20/10/2020 13:25
728 x 90

Dəfn mərasiminin topla vurulması - Ermənistanın davranışlarında hərbi və bəşəri cinayətlər davamlı xarakter alır...

Ənvər Çingizoğlu: “İşğalçı Ermənistanın silahlı birləşmələrinin dəfn zamanı Tərtər qəbiristanlığını atəşə tutması insanlığa, bəşəriyyətə qarşı böyük cinayətdir”

img

Ermənistanın Azərbaycana qarşı terror aktları intensiv olaraq davam edir. Cəbhədəki uğursuzluğunu ört-basdır etməyə çalışan düşmən Ermənistan hökuməti, cani Paşinyan “heyfi”ni mülki əhalidən çıxır. Azərbaycan Ordusu qarşısında aciz duruma düşən Paşinyanın əmrilə terrorçu, işğalçı erməni silahlı birləşmələri Azərbaycanın kəndlərini, şəhərlərini müxtəlif iriçaplı silahlardan, raket və toplardan atəşə tutur. Mülki əhali ilə savaş aparan Paşinyan hökuməti yenidən qəbiristanlıqlarımızı atəşə tutub və düşmənin həyata keçirdiyi terror zamanı bir neçə vətəndaşımız həlak olub və yaralanıb.

 

Məlum olduğu kimi, oktyabrın 15-də, gündüz  saat 13 radələrində düşmənin silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən həmin ərazini qəsdən ağır artilleriyadan intensiv atəşə tutub.

 

Baş Prokurorluqdan mətbuata daxil olan məlumata görə, nəticədə həmin zaman orada olan şəhər sakinləri: 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

  • “...beynəlxalq tribunal tərəfindən qiymət verilməlidir”

Ermənistanın bu davranışının bəşəriyyət əleyhinə törədilən bir cinayət olduğunu deyən tarixçi-etnoqraf Ənvər Çingizoğlunun sözlərinə görə, terrorçu Ermənistan üçün müqəddəs heç nə yoxdur. Qəbiristanlıqlarımızın bizim üçün müqəddəs yer olduğunu xatırladan Ə.Çingizoğlunun sözlərinə görə, hələ bəşər tarixində heç bir dövlət başqa dövlətin ərazisində məzarlıqları atəşə tutmayıb, təbii ki, faşistlər və njdeizm, faşizm, nasizmlə “silahlanan” ermənilərdən başqa. “Təəssüf ki, biz çox namərd bir düşmənlə üz-üzəyik. Düşmənin də mərdi və namərdi olur. Mərd düşmən odur ki, səninlə üzbəüz cəbhədə vuruşur, namərd düşmən isə cəbhədə sənin qarşına çıxa bilmir, sənə arxadan zərbə vurur. Biz bunu əyani şəkildə terrorçu düşmən Ermənistanın timsalında görürük. Biz görürük, bu azdır, dünyanın da bunu görməsi vacibdir. Ermənistan o qədər təhlükəli ölkədir ki, o nəinki bu gün Azərbaycanda, eləcə də dünyanın istənilən ölkəsində terror törədə bilər. Zaman-zaman da erməni terror təşkilatları belə terror aktlarını müxtəlif dövlətlərin ərazisində həyata keçiriblər.

İşğalçı Ermənistanın silahlı birləşmələrinin, terrorçu qruplarının dəfn zamanı Tərtər qəbiristanlığını atəşə tutması insanlığa, bəşəriyyətə qarşı böyük cinayətdir. Ermənistanın bu cinayətlərinə beynəlxalq hüquq müstəvisində, beynəlxalq tribunal tərəfindən qiymət verilməlidir. Amma beynəlxalq aidiyyəti qurumlar bu məsələdə çox gecikiblər. Cəbhədə müharibə gedir, şanlı ordumuz düşmənin terrorçu qruplarını, silahlı birləşmələrini darmadağın edir, Ermənistan isə ön cəbhədəki uğursuzluğunu gizlətmək üçün Azərbaycanın mülki əhalisinə qarşı terror törədir. Ermənistanın terror hərəkətlərinə qarşı beynəlxaq təşkilatlar, beynəlxalq aləm seyrçi olmamalı, nəhayət ki, bu ölkəyə qarşı cəza tədbirləri görməlidir. Azərbaycan Ordusunun hədəfi dinc ermənilər deyil, amma Ermənistanın işğalçı, terrorçu silahlı birləşmələrinin hədəfi Azərbaycan xalqıdır, mülki əhalimizdir” - deyə Ə.Çingizoğlu qeyd etdi.

O, həmçinin, vurğuladı ki, sentyabrın 27-dən bəri Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bütün terror hadisələri haqqında olan məlumatlar, faktlar, sənədlər müxtəlif beynəlxalq təşkilatlara intensiv olaraq göndərilməli, bu məsələ beynəlxalq sənədlərə salınmalıdır.

İradə SARIYEVA

Son xəbərlər