Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli ATƏT-in Minsk Qrupuna həvalə olunsa da, qurum bunun öhdəsindən gələ bilmədi. Əksinə, məhz onun yarıtmaz fəaliyyəti cəbhədə indiki toqquşmalara rəvac verib.
Problemin daha bir tərəfi də odur ki, Minsk Qrupunun bəzi həmsədr ölkələri indiki halda belə neytrallıq nümayiş etdirə bilmir. Fransa və Rusiyanın Ermənistana silah tədarükü də qeyd edilənlərin təsdiqidir. Yeri gəlmişkən qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində də toxunub: “Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, prezident Makron mənə bir neçə dəfə zəng edib və bizim sonuncu söhbətimiz çox pozitiv oldu. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın xarici işlər naziri bəyanat verib ki, Fransa Minsk Qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu onların mandatına ziddir”.
Yaranmış durumda etimadı doğrultmayan Minsk Qrupunda format dəyişikliyi artıq zərurətə çevrilir. İndi Rusiya və Türkiyənin əsas vasitəçi olduğu formatın ərsəyə gəlməsi daha məqsədəuyğun sayılır. Türkiyənin “Habertürk” portalı da bunun labüd xarakter daşıdığını yazır: “Moskvada razılıq əldə olunduğu açıqlanan atəşkəs çağırışına Ermənistanın əməl etməyəcəyi məlum idi. Mülki şəxsləri hədəf alan son hücumlar isə masa üçün meydan şərtlərini dəyişdirməyə və proqnozlaşdırılan kontekstdən çıxarmağa yönəlik alçaq bir ssenaridir. Qarabağdakı döyüşlər 1994-cü ildə Bişkekdə əldə edilən atəşkəsdən bugünədək ilk dəfədir ki, bu qədər yüksək intensivliyə çatıb. Baxın, görün həmin dövrdə də atəşkəs eynilə bu gün olduğu kimi necə işğala çevrilib. İlk dəfə 23 sentyabr 1991-ci ildə Boris Yeltsin və Nursultan Nazarbayev bölgəyə səfər edir. Rusiyanın cənubundakı Jeleznovodsk şəhərində sülh danışıqları başlayır. Yeltsin və Nazarbayevin zaminliyində ilk atəşkəs anlaşması əldə edilir. Ermənistan lazım olan addımları atmır. Azərbaycan bölgəyə müşahidəçiləri dəvət edir. Ermənistan bu məqsədlə Qarakənddə helikopteri vurur və kimsə sağ qurtula bilmir. 1992-ci ilin fevralında İran xarici işlər naziri Əli Əkbər Vilayəti tərəflər arasında vasitəçilik etmək məqsədilə bölgəyə səfər edir. Atəşkəsin əldə edilməsi üçün işlərin aparıldığı dövrdə Xocalı soyqırımını həyata keçirirlər. 8 may 1992-ci il tarixdə Tehranda 8 maddəlik bir anlaşma imzalanır. Lakin Ermənistan ordusu eyni gündə Şuşanı, 17 mayda isə Laçını işğal edir. 26 avqust 1992-ci ildə Qazaxıstan prezidenti Nazarbayev atəşkəs üçün yeni bir təşəbbüs göstərir. 27 avqust 1992-ci ildə Azərbaycan, Ermənistan və Qazaxıstan xarici işlər nazirləri arasında Alma-Ata bəyanatı imzalanır. Ancaq Ermənistan qısa bir müddətdən sonra bu bəyanatı tanımadığını açıqlayır.
Əslində, bu gün də etmək istədikləri öncə Azərbaycanın irəliləyişini durdurmaq, sonra da de-fakto durum yaradıb torpaq itkilərini ən aşağı səviyyəyə endirməkdir. Doğrusu, bunu daha öncə də Dağlıq Qarabağın statusunu ayrıca dəyərləndirməyi və onu əhatə edən rayonların qaytarılmasını nəzərdə tutan anlaşma layihəsini bir neçə dəfə rədd edərək sınaqdan çıxarıblar. Hədəfləri işğal olunmuş Dağlıq Qarabağın tanınmasını təmin etməkdir. Atəşkəsin əldə edilməsindən həmən öncə bəzi ABŞ konqresmenləri vasitəsilə Konqresə tanınma üçün müraciət ediblər. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlik sistemi mövcud halı ilə öz funksiyasını və etibarını böyük ölçüdə sarsıdıb. Ümumiyyətlə, həmsədrlik institutunun yaradılmasında məqsəd Minsk Qrupunun digər üzvlərini təsirsiz hala gətirmək idi. Əgər indi həqiqətən bir müzakirənin başladılması istənilirsə, Türkiyə və Azərbaycan iki alternativi önə çıxarmalıdır. Birinci alternativ Minsk Qrupunu təşkil edən bütün üzvlərin bərabər şərtlərdə prosesə daxil edilməsi, ya da Türkiyə ilə yeni bir ölkənin (Finlandiya təklif edilə bilər) həmsədrlərə əlavə edilməsidir. İkinci alternativ isə Minsk Qrupundan kənarda daha etibarlı bir vasitəçilik mexanizminin yaradılmasıdır. Əks təqdirdə, mövcud oriyentasiya bölgəni uçurumun kənarına aparacaq”. Qeyd edilənlər, əslində tam reallığı əks etdiri və Qarabağ münaqişəsinin dinc həlli üçün yeni vasitəçilik mexanizmini zərurətə çevirir. Əks halda Azərbaycan ordusu düşmən təslim olmayana qədər hərbi əməliyyatları davam etdirmək məcburiyyətindədir.
Nahid SALAYEV