Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizin erməni tapdağından azad edilməsi istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar, düşmən üzərində qazandığı uğurlar dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, Azərbaycan əsilli bütün insanlar tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycanda doğulan, lakin dünyanın müxtəlif ölkələrində yaşayan qeyri-millətlərin nümayəndələri də Azərbaycanın ədalətli mövqeyinə böyük dəstək nümayiş etdirirlər.
Sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatının qarşısının alınması istiqamətində ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlara dəstək olan soydaşlarımız Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna maliyyə dəstəyi göstərirlər. Avropa ölkələrində, Rusiyada, Türkiyədə yaşayan soydaşlarımız, eləcə də ürəyi, qəlbi bizimlə döyünən insanlar Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürürlər, bununla da ordumuza dəstəklərini açıq şəkildə ortaya qoyurlar.
Məlum olduğu kimi, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib, o, Fonda 50 min dollar vəsait köçürüb. Bundan başqa, bu günlərdə Türkiyədə yaşayan Azərbaycan kökənli iş adamları da Azərbaycan əsgərinə maddi və mənəvi dəstəyini ifadə etmək üçün yardım kampaniyasına başlayıblar. Bu barədə məlumat verən iş adamı Muhsin Şaşmazın bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək məqsədilə qısa müddətdə 55 min ABŞ dolları toplanıb. Yardım kampaniyası davam edir.
“...ordumuza maddi və mənəvi cəhətdən dəstək olurlar”
“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı bizimlə söhbətində bildirdi ki, sentyabrın 27-də işğalçı Ermənistan ordusunun növbəti təxribatçı hücumundan sonra Azərbaycan Ordusunun qətiyyətli hücuma keçərək düşmənə layiqli cavab verməsi, 30 ildir işğal altında olan torpaqlarımızı azad etməsi hər bir azərbaycanlı kimi, qardaş Türkiyə vətəndaşları və dünyanın ayrı-ayrı ölkələrində yaşayan, fəaliyyət göstərən soydaşlarımız tərəfindən də böyük sevinc, qürur hissi ilə qarşılanır. “Bu gün Azərbaycan Ordusunun Qarabağ cəbhəsində qazandığı uğurlar, qələbələr nəbzi Azərbaycanla birgə vuran bütün soydaşlarımız tərəfindən böyük coşqu, sevinclə qarşılanır. Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək göstərir, bu istiqamətdə səylərini davam etdirir. Milliyyətindən, dinindən asılı olmayaraq, Azərbaycanda doğulan, lakin Vətəndən uzaqlarda yaşayan insanlar bununla ordumuza dəstək nümayiş etdirirlər. Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Bu millətlərin, dinlərin təmsilçiləri də Azərbaycan Ordusundan dəstəyini əsirgəmirlər. Bu bizim birliyimizin, həmrəyliyimizin göstəricisidir. Göründüyü kimi, heç bir Azərbaycan doğumlu, Azərbaycan kökənli soydaşımız bu işdə özünü kənara çəkmir, əksinə, ordumuza maddi və mənəvi cəhətdən dəstək olur. Onlar bunu həm də özlərinin mənəvi borcu bilirlər” - deyə müsahibimiz vurğuladı.
İradə SARIYEVA