ABŞ prezidentliyinə ən real namizəd Co Bayden Qarabağ münaqişəsi barədə danışıb. Belə ki, Bayden münaqişənin tənzimlənməsi ilə bağlı bəzi məqamlara eyham vurub. Bayden Tramp administrasiyasını Qarabağ məsələsinə laqeyd yanaşmaqda, Azərbaycan və Ermənistan liderlərinə zəng etməməkdə ittiham edib.
Onun fikrincə, münaqişənin hərbi yolla həlli də mümkün deyil: “Ermənistan Qarabağ ətrafındakı rayonları qeyri-müəyyən müddətə qədər saxlaya bilməz. Türkiyə və İran isə münaqişədən kənar qalmalıdırlar”.
Məlumat üçün qeyd edək ki, Co Bayden 2008-2016-cı illərdə ABŞ-ın vitse-prezidenti olub. O, qarşıdan gələn seçkilərdə qələbəyə Donald Trampdan daha şanslı namizəddir. Bununla yanaşı, Birləşmiş Ştatlardakı erməni diasporu əsasən Baydenə stavka edir. Məlumata görə, erməni kökənli ABŞ seçiciləri səslərini Baydenə verəcəklər. Baydenin Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonun azad edilməsi ilə bağlı məlum yanaşması isə ermənilərin heç ürəyincə olmayacaq. Çünki onlar nəinki Dağlıq Qarabağdan, heç ətraf 7 rayondan belə xoşluqla çıxmaq istəmirlər.
“Bütün hallarda, Baydenin bu açıqlaması müsbətdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bütün bunlar onu göstərir ki, ABŞ təkcə erməni diasporundan ibarət deyil: “Birləşmiş Ştatlarda məsələlərə obyektiv baxan dairələr var. Bu gün Azərbaycanın uğurla öz ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüquqa əsaslanır. Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra Dağlıq Qarabağdakı erməni icmasının yaşamasına da şərait yaradacaq. Bütün bunlar xaricdə müəyyən dairələr tərəfindən maraqla qarşılanır. Bayden bu fikirləri ilə erməni seçicilərin səslərindən məhrum olsa da, digər seçicilərin rəğbətini qazanır. Hansı ki, onlar proseslərə daha obyektiv yanaşırlar. Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyi şübhə doğurmur. Co Bayden prezident seçilərsə, o, reallığa uyğun olaraq öz siyasətini aparacaq. Bu gün Bayden Ermənistanı müdafiə edərsə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alarsa, o zaman Türkiyə və Şərq dünyası ilə çox ciddi problemləri yaranacaq. Bütün hallarda, Baydenin bu açıqlaması müsbətdir. Nəzərə almaq lazımdır ki, Bayden 8 il vitse-prezident olub və dünya siyasətini yaxşı bilir. Bununla Azərbaycanda ona hörmət yaranır”.
Millət vəkili hesab edir ki, onun bu yanaşması ümumən bizim xeyrimizədir.
Vidadi ORDAHALLI