Cəbhə zonasında son hərbi əməliyyatların təhlili Ermənistanın canlı qüvvə, hərbi texnika ilə bağlı itkilərinin yenə sürətlə artmaqda olduğunu üzə çıxarır. Bunların yerini doldurmaq üçün isə Ermənistan yetərincə insan resursuna, eləcə də lazımı iqtisadiyyata malik deyil.
Digər tərəfdən, hazırda davam edən koronavirus pandemiyası işğalçı ölkənin durumunu daha da ağırlaşdırır. Bu fonda Ermənistan iqtisadiyyatı koronavirus səbəbindən ciddi çətinliklər yaşayarkən Dağlıq Qarabağdakı münaqişənin yenidən alovlanması ilə daha da çətin bir duruma düşüb. Bunun ən real sübutu isə “Fitch” beynəlxalq kredit reytinq agentliyinin ölkənin kredit reytinqini aşağı salmasıdır. Xatırladaq ki, “Fitch” bu həftənin əvvəlində Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqinin "BB-" dən "B+" səviyyəsinə endirildiyini açıqlayıb. Bu, ilin ilk yarısında Ermənistanda iqtisadi geriləmənin proqnozlaşdırıldığından daha kəskin olacağını göstərir. Türk Erməni Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyakın söylədiyinə görə, toqquşmalar başlandıqdan sonra Ermənistanda bizneslər və banklar dayanma nöqtəsinə yaxlnlaşıb. Soyakın fikrincə, toqquşmalar davam edərsə, malların daşınmasında çətinliklər dərinləşə və iflaslar baş verə bilər. İrəvandakı Qafqaz İnstitutundan iqtisadçı Qrant Mikaelyanın bildirdiyinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatların iqtisadi fəsadlarının ən böyük yükü xidmət sektoru və maliyyə sisteminin üzərinə düşəcək. Mikaelyan Dağlıq Qarabağdakı döyüşlərin Ermənistan iqtisadiyyatına iki cəhətdən təsir edəcəyini deyir: “Xidmət sektoru çətin vəziyyətə düşəcək . Müharibə maliyyə sisteminə də mənfi təsir göstərəcək. Dövlətin müharibə, qaçqınlar və infrastruktur problemləri ilə əlaqədar öncədən hesaba alınmamış əlavə xərcləri əmələ gələcək”.
Kaan Soyak isə Dağlıq Qarabağdakı qarşıdurmaların birbaşa Ermənistanın paytaxtında özünü göstərdiyini bildirib. İşlərin dayandığını söyləyən Soyak pandemiya ilə iqtisadiyyata onsuz da ciddi ziyan dəydiyini və Dağlıq Qarabağdakı döyüşlərin dükanların işləməməsinə və malların daşınmasına səbəb olduğunu vurğulayır: “Ermənistan iqtisadiyyatı Dağlıq Qarabağdakı döyüşlərdən əvvəl də koronavirusa görə geriləmişdi. Ermənistan iqtisadiyyatına koronavirus ciddi təsir göstərib”. Ermənistan Mərkəzi Bankı 2020-ci il üçün işsizlik səviyyəsinin 20,4 faiz olacağını gözləyir. Gənclər arasında işsizlik göstəricisi 35 faizdir. Bu, ölkədəki işçi qüvvəsinin digər ölkələrə köç etməsinə səbəb olur. İqtisadçı Sam Bhutinin “Eurasianet” xəbər saytında yazdığına görə, Ermənistan iqtisadiyyatının daha bir problemi ondan ibarətdir ki, o, Rusiyadan asılıdır: “Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşı və immiqrasiyanın ən çox istiqamətləndiyi ölkə olması Ermənistan iqtisadiyyatını Rusiyada baş verən siyasi və iqtisadi hadisələrə qarşı kövrək vəziyyətə salır. Ermənistan iqtisadiyyatının daha bir böyük problemi ondan ibarətdir ki, onun iki sərhədi bağlıdır. Dağlıq Qarabağ münaqişəsi uzun illər həll olunmadığına görə Türkiyə və Azərbaycanın Ermənistanla sərhədləri bağlıdır. Bu sərhədlərin bağlanması Ermənistanın regionda hazırlanan nəhəng infrastruktur layihələrindən uzaq qalmasına səbəb olub”. İqtisadçı Qrant Mikaelyan vurğulayır ki, Ermənistanın İran və Gürcüstanla sərhədləri həm iqlim, həm də siyasi amillərə görə etibarlı deyil: "Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olduğuna görə, ölkədə ticarətin ən böyük hissəsi Gürcüstandan keçən bir avtomagistral vasitəsilə həyata keçirilir. Qış düşəndə yağan qara görə ticarət bir-iki aylıq dayana bilər. Digər tərəfdən, bu marşrut Rusiya ilə Gürcüstan arasında münasibətlərə görə də siyasi cəhətdən kövrəkdir. İranla ticarət yolu da İranın bəzi qonşuları və ABŞ-la münasibətləri baxımından siyasi cəhətdən həssasdır. Türkiyə ilə sərhəd açıq olsaydı, Ermənistan həm Türkiyəyə, həm də Avropaya daha çox mal ixrac edə, öz iqtisadiyyatını çeşidləndirə bilərdi. İndiki halda qışın gəlməsi ilə enerji xətlərindəki hər hansı bir problem, nəqliyyat daşımalarının Rusiyanın əlində olması səbəbindən yaranan hər hansı bir problem iqtisadi cəhətdən əhalini daha çətin duruma salacaq".
Bu fonda Ermənistan üçün yenə “Fitch” agentliyindən daha bir mənfi proqnoz gəlib. Qurumun son hesabatında bildirilir ki, Azərbaycanın dollar istiqrazları Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan istiqrazlarına nisbətən daha yaxşı vəziyyətdədir, bu da neft və qaz sərvətləri ilə Bakının bu böhranın öhdəsindən daha yaxşı gələ biləcəyini göstərir. O da qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan ərazilər uğrunda sentyabrın 27-dən etibarən döyüşlərin başlaması ilə hər iki dövlətin istiqrazlarının gəirliliyi aşağı düşüb. Ancaq adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha çox dəyərdən düşüb. Münaqişə ərəfəsində sentyabrın 21-dən bəri Azərbaycanın 2024 və 2029-cu illərədək tədavül müddəti olan istiqrazların gəlirliliyi təxminən 1%, Ermənistanın 2025 və 2029-cu illərə olan istiqrazlarının gəlirliliyi isə, müvafiq olaraq, 4,5% və 3,5% azalıb. Qeyd edək ki, Azərbaycan istiqrazlarının gəlirliyi koronavirus pandemiyasından öncəki pik həddən yalnız 2% ucuzdur. “Fitch” tərəfindən kredit reytinqi “BB+” səviyyəsində təsdiqlənən Azərbaycan ölkənin maliyyə buferi ilə təmin edən ümumi daxili məhsulun təqribən 85%-nə bərabər 43,2 milyard ABŞ dollarlıq suveren sərvət fonduna sahibdir. Bu il neft qiymətlərinin düşməsi və koronavirusdan zərər görən Azərbaycan iqtisadiyyatının kiçiləcəyini, ancaq dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olacağını gözləyir. “Fitch”, yuxarıda qeyd edildiyi kimi, Ermənistanın kredit reytinqini isə “B+” səviyyəsinə endirib. Agentlik döyüşlərin davam etməsi və pandemiya səbəbindən bu il Ermənistan iqtisadiyyatının 6,2% kiçiləcəyini, dövlət borcunun ÜDM-ə nisbətinin isə 63,9%-ə yüksələcəyini proqnozlaşdırıb.
Ramil QULİYEV