“Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi”. Bunu Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq: “Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk Qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük”.
Məlum olduğu kimi, cəbhədə eskalasiya başlayan ilk günlərdə Fransa Prezidenti Azərbaycana yönəlik ədalətli mövqe sərgiləmədi. Heç bir dəlil-sübut olmadan Azərbaycana yönəlik ittihamlar səsləndirdi. İddia etdi ki, guya Suriyadan 300 terrorçu Azərbaycanın köməyinə gəlib və s. Ancaq Prezidentin açıqlamasından belə görünür ki, Fransanın Azərbaycana yönəlik münasibətində müsbət meyllər var və rəsmi Paris həmsədr ölkə kimi məsuliyyətini dərk etməyə başlayıb. Bütün hallarda, Prezidentin Makronla bağlı “bizim sonuncu söhbətimiz çox müsbət idi” fikri nə deməkdir?
“Makron seçkilərdə erməni əsilli seçicilərin səsini alsın deyə, məsələyə bu cür maksimalist yanaşmaq olmaz”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bütün bunlar ondan xəbər verir ki, Fransa müəyyən qədər aşırı ermənipərəst mövqeyinə yenidən baxır: “Əvvəla Azərbaycan Ordusunun belə uğurlu əks-hücum əməliyyatlarını Fransa gözləmirdi. Onlar elə bilirdilər ki, Azərbaycan buna cəsarət etməyəcək. Sonra isə Prezident Makron ermənilərə xoş olsun deyə hərbi əməliyyatlara mane olmağa cəhd etdi. Bunun mümkün olmadığını gördükdə isə Suriya terrorçuları məsələsini ortaya atdı. Bundan da bir nəticə çıxmadı. Çünki ortada heç bir sübut yox idi. Eyni zamanda, bir neçə dəfə Prezident İlham Əliyevə zəng vurdu. Ancaq Azərbaycanın işğal olunmuş ərazilərin azad olunmasında qərarlı olduğunu görüb mövqeyini yumşaltdı. Məsələ ondadır ki, Makron bir az da irəli getsəydi, o zaman Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması aktuallaşacaqdı. Ən azından, belə mövqe Fransanın həmsədr mandatına tamamilə ziddir. Təsadüfi deyil ki, Fransa Xarici İşlər naziri bir qrup ermənipərəst deputatın separatçı qurumun tanınması ilə bağlı çağırışını rədd etdi. Anladılar ki, proseslərə bu cür yanaşma Fransa kimi aparıcı Avropa dövlətinin imicinə ciddi kölgə salır. Makron seçkilərdə erməni əsilli seçicilərin səsini alsın deyə, məsələyə bu cür maksimalist yanaşmaq olmaz. O baxımdan hiss olunur ki, Fransanın mövqeyində müəyyən müsbət meyllər var”.
Partiya funksionerinin fikrincə, rəsmi Paris Azərbaycanın haqlı tərəf olduğunu və regiondakı mövqeyini nəzərə almalıdır.
Vidadi ORDAHALLI