“18 günlük müharibədə qoşunlarımız şimaldan və cənubdan geri çəkildi. Bu, xüsusilə cənub və şimal istiqamətlərinə aiddir”. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” hesabında xalqa videomüraciətində bildirib.
Xatırladaq ki, N.Paşinyan Ermənistan ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini, bununla da məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib. Maraqlıdır, N.Paşinyanın özü geri çəkildiyini etiraf etmək məcburiyyətində qalıb.
“Ermənistan tərəfi bunu gizlədə bilməz”
Hərbi ekspert Ramiq Zeynalov bildirdi ki, işğalçı ölkənin ordusu Azərbaycan Ordusunun qüdrətindən qorxduğu üçün geri çəkilir. Ümumiyyətlə, düşmən özü xoşluqla geri çəkilmir. Onu arxaya çəkilməyə məcbur edən amillər var. Bunlardan ən əsası Azərbaycan Ordusunun irəliləməsi və zəfəridir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi ordumuzun uğurlarını gizlətmək istəyir. Artıq görüntülər var, o görüntüləri Ermənistan cəmiyyəti də görür. Bunu gizlətmək konkret olaraq mümkünsüzdür. Düşmən müəyyən şəkildə hansısa mövqeləri möhkəmləndirmək məqsədilə geri çəkilmək barədə məlumatlar yaya bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ordumuzun həyata keçirdiyi əməliyyat zamanı xeyli düşmən hərbçisi məhv edilir və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat, hərbi texnika və avtomobillərini ataraq geri qaçırlar. “Ötən günlərdə düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Bu faktdır. Ermənistan tərəfi bunu gizlədə bilməz. Ümumiyyətlə, bütün istiqamətlərdə düşmən canlı qüvvə və texnika sarıdan yeni itkilər verir, mövqelərindən geri çəkilir. Erməni ordusunun geri çəkilməsini işğalçı ölkənin rəhbərliyi belə etiraf edir. Bu isə o deməkdir ki, onlar məğlub olduqlarını etiraf edirlər”.
Günel CƏLİLOVA