“Mən bunu bir neçə dəfə açıqlamışam. Bir daha demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır”. Bunu bu günlərdə Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir: “İstənilən halda, de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan - 27 iyuldan bu günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-fakto reallığı de-yure reallığa çevirməliyik”. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da bu xüsusda maraqlı fikirlər səsləndirir. Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə dördtərəfli danışıqlar aparmağı təklif edir:
"Bir halda ki, Rusiya Ermənistanın tərəfindədir və biz də Türkiyə olaraq Azərbaycanı dəstəkləyirik, gəlin bu problemin həlli yolunu müzakirə etmək üçün dördümüz bir yerdə görüşək. Minsk Qrupu 30 ildən çoxdur bir həll yolu tapa bilmədiyi üçün yeni bir mexanizm tapmağın vaxtı çatıb". Beləliklə, qeyd edilənlər deməyə əsas verir ki, yaxın perspektivdə Türkiyə və Rusiya Qarabağ məsələsinin həllində əsas vasitəçi ola bilər. Türkiyənin “Habertürk” portalı da bunu mümkün sayır. Portal bu xüsusda yazır: “Qafqazın cənubundakı Dağlıq Qarabağ bölgəsində 1990-cı illərdə Azərbaycanla Ermənistan arasında başlayan münaqişə Qərb tərəfindən, demək olar ki, unudulmuşdu. Bu iki ölkənin daimi düşmənçiliyi yekunda yeni bir müharibəyə çevrildi. Aralarında Türkiyənin də yer aldığı geosiyasi oyunçular bölgədə gedən prosesə indidən daxil olmuş durumdadırlar. Soyuq müharibədən sonra ABŞ-ın siyasi xəttini müəyyən edənlərdən biri olan Zbiqnev Bzejinskinin “Böyük şahmat taxtası” kitabında Azərbaycanı necə təsvir etdiyinə baxmaq yetərlidir. Bzejinski deyir: “Azərbaycan içində Xəzər hövzəsi və Orta Asiyanın zənginlikləri olan butulkanın həyati vacib əhəmiyyətli tıxacı sayıla bilər”.ATƏT tərəfindən yaradılan Minsk Qrupu çərçivəsində Rusiya, ABŞ və Fransanın vasitəçilik etdiyi münaqişədə 1994-cü ildən, tam 26 ildən bu yana kövrək atəşkəs davam edirdi. Dövri olaraq düşmənçiliklərin təkrarlandığı bu günlərdə atəşkəs yenidən pozuldu. 27 sentyabrda yenidən başlayan savaş təhlükəlidir, çünki eyni vaxtda silahlanma, daxili siyasət və geopolitika ilə bağlı 3 müxtəlif tərəfi var. Ötən həftələrdə yaşanan gərginlik nəticəsində iyul ayında kiçik miqyaslı toqquşmalar baş verdi. Ermənistanın bölgədə haqq iddia etməyə davam etməsi və müzakirələrdə heç bir irəliləmə qeydə alınmaması, təbii olaraq, gərginliyi daha da artırdı.
Ermənistan Baş naziri Nikol Paşinyan bu həftənin əvvəlində “Bild” qəzetinə verdiyi müsahibədə israrla Türkiyəni bu savaşın içində göstərməyə çalışır. Əslində, Ankara bu savaşda bir qardaş dövlət olaraq Azərbaycanı dəstəkləyir və təxribatları səbəbilə Ermənistanı qınayır. Prezident Ərdoğan“Türkiyənin daima Azərbaycanın yanında olduğunu” söylədi. Lakin Türkiyə ilə Azərbaycanı bir araya gətirən səbəblərdən biri də geopolitik amildir. Bu çərçivədə, son zamanlarda bölgədə inanılmaz ittifaqlar quruldu. Doğrusu, son illərdə Azərbaycanın silahlanmasında türk hərbi dəstəyindən daha önəmli olan ünsür İsraildən gələn silah təchizatı idi. “Haaretz” qəzeti İsrailin bu addımı atmasına səbəb kimi Təl-Əvivin İrana yönəlik kəşfiyyat fəaliyyəti üçün Azərbaycanı arxa qapı olaraq açıq tutmaq istəməsini göstərib. Ayrıca, İsrail Azərbaycandan neft alır. Neft qarşılığında silah verilməsi təcrübədən çıxarılmış bir modeldir. Durum belə olunca, Cənubi Qafqazda İsrail, İran, Türkiyə və Rusiyanın maraqları toqquşur. Orta Şərqdə sürətli üsyanların baş verdiyi və iqtidarların dəyişdiyi bir dövrdə Moskva ilə Ankara strateji ortaqlıq yaratdılar. Buna baxmayaraq, çox vaxt bir-birilə rəqabət aparırlar. Bu, yaxın zamanlarda Şimali Suriya və Liviyada göründü, indi də Qafqazda görünməkdədir.
