Ermənistanın beynəlxalq hüququ pozaraq Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etməsi bu gün cəbhə zonasında davam edən hərbi əməliyyatların başlıca səbəbidir.
Artıq sirr deyil ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə kimi hərbi əməliyyatların dayanma ehtimalı azdır. Bu hal isə müharibənin Ermənistana daha çox ziyan vurması deməkdir. Çünki Azərbaycanla müqayisədə Ermənistan bütün parametrlər üzrə zəifdir və resursları sürətlə sıradan çıxır.
Ermənistan müharibə cinayətlərini davam etdirir
Hazırda Azərbaycan ordusu qarşısında ciddi məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələrinin əsas taktikası dinc yaşayış məntəqələrinə hərbi zərbələr endirməkdir. Bu zaman düşmən istifadəsi qadağan olunan silahlardan da geniş şəkildə faydalanır. Artıq bəllidir ki, Ermənistan Gəncə və Mingəçevirdə mülki əhaliyə qarşı “SKAD” raketindən istifadə edib. Həmin ballistik raket mülki əhalinin sıx yaşadığı əraziyə böyük ziyan vurub, xeyli tələfata yol açıb. Bundan başqa, ermənilərin dinc sakinləri kasetli bombalarla hədəfə alması, təhlükəli silahlardan dinc əhaliyə qarşı istifadə etməsi də məlum həqiqətdir. Belə silahlardan istifadə müharibə qanunlarına ziddir. Amma nədənsə, ermənilər üçün müharibə qanunları hələ də keçərli deyil. Ermənistan, hətta Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq, mülki əhalini hədəfə almaqda davam edir.
O da sirr deyil ki, Ermənistanın dinc əhalini hədəfə alması məqsədyönlü xarakter daşıyır. Düşmən bununla dinc əhalini yaşadıqları yerləri tərk etməyə vadar etməyə çalışır, Azərbaycanın bu yolla xaosa səbəb olub savaşı dayandıra biləcəyinə ümid edir. Amma bu cəhdlərin əbəs olmasını Ermənistan artıq yaxşı görür. Əvəzində Azərbaycan ordusu cəbhədə düşmənə getdikcə daha sərt zərbə vurur. Bu halda düşmənin canlı qüvvə, hərbi texnika sarıdan itkiləri durmadan artır. Xüsusən də canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda şəxsi heyət sarıdan çatışmazlıq daha kəskin problemə çevrilib. Bu fonda Ermənistan rəhbərliyinin yaratdığı “məğlubedilməz erməni ordusu” mifi də darmadağın edilib, illər boyu işğal altında qalan torpaqlarımızın əhəmiyyətli və strateji hissəsi azad olunub. Bunun davam etməsi qaçılmazdır. Müəyyən kənar qüvvələr Ermənistana silah-sursat və hərbi texnika göndərsə də, onlardan istifadə edəcək canlı qüvvə çatışmır. Bunu Dağlıq Qarabağda separatçı rejimin başçısı Araik Arutunyan da etiraf edib: “Vəziyyət son dərəcə ağırdır. Keçmiş döyüşçülərlə tez-tez görüşürəm”. Onun sözlərinə görə, döyüşə Qarabağ müharibəsinin əvvəlki iştirakçıları gedir. Erməni mediasının yazdıqlarından belə məlum olur ki, erməni valideynlər övladlarını döyüşə göndərmir, yaxud ordu sıralarından onları yayındırmağa çalışır. İndi Ermənistandan xaricə getmək istəyənlərin sayının çox olması da bunun təsdiqidir. Məlumata görə, ölkədən getmək istəyənlərin çoxu hərbi xidmətə yararlı şəxslərdir. Belə vəziyyətdə Ermənistan rəhbərliyi əsas ümidini terrorçulara, muzdlu döyüşçülərə bağlayıb. Elə bu da növbəti müharibə cinayətidir. Amma istənilən halda, Ermənistan döyüşmək üçün canlı qüvvə sarıdan yenə çətinlik çəkir. Bu fonda Azərbaycan ordusunun zərbələri qarşısında ağır məğlubiyyətə uğrayan qondarma “Dağlıq Qarabağ Respublikası” yeni qanun qəbul edib. Separatçı rejim yeni qanunla “professional ordu” qurmaq üçün pul qarşılığında əsgər və terrorçuları Dağlıq Qarabağa cəlb etmək istəyir. Qanun muzdlu əsgərlərə işğal altındakı ərazilərdə Azərbaycana qarşı döyüşmək şərti qoyur. Lakin bunun Ermənistan üçün hansısa ciddi dəyişikliyə gətirib çıxarmayacağını, əslində düşmən özü də yaxşı bilir.
Düşmənin itkiləri artır
Hadisələrin gedişini izləyən yerli və beynəlxalq ekspertlər də Ermənistanın böyük itkilərə məruz qaldığını təsdiq edir. Bunların yerini doldurmaq Ermənistan üçün ciddi problemdir. Real durumu dəyərləndirən Türkiyənin ehtiyatda olan generalı Ərdoğan Karakuş qeyd edir ki, Ermənistanın Hava Hücumundan Müdafiə Sistemləri iflic olub: “Bəzi məlumatlara görə, 10 minə qədər canlı qüvvə itkisi var”. O bildirib ki, quru döyüşlərində irəliləyişin çətinlikləri var: “Amma silahlı pilotsuz uçuş aparatları və kamikadze-dronlarla Ermənistanın Hava Hücumundan Müdafiə Sistemləri iflic vəziyyətə salınıb. Bu sistemlər çökəndə PUA-lara zərər gəlməz. Azərbaycan Ermənistanın silahlı pilotsuz uçuş aparatlarını vurur. Çünki Azərbaycanın müdafiə sistemi aktivdir”.
