“Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda, bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır”.
Bu barədə guya Azərbaycan tərəfinin atəşkəsi pozması ilə bağlı Ermənistanın Müdafiə Nazirliyinin yaydığı yalan məlumatlara Azərbaycan Müdafiə Nazirliyinin cavabında bildirilir.
Nazirliyin yaydığı cavabda qeyd edilir ki, Azərbaycan humanitar atəşkəsə əməl edir: “Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir”.
Görünən odur ki, Azərbaycan Ordusu unikal hərbi taktika seçib. Yəni həm humanitar atəşkəsə əməl edir, həm də fəal hərbi əməliyyatlar aparmır. Ümumilikdə, bunun mahiyyətini hərbi ekspertlər necə dəyərləndirirlər?
“Bütün bunlar Ermənistanı çox məyus edir”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Ermənistandan fərqli olaraq, Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir. Ermənistan isə elə ilk gündən atəşkəsi pozur. Bununla bağlı qoyulan tələblərə əməl etmir. Hər vasitə ilə çalışırlar ki, itirdikləri mövqeləri geri alsınlar. Ancaq onların bununla bağlı bütün cəhdləri boşa çıxır. Düşmən xeyli itki verərək geri çəkilir. Onlar elə hesab edirdilər ki, atəşkəsdən sui-istifadə edib itirdikləri mövqeləri geri alacaqlar. Ancaq onların bu cəhdləri boşa çıxdı. Ordumuzun unikal gücü həm də ondadır ki, fəal döyüş əməliyyatları aparmasa da, əldə etdiyi mövqeləri uğurla qoruyur. Yəni həm humanitar atəşkəsə əməl edir, həm də azad edilən məntəqələri əlində saxlayır. Bütün bunlar da Ermənistanı çox məyus edir”.
Hərbi ekspert hesab edir ki, bütün bunlar Azəbaycanın xeyrinədir.
Vidadi ORDAHALLI