Lakin Rusiya Qafqazda qeyri-adi rol oynayır. Belə ki, Putin Orta Şərq və Ukraynada öz təsir zonasını qorumaq və ya genişləndirmək üçün bilərəkdən münaqişələri körüklədiyi halda, Qafqazda durum fərqlidir. Moskva bu bölgədəki ixtilafın təhrik gücünün fərqindədir. Bu səbəblə Putin təmkinli davranır. İxtilafı nəzarətdə saxlayır. Başqa cür hərəkət edə bilməz. Çünki Rusiyanın Ermənistanda, ən azı, 3500 hərbçisi və iki hərbi bazası var. Ayrıca, bu ölkə ilə hərbi ittifaqdadır. Moskva eyni zamanda Azərbaycana da silah satır. Rusiya Ermənistanı özünə sıx şəkildə bağlasa da, xammal zəngini olan Azərbaycanı da itirməməyə çalışır. Putin 2018-ci ildə bir inqilabla hakimiyyətə gələn, Qərb tərəfdarı olan və xalqına demokratiya gətirəcəyini vəd edən Nikol Paşinyanla məsafəli münasibət saxlayır. Hətta “onun getməsini istəyir” desək, yanlış olmaz. Hələlik görünən odur ki, Putin və qurd siyasətçi Lavrov tərəflər arasında atəşkəs elan edilməsi rolunu öz üzərlərinə götürmüşlər. Lakin “atəşkəs”in pozulması ən çox Moskvanın işinə gəlir. Çünki Rusiya bu bölgədəki xaosu əsas göstərərək, yenidən bölgəyə yerləşə bilər və ya xaosu dərinləşdirərək, bölgədə Qarabağın müstəqilliyinin elan olunmasına zəmin hazırlaya bilər. Hər şeydən öncə, bu bölgənin başlıca enerji marşurutlarının kəsişdiyi Cənubi Qafqazın qəlbində yerləşməsi onu önəmli mərkəz halına gətirir.
Avropa və Azərbaycanın gündəliyi isə Qarabağ bölgəsində italyanların “Trentino-Alto Adige”, avstriyalıların isə “Südtirol” adlandırdığı və Cənubi Tirol bölgəsində tətbiq olunan bir modelin həyata keçirilməsi üçün zəmin hazırlanması yönündədir. Ancaq hələlik bu modelin necə tətbiq ediləcəyinə dair hazırlıqların görüldüyü haqqında söhbət gedir. Amerikanın geri çəkilməsinin və Avropanın yaşadığı parçalanmanın Türkiyəyə yol açdığı bu coğrafiyada Ankara tarixi bağlarından aldığı güclə prosesdə rol almaq istəyir. Keçmişdə belə bir ixtilaf olduqda, blok məntiqi ilə, ya da ABŞ-ın üstünlüyü ilə əngəllənirdi. Bu gün heç kimin mütləq nəzarəti təmin edə bilmədiyi bir halda bu ixtilaf vəkalət savaşı halına gəlmə risqi ilə qarşı-qarşıyadır. Çünki meydanda PKK-çılar və diaspordan gətirilən əli silah tutan qruplar, yəni nə desən var. ABŞ-ın daxili gündəliyi ilə bağlı olaraq yaranan güc boşluğu Rusiyaya daha çox meydan açır. Lakin 9 oktyabr gecəsi Moskvada atəşkəslə bağlı aparılan və saatlarla davam edən görüşdən sonra Qafqazın “böyük qardaş”ı olan Putinin niyyətinin nə olduğu elə də çox anlaşılmadı. Bu anadək prosesin içində aktiv görünən Türkiyənin Qafqaz probleminin həllində kənarda qalması bölgəyə real bir həll gətirməyəcək”.
Nahid SALAYEV