“Təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub”. Bu fikirləri Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan müxtəlif ölkələrdən silah alır: “Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq, biz bu hərbi avadanlıqları alırıq”.
Prezident jurnalistin "Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz" sualına "Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır", - deyə cavab verib.
Ölkə başçısı onu da qeyd edib ki, dronlar çox müasir, inkişaf etmiş silahlardır: “Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır”.
Bütün bunlar o deməkdir ki, Azərbaycan Ordusu həm hərbi, həm də iqtisadi baxımdan qarşı tərəfə sarsıdıcı zərbələr vurub. Digər tərəfdən, müasir hərbi vasitələrlə Ermənistana endirilən zərbələr onu sübut edir ki, ötən illər ərzində hərbi və müdafiə sektoruna yönəldilən milyardlar boşa getmədi. Döyüş meydanında əldə edilən uğurlar bunu sübut edir.
Maraqlıdır, bütün bunları hərbi ekspertlər necə dəyərləndirirlər?
“Bütün bunlar onu göstərir ki, ötən illər ərzində Azərbaycanda orduya yönəldilən böyük vəsaitlər səmərəli nəticə verir”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, sözügedən rəqəm Ermənistan kimi zəif, forpost ölkə üçün böyük zərbədir: “İndiyədək Ermənistana 2 milyard dollardan çox ziyan dəyib. Ermənistanın üzləşdiyi hərbi-texniki itki böyükdür. Bu ziyanın 1 milyard dolları sözügedən müasir dronların sayəsində mümkün olub. Zəif iqtisadiyyata malik olan Ermənistan üçün bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Gör Ermənistan nə günə qalıb ki, xaricdəki erməni lobbisindən pul dilənir. Bunlar anlamaq istəmirlər ki, pul dilənməklə davamlı olaraq hərbi və digər xərcləri qarşılamaq mümkün deyil. Son döyüşlər zamanı Ermənistanın Qarabağ cəbhəsindəki bütün hərbi infrastrukturu, demək olar, məhv edilib. Döyüşlərin davam etməsi Ermənistan üçün ciddi hərbi itkilərlə müşayiət olunmaqla yanaşı, böyük maliyyə problemləri də yaradır. Artıq düşmənin yanacaq təchizatında ciddi problemlər yaranıb. Dünyada çox nadir hallarda yaralılar üçün ikimərtəbəli çarpayılardan istifadə edilir. Ermənistan elə bir vəziyyətə düşüb ki, ikimərtəbəli çarpayılardan istifadə edir. Bütün bunlar Ermənistanın ağır maddi durumu ilə bağlıdır. Başqa bir tərəfdən, bütün bunlar onu göstərir ki, ötən illər ərzində Azərbaycanda orduya yönəldilən böyük vəsaitlər səmərəli nəticə verir. Onu da qeyd edim ki, bu, hələ Azərbaycan Ordusunun görünən silahlarıdır. Silahlı Qüvvələrimizin bundan da müasir texniki vasitələri var. Bu illər ərzində ordu quruculuğunda çox böyük addımlar atılıb. Prezident İlham Əliyev ordu quruculuğunu prioritet məsələ kimi qarşıya qoyub”.
Hərbi ekspert onu da qeyd etdi ki, bütün bunlar Azərbaycanın milli maraqlarına xidmət edir.
Vidadi ORDAHALLI