Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşündə Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, erməni tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini bildirib.
Ə.Nağıyev qeyd edib ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir. Hətta atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibb xidməti qulluqçusu ağır yaralanıb. Həmçinin, oktyabrın 11-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə məruz qalıb, nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olub, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə, 34 nəfər yaralanıb. Vurğulanıb ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olub, 211 nəfər yaralanıb, 1200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılıb.
Həmçinin, Əli Nağıyev qeyd edib ki, Ermənistan hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi pozulduğunun sübutudur. Ermənistanın beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin, özünün də qoşulduğu 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymamasına baxmayaraq, meyitlərin dəyişdirilməsi, əsir və girovların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilib.
Sonda komissiya sədri Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair faktları xanım Arian Bauerə təqdim edib və BQXK-nı Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarına obyektiv qiymət verməyə çağırıb.
Xanım Arian Bauer BQXK və Dövlət Komissiyasının qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
BQXK təqdim edilən bu faktlar əsasında Ermənistana qarşı nə etməlidir, hansı tədbirlər görməlidir?
“Bu, ən azından, beynəlxalq ictimai qınaq kimi Ermənistanın hədəfə götürülməsinə şərait yarada bilər”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan tərəfindən vaxtaşırı olaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi vandalizm aktları barədə BQXK-yə məlumatlar, faktlar təqdim edilməlidir. “Ona görə də Azərbaycan hökuməti də, xüsusi xidmət orqanları da indiyə qədər BQXK-yə bu məlumatları verib, bundan sonra da operativ şəkildə prosesi davam etdirməlidir. Təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi vandalizm aktlarına, düşmən ölkənin beynəlxalq humanitar normaları pozmasına dair sübut olunmuş faktlar hər zaman BQXK-nin əlinin altında olmalıdır. BQXK rəhbərliyi ona təqdim edilən sübut olunmuş faktlardan istifadə edərək, Ermənistana, heç olmasa, beynəlxalq ictimai qınaq formalaşdıra bilər. Bizim təşkilatın da bir neçə dəfə BQXK nümayəndələri ilə görüşümüz olub. Biz də onlara hazırda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında fikirlərimizi çatdırmışıq. Onların həmişə mövqeyi belədir ki, biz əlaqələndirici, vasitəsçi bir qurumuq, hansısa imperativ, sərəncam verən, qərar çıxaran qurum deyilik. BQXK beynəlxalq səviyyədə qəbul edilən bir ictimai təşkilatdır. Amma BQXK-nin Azərbaycan tərəfindən onlara verilən faktları bu və ya digər beynəlxalq təşkilatlara, rəsmi qurumlara çatdırmaq ixtiyarı var. İstəsələr, bunu edə bilərlər. BQXK-nin özünün xəttilə də müəyyən toplantıları olur və o toplantılarda Azərbaycan tərəfin təqdim etdiyi faktlar diqqətə çatdırılmalıdır. Bu, ən azından, beynəlxalq ictimai qınaq kimi Ermənistanın hədəfə götürülməsinə şərait yarada bilər. Ermənistan tərəfindən Azərbaycanın birbaşa hərbi olmayan obyektlərinə raket zərbələrinin endirilməsi, mülki əhalinin hədəfə götürülməsi faktı BQXK tərəfindən beynəlxalq aləmdə ictimailəşdirilməlidir. Çünki müasir texnika və müşahidə qurğuları ilə təsadüfi zərbə vurmaq, demək olar ki, istisna olunur. Yəni hədəf dəqiqliyi ilə seçilib vurulur”.
A.Nağı vurğuladı ki, Ermənistanın Gəncədə, Mingəçevirdə hansısa yaşayış binasını, mülki əhalini, müəssisəni hədəfə alıb vurmasında heç bir təsadüf yoxdur, bu terror aktları məqsədli şəkildə həyata keçirilib. “Ermənistanın beynəlxalq humanitar aktları pozması, Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirməsi faktları BQXK tərəfindən beynəlxalq ictimaiyyətə çatdırıla, bununla bağlı düzgün beynəlxalq ictimai rəy formalaşdıra bilər. BQXK-nin funksiyaları bundan ibarət olmalıdır və bu təşkilat bu funksiyanı, birmənalı olaraq, həyata keçirməlidir, yaxasını geri çəkməməlidir. Amma Azərbaycanın müvafiq orqanları da bu sübut olunmuş məlumatları ardıcıl olaraq, operativ şəkildə dayanmadan müxtəlif şəkillər, videogörüntülər, şahidlərin ifadəsi alınmaq vasitəsilə BQXK-ya çatdırmalıdır” - deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA