20/10/2020 12:42
728 x 90

Prezident Rusiyanın, Ermənistanın, Türkiyənin və Azərbaycanın adını çəkdi – açıla biləcək “sandıqda” daha hansı “pambıqlar” var...

Əhəd Məmmədli: “Bunu əsaslandıran daha ciddi faktları açıqlaya bilərik”

img

Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində bildirib ki, Tovuz bölgəsində toqquşma dayandıqdan bir gün sonra, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı: “Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika?

Ermənistana silah verilməsinin davam etdiyini vurğulayan dövlət başçısı daha sonra deyib: “Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”.

Ölkə başçısı deyilən “sandığı” açsa, daha hansı faktlar üzə çıxa bilər?

Politoloq Əhəd Məmmədli qəzetimizə bildirdi ki,  Rusiya dünyanın hərbi supergüclərindən biri olmaqla yaxın qonşumuzdur: “Azərbaycan iqtidarı Qarabağ probleminin həllində Rusiyanın Ermənistanın hərbi-siyasi müttəfiqi kimi xüsusi rolunu və Minsk Qrupunun həmsədri olmasını nəzərə alıb, bu ölkə ilə münasibətlərin yüksək səviyyədə olması üçün böyük səylər göstərib. Təəssüf ki, Rusiya da münaqişənin həllinə kömək etməli olan digər həmsədr ölkələr kimi, münaqişənin həllindən çox, onun dondurulmuş vəziyyətdə qalmasında maraqlı olub. Hazırda gedən müharibə zamanı isə biz Rusiyanın daha qabarıq şəkildə Ermənistanı müdafiə etdiyini görürük. Ölkə başçısı dəfələrlə bu fikri öz müsahibələrində səsləndirib. Rusiya Ermənistana kömək etmək siyasətini davam etdirsə, biz rəsmi səviyyədə həmin ölkəyə öz fikirlərimizi daha sərt deməliyik. Rusiyanın humanitar atəşkəslə bağlı təklifi oldu. Biz ona hörmətlə yanaşdıq.  Ancaq gördük ki, səhəri günü Ermənistan ərazisindən Gəncə raketlə vuruldu. Bununla Ermənistan ən böyük zərbəni məhz Rusiyaya vurdu. Onu saymadığını ortaya qoydu. Ancaq təəssüf ki, biz hələ də Rusiya rəsmilərinin Ermənistanın dinc sakinləri öldürdüklərinə dair etiraz səslərini ucaltmalarının şahidi olmamışıq. Ermənistan Türkiyənin bizə güya yardım etməsi ilə bağlı rolunu aydın şəkildə şişirdir. Bunu dünyanın gözünə soxmaq istəyir. Ölkə başçısı çox dəqiqliklə izah edib ki, açıq dəstəyi daha çox Rusiya Ermənistana verir. Düşünürəm ki, bu proses davam etsə, Azərbaycan daha aydın şəkildə Rusiyaya etirazını bildirməlidir. Nəzərə çatdırmalıdır ki, bundan sonra bizim Rusiya ilə münasibətlərimizə yenidən baxıla bilər. Bunu əsaslandıran daha ciddi faktları açıqlaya bilərik. Həmin ölkənin bizə açıq təzyiqi ola bilməz. Çünki regiondakı siyasi konfiqurasiya tamamilə dəyişib”.

Rusiya bunları nəzərə alıb neyrallıq nümayiş etdirməsə, Azərbaycanın tamamilə fərqli münasibətilə üzləşə bilər.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər