Cəbhə bölgəsində təxribatlara ara verməyən işğalçı Ermənistanın hərbi qüvvələri yaşayış məntəqələrimizi atəşə tutmaqla dinc sakinlərin evlərini, məktəb binalarını dağıdır. Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu günə qədər erməni tərəfi bu razılaşmanı daim pozub, üzərinə götürdüyü öhdəliyə, beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məqsədilə bu günə qədər aparılan danışıqlarda hər hansı irəliləyiş, yaxud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, prezidentlərin iştirakı ilə hansısa razılıq əldə olunduğu zaman Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində müxtəlif təxribatlar törədiblər. Bu təxribatların qarşısı Azərbaycan hərbçiləri tərəfindən alınanda, düşmənə sarsıdıcı zərbələr vurulanda isə qarşı tərəf bunun qisasını daim mülki əhalidən çıxıb. Öz məğlubiyyətini və acizliyini həzm edə bilməyən erməni yaraqlıları mülki əhalini hədəfə alaraq, yaşayış binalarını, mal-qaranı, əkin-biçin sahələrini güllə və mərmi yağışına tutur.
Sentyabrın 27-dən bu günə kimi işğalçı ölkə yenə də təcavüzkar mövqeyini davam etdirir. Ermənistan mülki əhalini hədəfə alaraq silahsız insanlara atəş açır. Təəssüf ki, qurbanlar arasında uşaqlar da var.
Son iki həftə ərzində düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Bunlar Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.
Həmçinin, Gəncə şəhərinin bombalanması nəticəsində yaralanan məktəblilər var. Banu İbrahimova, Fərid İbrahimov, Turqay Əliyev, İlyas Həsənbəyli, Məleykə Abdullayeva, Ömər Mehdiyev, Səlim Mustafazadə, Murad Cavadov, Dinarə Muradova, Rauf Muradov, Hüseyn Əliyev, Sevinc Rəhimova, Aysu Əliyeva, Şəmiddin Şirinov, Şəfa Şirinova yaralanıblar.
Qeyd edək ki, münaqişə dövründə 200-ə yaxın azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 azyaşlı hələ də girovluqdadır. Xocalı faciəsi zamanı qətlə yetirilən 613 nəfər dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Xocalı faciəsində 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi zamanı isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb.
İşğalçı Ermənistan bu gün də beynəlxalq hüquq və normalara məhəl qoymayaraq günahsız uşaqları qətlə yetirməyə davam edir. Təəssüflər olsun ki, beynəlxaq təşkilatlar və qurumlar erməni terroruna göz yumur, vandalizm aktlarına reaksiya vermirlər.
“Ermənistan silahlı qüvvələri tərəfindən bağçalar, məktəblər və tibb müəssisələri mütəmadi olaraq hücuma məruz qalır”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirdi ki, azərbaycanlılara qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətllərinin bariz nümunəsidir: “Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı hərbi hücumlar həyata keçirilir, birbaşa humanitar hüquqa zidd olan kaset bomabalar istifadə edilir. Nəticədə çoxlu sayda mülki vətəndaş zərər alıb, itkilər olub. Mülki əhalidən, xüsusilə qadınlar və uşaqlar, ahıllar Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilib. Ermənistan silahlı qüvvələri tərəfindən bağçalar, səhiyyə müəssisələri, məktəblər, xəstəxanalar və digər mülki obyektlər mütəmadi olaraq hücuma məruz qalır. Bu, beynəlxalq hüquq və beynəlxalq humanitar normalara, eyni zamanda, insanlığa qarşı cinayətdir. Bu cür hadisələr uşaq və qadınların həyatını gələcəkdə də risq altında qoyur. Sərhədyanı, təmas xəttinə yaxın ailələr risq altındadır və onlara social-psixoloji dəstək göstərilməlidir”.
E.Səfərov onu da əlavə etdi ki, Gəncədə və digər yerlərdə raket hücumlarına məruz qalan ailələrdə qorxu hissi, depressiya və digər problemlər müşahidə oluna bilər. Həmin dağıntılar altından çıxarılan uşaqların şəkilləri paylaşılır. Onların gözü qarşısında baş vermiş terror hadisəsi onlarda dərin iz buraxır. Bu hadisələr psixoloji olaraq travmatik nəticələrə gətirib çıxara bilər. Həmçinin, onların təhsilinə, sosial inkişafına təsir edə bilər. Bunun məsuliyyəti Ermənistanın üzərindədir.
Günel CƏLİLOVA