İordaniya Haşimilər Krallığının Əmman şəhərindən “İordaniya Azərbaycan Məzunları Klubu”nun İdarə Heyətinin rəhbəri, doktor mühəndis Eyhəm Əbu Annəb, Klubun Xarici və beynəlxaiq əlaqələr üzrə məsul şəxsi Təhsin əl-Muflih, Klubun Maliyyə məsələləri üzrə məsul şəxsi Ziyad əl-Xarabşeh Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:
“Biz “İordaniya Azərbaycan Məzunları Klubu”nun İdarə heyətinin üzvləri olaraq, Zati-alilərinizi salamlamaqdan, Sizə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı arzulamaqdan şərəf hissi duyuruq. Eyni zamanda, Zati-aliləriniz vasitəsilə böyük Azərbaycan xalqına daha çox sabitlik, tərəqqi və firavanlıq diləməkdən sevinc hissi keçiririk.
Hazırkı məktub haqq işinizə inamımızdan irəli gəlir. Rəşadətli Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şübhəsiz ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarının 20 faizini işğal etmiş və bununla da beynəlxalq hüququn prinsip və normalarını pozmuş və BMT-nin 822, 853, 874 və 884 saylı qərarlarına məhəl qoymamağa davam etməkdədir. Beynəlxalq birlik həmin qərarlar vasitəsilə işğalçı qüvvələrin işğal olunmuş bütün Azerbaycan torpaqlarından tam çıxmasını tələb edir.
Biz Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyimizi Zati-alilərinizə təsdiqləmək istəyirik. Bizim üçün əziz və dəyərli Azərbaycan Respublikasının Sizin müdrik rəhbərliyiniz altında 30 il ərzində ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirdiyini görürük. Lakin hazırkı Ermənistan rəhbərliyinin qeyri-konstruktiv və sülh əleyhinə mövqeyi danışıqları istənilən nəticəyə gətirib çıxarmamışdır.
Zati-allləri, biz çox yaxşı bilirik ki, erməni işğalçı və təcavüzkarları işğal olunmuş Azərbaycan ərazilərində mövcud infrastruktura böyük zərər yetirmiş, Xocalı soyqırımı kimi qətliam törətmiş, Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtmış və oradakı məscidləri donuz və mal-qara tövlələrinə çevirmişlər. Bu da bütün islam dünyası üçün təhqirdir.
Yekunda cəsarətli Azərbaycan Silahlı Qüvvələrinin Sizin rəhbərliyiniz altında və Sizin əzmkarlığınızdan ilham alaraq, Cənubi Qafqaz regionunda sülh naminə işğal olunmuş Azərbaycan torpaqlarını və oradakı insanları azad etmək, eləcə də ölkənin beynəlxalq tanınmış sərhədləri daxilində əmin-amanlıq və sabitlik yaratmaq kimi müqəddəs vəzifəni yerinə yetirməkdə uğur qazanacağına əminliyimizi ifadə edirik.
Zati-aliləri, Sizin işiniz haqq işidir, İnşallah, zəfər Sizin olacaqdır. Uca və Qüdrətli Allahdan Zati-alilərinizi, Azərbaycan Respublikasını və qardaş Azərbaycan xalqını qorumağı rica edirik”.
Baki-xeber.com