha yaxşı olardı, çünki, ən azından, bu məsələ üzrə səssiz qalmaq halında ağıllı insan təəssüratı yaranardı. Beləliklə, Peskov nə az, nə çox, həqiqətə nə qədər uyğun olub-olmadığına əmin olmaq üçün Azərbaycanın Ermənistan ərazisinə zərbə vurmaq barədə etiraf ifadəsini hərbçilərin yoxlamasına qədər gözləməyə çağırıb. Yəni təxminən belə: qatil polisə gedir və polisdə artıq çoxdan məlum olan qətl haqqında etiraf ifadəsi verir, ona inanmırlar və deyirlər ki, get evə, biz sənin sözlərinin gerçəkliyini yoxlayacağıq. Bu isə həm də sağlam düşüncə hüdudlarından kənar yanaşmadır. Lakin, necə deyərlər, gələcək üçün nəzərdə tutmağı bir kənara qoyub, ritorik olsa da, sadə bir sual verək: bəs hələ nə qədər Moskva müşahidəçi rolunda qalacaq, hələ nə qədər Moskva “üzünə tüpürməyi yağış” hesab edəcək? Və məgər artıq ABŞ-ın İsrail üçün olduğu kimi Rusiyanın timsalında müttəfiqə, özü də strateji müttəfiqə sahib olmadığımızı başa düşməyin zamanı deyil? Bunlar hazırkı müharibəmizin qələbə ilə başa çatmasından sonra müzakirədə olmalı olan suallardır”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə start mövqeyinə çıxarılan və Azərbaycan şəhərlərini hədəfə alan zenit-raket kompleksinin məhv edilməsi məsələsinə yenidən toxunub: “Rusiya hərbçiləri oktyabrın 14-də Ermənistandakı hərbi obyektlərdən birinin məhv edilməsi barədə çıxan məlumatları yoxlayır”. Kremlin sözçüsü qeyd edib ki, Rusiya hərbi idarələri bu məlumatları yoxlayır və Ermənistan və Azərbaycandakı həmkarlarla daim əlaqə saxlanır. Bu məlumat təsdiqlənərsə, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizmlərinin bu halda qüvvəyə minib-minməyəcəyi sualına D.Peskov "təhlilin nəticələrini gözləyək" deyə cavab verib. Lakin hesab edilir ki, Rusiya bu məsələdə neytrallığını qorumaqda davam edəcək. Bu da Ermənistanın KTMT ümidlərinin alt-üst olması deməkdir. Elə rusiyalı politoloq Qriqori Trofimçuk da məsələyə eyni prizmadan yanaşır: “Rusiya tərəfi ən yüksək rəsmi səviyyədə Dağlıq Qarabağın KTMT-nin birbaşa səlahiyyət dairəsinə daxil olmadığını, başqa sözlə, Rusiyanın indi Qarabağda baş verənlərə müdaxilə etməyəcəyini bəyan etdi. Çünki Moskva Qarabağın Ermənistan olmadığını bilir. Rusiyalı ekspertlər, o cümlədən də mən bu barədə erməni müşahidəçilərlə danışanda dərhal qarşı tərəfdən lənətlənirdik. Ancaq Rusiya prezidenti eyni sözləri söyləyəndə, nədənsə, o lənətləri onun ünvanına qışqırmağa cürət etmədilər. Problem ondadır ki, dəfələrlə KTMT-nin fəaliyyətinə təsir göstərməyə çalışan, məsələn, baş katib Xaçaturovun həbsi yolu ilə bu blokun işini korlayan Nikol Paşinyan bununla kifayətlənməyəcək. KTMT hərbi blok olduğundan cavab da eyni şəkildə gələ bilər. Daha dəqiqi, Gümrüdəki Rusiya hərbi bazasına istiqamətlənə bilər. Paşinyan və tərəfdarları hələ hakimiyyətdə olmadığı zaman bu obyektin Ermənistan ərazisində yerləşməsi faktını olduqca açıq şəkildə şərh edirdilər. Sadə dillə desək, bu vəziyyətə qarşı çıxırdılar”.
Politoloq bildirib ki, bütün ziddiyyətlərin daha da kəskinləşdiyi dövrdə Ermənistan daxilində hansısa ictimai-siyasi xadimlərə 102-ci bazanı “hədəfə almaq” komandası veriləcəyinə hazır olmalıyıq: “Üstəlik, Paşinyanın ölkənin əsas kreslosuna gedən yolunun Gümrüdən, Rusiyanın hərbi bazasının hasarı altından başladığını da unutmaq olmaz. İndi Paşinyandan hər şeyi gözləmək olar. Hər şeydən əvvəl də erməni hökumətinin nöqteyi-nəzərindən tamamilə faydasız olduğu deyiləcək rusiyalı hərbçilərə qarşı”.
Samirə SƏFƏROVA