Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə iki günlük rəsmi səfəri başlayıb. Oktyabrın 17-dək davam edəcək səfərdə Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.
Səfər çərçivəsində Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq. Ukraynanın Müdafiə naziri Andrey Taran nazirliyin saytına açıqlamasında bildirib ki, bu saziş müdafiə sahəsində mövcud Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni hədəflər müəyyənləşdirəcək, hərbi sahə üzrə 21 prinsipial məsələdə əməkdaşlığın başlanğıcı olacaq.
Bu əməkdaşlıq sazişi Qafqazdakı təhlükəsizlik proseslərinə necə təsir edəcək?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə Ukraynanın milli təhlükəsizlik strategiyasında ABŞ-dan sonra əsas tərəfdaş ölkə kimi qeyd edilir və xüsusi önəmə malikdir: “Bunu əsasalandıran bir neçə səbəb var. Türkiyə Krımla bağlı hər zaman prinsipial mövqe tutub. Türkiyə ilə Ukrayna arasındakı hərbi əməkdaşlıq 21 bəndi özündə cəmləşdirir. Bunların 5-i üzrə müştərək istehsal nəzərdə tutulur. Son illər biz bəzi konfliktlərdə Türkiyə istehsalı olan hərbi texnikaların xüsusi önəm daşıdığını görürük. Bura hərb meydanında sözünü deyən dronları və başqa məhsulları aid edə bilərik. Bu dəyişikliklər bizim regionun birmənalı olaraq şəffaflığına və təhlükəsizliyinə gətirib çıxaracaq. Qara dəniz akvatoriyası qitələri birləşdirən bir regiondur. Bu marşrut üzrə şəffaflıq təmin ediləcək. Bura aiddir silah qaçaqmalçılığı və başqa qeyri-leqal daşınmalar. Bu aralıq koridoru bizim üçün növbəti mərhələ sayılır. Həmin əməkdaşlıq həm də Cənubi Qafqazdakı stabilliyi təmin edə bilər. Çünki burada stabillik olmadan həmin ölkələr arasındakı qarşılıqlı əməkdaşlığın da faydası olmaz. Söhbət hərbi əməkdaşlıqdan gedirsə, deməli, hər iki ölkə bu məsələdə Azərbaycanın mövqeyinə dəstək verəcək. Çünki son proseslərdə biz görürük ki, hər iki ölkə bizi ayrılıqda birmənalı dəstəkləyir. Deməli, bu əməkdaşlığın bizə ciddi faydası var. Müttəfiq ölkələrin ciddi iş birliyi bizi də güclü edir. Bu həm regiona, həm də Qara dəniz akvatoriyasına müsbət təsir edəcək. Cənubi Qafqazdan keçən enerji və digər infrastruktur layihələrin təhlükəsizliyi baxımından da olduqca önəmlidir”.
Politoloqun sözlərinə görə, biz birmənalı olaraq bu əməkdaşlığı alqışlayırıq: “Son vaxtlar Türkiyənin rolu ciddi artır. Bu özünü Qarabağ münaqişəsində də göstərir. Ukrayna da Avropanın böyük ölkəsidir. Bu amil Türkiyənin təsir imkanlarını daha da genişləndirəcək. Ukraynanın “Ivchenko-Progress” və “Motor Sich” şirkətlərinin Türkiyənin müdafiə şirkətləri ilə danışıqlar apardığı barədə məlumatlar var. Ukraynanın təyyarə istehsalçısı “Antonov”un Türkiyənin dövlət tərəfindən idarə olunan raket istehsalçısı “Roketsan”la tərəfdaşlığını artıracağına ümidlər var. Ukrayna Türkiyəyə “Antonov” şirkətinin AN-178 yük təyyarəsi üçün birgə istehsal imkanlarını qiymətləndirmə fürsəti təqdim edib. Ukraynada və ya Türkiyədə ortaq istehsal imkanları müzakirə edilir”.
İstənilən halda, Azərbaycanın iki müttəfiq ölkəsinin birgə əməkdaşlığının bizə də faydası var. Xüsusilə də bu, hərbi sahəni əhatə edirsə, əhəmiyyəti daha böyükdür.
Məhəmmədəli QƏRİBLİ