“Fransa vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsində qərəzsiz (neytral) qalmalıdır” - deyən Fransa diplomatiyasının rəhbəri Jan-İv Lö Dryan fransız deputat və merlərinin çağırışını rədd edib.
Fransa Xarici İşlər nazirinin fikrincə, 1994-cü ildə münaqişənin həlli ilə bağlı götürdüyü mandat Fransanı neytral qalmağa məcbur edir: “1994-cü ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Rusiya, ABŞ və bizə verilən səlahiyyət bitərəf qalmağımızı tələb edir. Fransa iki ölkədən hər hansı birinin tərəfini tutarsa, onda qanuniliyini itirəcək”.
Onu da qeyd edək ki, Fransa Xarici İşlər naziri bu fikirləri Milli Assambleyada erməni lobbisinin təsiri altında olan bir qrup deputatın Dağlıq Qarabağın “müstəqilliyini” tanımaqla bağlı çağırışına cavab olaraq deyib.
Fransanın Ermənistanla ikitərəfli sıx əlaqələrinin olduğunu deyən Jan-İv Lö Dryan 600 minlik erməni lobbisinə ölkəsinin Azərbaycanla da uzun tarixi əlaqələri olduğunu vurğulayıb: “Əgər biz indi Ermənistanın tərəfini tutsaq, balanslaşdırılmamış mövqe göstərsək, onda Azərbaycanla ikitərəfli əlaqələrimizin keyfiyyətinə xələl gətirər, eləcə də Minsk Qrupu çərçivəsindəki rolumuza və böhran içində olan tərəflərə təsirimizi itirərik”.
Göründüyü kimi, Paşinyan Fransadan güclü zərbə aldı. Çünki o, bu günlərdə Fransa telekanallarından birinə verdiyi müsahibədə demişdi ki, Makrondan, Fransadan qondarma “DQR”i tanımağı gözləyirik. İndi məlum oldu ki, Ermənistanın ən yaxın dostu olan Fransa bunun yolverilməz olduğunu deyir.
“Anladılar ki, bəlli qırmızı xətti keçmək olmaz”
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Fransa Xarici İşlər nazirinin bu açıqlaması Nikol Paşinyan üçün gözlənilməz zərbə oldu: “Çünki o, son günlər qondarma qurumun tanınması ilə bağlı çox canfəşanlıq edirdi. Ən böyük gözləntisi də Fransadan idi. Ancaq onun bu arzusu suya düşdü. Nəzərə almaq lazımdır ki, Fransanın Prezidenti Qarabağ döyüşləri ilə bağlı xoş olmayan mövqe sərgilədi. Azərbaycanı günahlandırmağa cəhd etdi. Yaxşı ki, Fransa Xarici İşlər Nazirliyi azğınlaşan erməni həyasızlığına yox deyə bildi. Anladılar ki, bəlli qırmızı xətti keçmək olmaz. Çünki Azərbaycan ərazisində yaranan separatçı bir qurumu tanımaq gələcəkdə Fransada da ciddə mənfi nəticələrə gətirib çıxara bilər. Çünki Fransada da milli azlıqların yaşadığı bölgələr var ki, orada separatizmə meyl güclüdür. Bax, bu nöqteyi-nəzərdən Fransa XİN-in bəzi deputat və merlərinin məlum çağırışını rədd etməsi müsbət haldır. Fransa nəzərə alır ki, həmsədr bir ölkənin bu cür addım atması çox ciddi fəsadlar törədə bilər. Ən azından, nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağa dair BMT-nin 4 qətnaməsi var”.
Politoloq hesab edir ki, Fransanın bu addımı bizim xeyrimizədir.
Vidadi ORDAHALLI