Xəbər verildiyi kimi, oktyabrın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşüb.
Əli Nağıyev Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu bildirib. Həmçinin, Ə.Nağıyev qeyd edib ki, Ermənistan hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi pozulduğunun sübutudur.
Erməni hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqirəmiz hərəkət etməsi beynəlxalq qanunvericiliyin tələbinin pozulması deməkdir.
“İşğalçı ölkənin təcavüzü nəticəsində qətlə yetirilmiş hərbçilərimizin təhqir edilməsi ilə bağlı cinayət işi açılmalıdır”
Hərbçi-ekspert Rasim İsgəndərov bildirdi ki, ermənilər qətlə yetirdikləri Azərbaycan əsgərlərinin meyitləri üzərində təhqiramiz hərəkətə yol verirlər: “Ümumiyyətlə, bu hərəkət ermənilərə xasdır. Onlar cəsədi belə təhqir etməkdən zövq alırlar. Ermənilər aprel döyüşlərində şəhid olmuş hərbçilərin meyitlərini də təhqir etmişdilər. Onlar bir neçə hərbi qulluqçunun qulaq seyvanını kəsib, gözünü çıxarıb, qarın boşluğunu yarmışdılar. Ermənilərin vəhşiliyini Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri özləri görüblər”.
Həmsöhbətimizin sözlərinə görə, işğalçı ölkənin təcavüzü nəticəsində qətlə yetirilmiş hərbçilərimizin təhqir edilməsi ilə bağlı cinayət işi açılmalıdır. Bütün faktlar toplanmalı və işğalçı ölkə beynəlxalq qanunvericiliyin tələbini pozduğu üçün cəzalandırılmalıdır.
Günel CƏLİLOVA