Cəbhə zonası ilə yanaşı, Azərbaycan Ermənistan daxilində də düşmənə artıq ciddi zərbələr vurur. Azərbaycan Müdafiə Nazirliyinin bu xüsusda yeni məlumatı xüsusi diqqət cəlb edir. Burada qeyd edilir ki, oktyabrın 14-də Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib: "Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi. Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb. Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi. Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb". Deməli, düşmənin atıq Ermənistan ərazisindən də Azərbaycana zərbə endirmək imkanları məhdudlaşdırılır. Bu, Azərbaycan ordusunun üstünlüyünün daha da artması deməkdir.
Belə vəziyyət o deməkdir ki, Ermənistanın son güvənc yeri olan “İsgəndər” raketləri, Su-30SM təyyarələri də ölkəmiz üçün təhdid deyil. Həmin silahların da məhvi üçün Azərbaycan lazımı resursa malikdir. Yeri gəlmişkən qeyd edək ki, yayılan məlumatlara əsasən, Ermənistan Rusiya istehsalı döyüş təyyarələrini havaya qaldıra bilmir. Rusiya mediası Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin Ermənistana məxsus Su-30SM təyyarələrinin havaya qalxmasına imkan vermədiyini yazır. Belə bəlli olur ki, rəsmi Bakının hər bir taktiki hücumundan qorxan Ermənistan 2 ədəd Su-30SM təyyarəsini Gümrüdəki hərbi bazaya yerləşdirib. Məsələ ilə bağlı “sputnik armenia” portalı qeyd edir ki, Azərbaycan ordusu döyüş təyyarələrini aktiv şəkildə istifadə edir: “Xüsusilə Su-25 təyyarələrini. Lakin Ermənistan hələ ki, arsenalıdakı döyüş təyyarələrindən istifadə edə bilmir. Bu da açıq şəkildə Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin onların havaya qalxmasına belə icazə vermədiyinin göstəricisidir”. Qarşıdakı müddətdə vəziyyətin dəyişməz olacağı proqnozlaşdırılır.
Erməni fitnəkarlığı bu dəfə işə yaramır
Cəbhədə hərbi əməliyyatların başlanmasından sonra Ermənistanın xüsusi diqqət mərkəzində yer alan əsas məsələlərdən biri konfliktə üçüncü tərəfi cəlb etmək olub. Söhbət, xüsusən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyadan gedir. Amma indiyə kimi bu cəhdlər iflasa uğrayıb. Lakin düşmən bəd niyyətindən hələ də əl çəkmir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yenidən buna toxunaraq bildirir ki, humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumların davam etməsi də bununla bağlıdır: "Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur. Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsi hüququnu özündə saxlayır".
Düşmən bilir ki, kənar yardım olmadığı halda qısa müddətdə onun məğlubiyyəti qaçılmazdır. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya indiki halda Ermənistana köməyin mümkünsüz olduğunu bildirir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas bunu onunla izah edir ki, rəsmi Bakının Ermənistana ərazi iddiası yoxdur. Onun sözlərinə əsasən, KTMT-nin nizamnaməsinə istinadən vurğulanıb ki, qurum yalnız ölkənin ərazi bütövlüyünə təhdid olduğu halda münaqişəyə müdaxilə edə bilər. İndiki halda isə bu yoxdur. Erməni politoloq Stepan Daniyelyan qeyd edir ki, bu halda Ermənistan Azərbaycanın dedikləri ilə razılaşmalıdır: “Ermənistanda artıq dərk etməyə başlayırlar ki, Paşinyanın uğursuzluqları və səhvlərinin əvəzini ölkə əsgərləri həyatı ilə ödəyir. Azərbaycan Paşinyan rejiminin Ermənistanın əvvəlki hakimiyyət orqanlarının danışıqlar prosesində əldə etdiyi az sayda nailiyyətlərin hamısının ləğvi faktı ilə razılaşmayacaq. Müharibə hər zaman siyasətin davamıdır. Siyasət dalana dirənəndə və geosiyasi balans pozulanda müharibələr başlayır. Müharibə yeni qüvvələr balansı yarananda və ya əvvəlki balans bərpa ediləndə dayanır. Müharibənin səbəbi uzaqgörənlikdən uzaq və doğru olmayan siyasətdir və onun dəyəri dəhşətlidir. Müharibənin bitməsi siyasi səhvlərin düzəldilməsi ilə bağlıdır. Səhvlərin düzəldilməsi ilə bağlı addımlar atılmayıb. Əgər indi bunun haqqında danışmaq olmazsa, nə vaxt olacaq?”. Erməni ekspert hazırda Ermənistanın razılaşma imzalama şansı olduğunu, əks təqdirdə kapitulyasiyaya imza atacağını vurğulayıb. Hadisələr, əslində elə Stepan Daniyelyanın dediyi kimi də cərəyan edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.