Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan getdikcə daha böyük uğurlara imza atır. Bu fonda ölkəmizin əldə etdiyi əsas dividendlərdən biri də odur ki, Azərbycan Avropaya istiqamətlənmiş enerji kəmərlərindən, iqtisadi mənfəətlə yanaşı, mühüm siyasi xallar da qazanır. Başqa sözlə, enerji layihələri Avropa və bütün Qərbdə Azərbaycanın siyasi mövqeyini gücləndirir.
Qeyd edilən müstəvidə “Transadriatik” qaz kəmərinin (TAP) tikintisinin başa çatması da ölkəmiz üçün əlavə uğurdur. Xatırladaq ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP-ın inşası 4,5 ildən sonra başa çatıb. Bu boru kəməri “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsini təşkil edir. Kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir. İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, TAP-ın təkcə adı bu layihənin mahiyyəti haqqında məlumat verir: “Hazırda dünyada gedən proseslərə uyğun olaraq Azərbaycan çox önəmli addımlar atır. Azərbaycan qazının Avropaya çatdırılması üçün yaradılan infrastruktur gələcəkdə də öz əhəmiyyətini qoruyacaq. Qarşıdakı illərdə bir çox ölkələrin bu layihəyə qoşulması planlaşdırılır. Bu baxımdan layihə həm iqtisadi, həm də siyasi əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın iqtisadi, siyasi dayanıqlılığını artırmaqla yanaşı, onun investisiya cazibədarlığına da təsir göstərək”. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu da bəyan edir ki, bu qaz boru kəməri Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır: “Əhəmiyyətli hissəsi hazır olan TAP ilə Avropanın enerji təhlükəsizliyi irəli aparıldı. TAP kəməri Yunanıstan sərhədindən tutmuş İtaliyadakı terminallaradək təbii qazla doldurulub”. Bununla yanaşı, ABŞ-ın Yunanıstandakı səfiri Cefri Pyat tərəfindən maraqlı dəyərləndirmə aparılıb: “TAP kəmərini Cənubi Avropada enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi istiqamətində daha böyük nailiyyət münasibətilə təbrik edirəm”.
Yuxarıda qeyd olunduğu kimi, bu hal Azərbaycana əlavə siyasi dividendlər qazandırır. Belə halda sirr deyil ki, bu, regionda işğalçı Ermənistan üçün də növbəti zərbə sayıla bilər. Belə ki, rəsmi İrəvan bir daha əmin oldu ki, daha bir yeni regional super layihəyə, TANAP, TAP qaz kəmərinə qoşulmaq imkanını itirib. Bunun səbəbi ondan ibarətdir ki, regionda iqtisadi və geoiqtisadi vəziyyət Ermənistan deyil, Azərbaycan tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycan açıq şəkildə bəyan edir ki, Ermənistan Dağlıq Qarabağ və digər rayonların işğalını davam etdirdiyi müddətdə təcrid olunmaqda davam edəcək. Burada nəzərə alınmalıdır ki, Azərbaycan Cənubi Qafqaz regionunda əməkdaşlığın mütərəqqi formatlarının təşəbbüsçüsü və ya yaradıcısı kimi çıxış edən yeganə ölkədir. Azərbaycan, hətta ikitərəfli əməkdaşlıq əsasında üçtərəfli və hətta dördtərəfli formatlar üçün yol açıb. Bu fonda TAP, TANAP Avropanın və Türkiyənin enerji təhlükəsizliyinə şərait yaradacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycanın dünyanın geosiyasi aktoru kimi əhəmiyyətini bir daha sübut və təsdiq edir. Azərbaycan müasir dünyanın əsas geosiyasi aktorları ilə konstruktiv və etimada söykənən münasibətlər qurub və onları inkişaf etdirib. Bu da, öz növbəsində, Azərbaycanın iqtisadi, siyasi gücünü artırır.
Qarşıdakı dövrdə isə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artacaq. Bu xüsusda BP şirkəti də bildirir ki, Azərbaycanın Qərb üçün etibarlı enerji təminatçısı kimi rolu artır. O da qeyd edilir ki, TAP-ın və bu ilin noyabr ayında “Snam Rete Gas” tərəfindən başa çatdırılması planlaşdırılan birləşdirici boru kəmərinin istismar sınaqları “Şahdəniz” konsorsiumuna imkan verəcək ki, Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətinə təbii qaz təchizatına, planlaşdırıldığı kimi, 2020-ci ilin sonunadək başlamaq üçün son işləri yekunlaşdırsın. Şirkətin açıqlamasında o da deyilir ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə biz təxminən 3 500 km uzunluğunda olan “Cənub Qaz Dəhlizi” dəyər zəncirinin bütün nəql komponentlərinin səhmdarı olmaqdan qürur duyuruq: “Bu yeni qaz nəqli sistemi Azərbaycana imkan verəcək ki, alternativ enerji mənbəyi təmin etməklə Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təklükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr versin”. TAP-ın icraçı direktoru Luka Sşieppati qeyd edir ki, Azərbaycan təbii qazının TAP boru kəməri ilə İtaliyaya nəqlinin cari ilin sonunadək başlaması gözlənilir. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar açır.
Ramil QULİYEV