Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində Azərbaycan tərəfinin atəşkəsə razılıq verməsinin səbəbləri barədə danışarkən deyib:
“Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o orada vurulur, yəni belə vəhşilik, belə faşizm”.
Prezident bildirdi ki, biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə: ”Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər”.
Ölkə başçısının bu fikirlərindən hansı nəticələri çıxarmaq olar?
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hazırda çox rəzil vəziyyətdədir: “Bunu onların özü yaradıb. Biz uzun müddətdir ki, onları sülhə dəvət edirdik, ancaq ermənilər bunu anlamadılar. Hər zaman deyirdik ki, sülh danışıqları fayda verməsə, biz torpaqlarımızı silah gücü ilə alacağıq. Bunu etmək bizim haqqımızdır. Bütün beynəlxalq konvensiyalar bizə bu haqqı tanıyır. Ermənistan bütün bu xəbərdarlıqları qulaqardına vurdu. Nəticədə bu gün hərb meydanında Azərbaycan Ordusu ilə üz-üzə qalıb və məğlubiyyət dadır. Onların öz ordularında tətbiq etdikləri cəza metodları bütün insanlıq normalarını aşır. Bir nəticə çıxara bilərik, ermənilər Qarabağda vuruşamaq istəmirlər. Onları zorla bu işə sövq etdirirlər. Bu gün erməni əsgəri görür ki, onun sonu ölümdür. Bu səbəbdən də yayınır. Ordunun döyüşməsi üçün psixoloji vəziyyətin yaxşı olması gərəkdir. Bizdə bunun yüksək səviyyədə olduğu göz qabağındadır. Qarşı tərəfdəkiləri isə zəncirlə posta bağlayırlar. Biz yenə də sülh addımlarını istisna etmirik. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu üsulla çox uzağa gedə bilməzlər. Buyursunlar, torpaqlarımızı işğaldan azad etsinlər, bununla da müharibə bitsin. Axı niyə Ermənistan rəhbərliyi zəbt etdiyi özgə ərazilərdə öz vətəndaşlarının ölümünə fərman verir? Nə qədər ki gec deyil, daşı ətəklərindən töküb, işğala son qoymalıdırlar. Bizim Prezidentdəki humanizmə bax ki, zorla ölümə sürükıənən erməni əsgərinin bugünkü durumuna belə təəssüf edir. Hesab edirəm ki, erməni xalqı da qalxıb Paşinyana öz sözünü deməlidir. Tələb etməlidirlər ki, bizim övladlarımızı başqasının ərazisində öldürmə, son qoy bu siyasətə”.
Tamamilə məhv olmaq ərəfəsində olan Ermənistan ordusunun bir çıxış yolu da odur ki, Paşinyanın əmrlərinə tabe olmasın, silahı yerə qoyub, müharibədən imtina etsin.
Məhəmmədəli QƏRİBLİ