Ermənistan ordusunda fərarilik geniş miqyas alıb. Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.
Qeyd edək ki, müzəffər ordumuzun gücünə tab gətirə bilməyən Ermənistan cəbhədə ağır itkilərə məruz qalır. Yaralı və ölü sayı günü-gündən artır. Belə olan halda, qarşı tərəfdə yaranan panika hər gün güclənərək fərarilik artır.
“Düşmənin çoxsaylı itkisi var, hərbi texnikası demək olar ki, sıradan çıxarılıb”
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirdi ki, qəhrəman Silahlı Qüvvələrimiz, igid əsgər və zabitlərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında yağı düşmənə, Ermənistana olduqca ciddi, ağır və sarsıdıcı zərbələr endirməkdə davam edir: “Düşmənin çoxsaylı itkisi var. Hərbi texnikası demək olar ki, sıradan çıxarılıb. Ermənistan ordusunda fərarilik geniş miqyas alıb. Əldə etdiyimiz dəqiq məlumata görə, artıq onlar sursat, ərzaq və tibbi ləvazimat baxımından çox ağır durumdadırlar. Əlbəttə, ölkə Prezidenti Ali Baş Komandan və sərkərdə kimi özünü yüksək səviyyədə təsdiq etdi. Qeyd etməyi vacib hesab edirəm ki, onun illərdən bəri çox uğurla həyata keçirdiyi diplomatiya Azərbaycan dövlətinə ciddi uğurlar qazandırıb. Ermənistanın dünyanın aparıcı dövlətlərinə aramsız yalvarışları, həmin dövlətlərin Azərbaycanı sülhə dəvət etməsi gözlənilən idi. Lakin Prezidentimiz incə manevrlə, humanitar xarakter daşıyan, bir neçə günlük atəşkəsə konkret və qətiyyətli şərtini irəli sürdü. Ermənistana verilən bu şansdan yararlanıb, işğalçı ordusunu Azərbaycandan çəkməsə, Silahlı Qüvvələrimiz hərəkətə keçəcək və işğalçı Ermənistanı peşman edəcək. Çox aydın və birmənalı, prinsipial mövqedir. Azərbaycan bu humanitar, bir neçə günlük atəşkəsə razılıq verməsəydi, Ermənistanı müdafiə edən qüvvələrin bizə qarşı daha kəskin addımlar atmasına əsas verə bilərdi".
Günel CƏLİLOVA