Müharibə vəziyyəti ilə əlaqədar Azərbaycanda internetin məhdudlaşdırılması nəticəsində internet istifadəçilərinin bir çoxu müxtəlif ölkələrin ödənişli və ödənişsiz internet xidmətlərinə qoşulub. Belə bir fikir var ki, VPN və digər proqramlara qoşulan vətəndaşlarımızın hər yazışması, hər sözü, internet üzərindən etdiyi bütün paylaşımlar həmin ölkələrin xüsusi şəbəkələri tərəfindən izlənir, qeydə alınır.
Məlumatlara görə, bu gün Ermənistan xüsusi xidmət orqanları tərəfindən müxtəlif adda VPN proqramları hazırlanaraq MDB üzərindən istifadəçilərə təklif edilir. Ermənistanın casus şəbəkəsinin hazırladığı bu VPN proqramlarının Azərbaycan vətəndaşları üçün də böyük təhlükə yarada biləcəyi məlumdur. Bildirilənə görə, Rusiyada, eləcə də digər MDB ölkələrində yaşayan erməni iş adamları, şirkət sahibləri yeni VPN sisteminin hazırlanmasına milyonlarla vəsait xərcləyiblər. Ermənistanın xüsusi xidmət orqanları tərəfindən işlənib hazırlanan VPN proqramlarının hədəfi Azərbaycan vətəndaşları və ölkəmizdən kənarda yaşayan azərbaycanlılardır. Keyfiyyətli VPN axtarışında olan istənilən vətəndaş, istənilən azərbaycanlının ermənilərin VPN toruna düşə biləcəyi ilə bağlı təhlükələr realdır.
“Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılan VPN-lər də var”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Bakı-Xəbər”ə bildirdi ki, hazırkı şəraitdə düşmənin VPN üzərindən bizə qarşı hər cür təxribat həyata keçirməsi tamamilə mümkündür.
“VPN ilkin olaraq lokal şəbəkəyə kənardan rahatlıqla daxil olmaq və hansısa manipulyasiyaları yerinə yetirmək üçün yaradılıb. Bu, texniki cəhətdən müəyyən idarəetmə funksionallığı yerinə yetirmək üçün lazımdır. Sonradan bu daha çox təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilməyə başladı. Yəni xaricdən hər hansı bir sistemə daxil olmaq təhdid olduğuna görə xüsusi icazə ilə VPN ödənişli kanal vasitəsilə müəyyən bir resursa, xidmətə daxil ola bilərsiniz. Bundan başqa, bildiyiniz kimi, hər yerdə açıq VİFE şəbəkələri var, bu özü də müəyyən hücumlarla bağlı ayrıca bir təhdid yaradır. Bunun qarşısının alınması üçün VPN şəbəkələrindən istifadə olunması tövsiyə olunurdu ki, istifadəçi ilə konkret olaraq xidmət arasında şifrələnmiş və təhlükəsiz kanal yaradılsın. Amma bunun, təbii ki, digər tərəfləri də var. İnformasiyanın ələ keçirilməsi deyilən bir anlayış var, bunun da əsas təhdidlərindən biri ortada şəxsin olmasıdır”.
B.Nəbiyevin sözlərinə görə, VPN-dən istifadə olunmasına iki cür yanaşma var. Birinci yanaşma ondan ibarətdir ki, heç bir proqram təminatı kompyuterlərə, avadanlıqlara yüklənmir, şəbəkənin sazlama vasitəsilə hər hansı bir qoşulma yaradılır, AYPİ adres, şifrə, giriş adı yazılır və hansısa bir VPN protokolu vasitəsilə xarici bir nöqtəyə qoşulma baş verir və həmin nöqtə vasitəsilə də istifadəçilər internetə çıxış əldə edirlər. “Siz şifrələnmiş qoşulmadan istifadə edirsinizsə, bu halda ortadakı şəxs sizin haqqınızda heç bir informasiya əldə edə bilmir. Diqqət yetirsəniz görərsiniz ki, telefonunuzda, başqa cihazlarınızda brauzerdə sol tərəfdə açar işarəsi var. Açar işarəsinin üzərinə sıxanda görürsünüz ki, orada sertifikat barədə məlumatlar var. Bu zaman sizin istənilən sosial şəbəkədə, elektron poçtda yazışmanızı, məlumatınızı hər iki tərəf şifrələnmiş olduğu üçün onu üçüncü tərəf heç cür əldə edə bilmir. Bu, birinci haldır və bu halda daha az təhlükəlidir, informasiyanın ötürülməsi zamanı onun ələ keçirilməsi, faktiki olaraq, mümkünsüzdür. Burada ikinci bir hal da var və ikinci hal daha çox istifadəçilər tərəfindən istifadə olunur. Bu halda da təhdid etmə çox asandır. Yəni siz avadanlığınıza - kompyuterə, smartfona, planşetə hansısa bir proqram təminatı yükləyirsiniz, bunun vasitəsilə sizin artıq verdiyiniz icazələr çərçivəsində həmin zaman təqdim etdiyi bu proqram təminatından bədniyyətlər, təxribatlar üçün istifadə edən adamlar sizin avadanlıqdakı müxtəlif funksionallığı ələ keçirə bilər. Bura birbaşa videogörüntünün əldə olunması, danışıqların kompyuter və digər avadanlıqlar vasitəsilə yazılması və ötürülməsi, özünüz haqqında hansısa brauzerdə məlumatlar yazanda, ora şəxsi məlumatlarınızı daxil edəndə onların ələ keçirilməsi mümkündür. Bütün spektrlərdə sizin haqqınızda bütün məlumatları, informasiyaları ələ keçirə bilirlər. Bu da ona gətirir ki, onlar sizin kompyuteri idarə edə bilirlər. Sizin icazəniz olmadan birbaşa sizin kompyuter vasitəsilə yazı yaza, informasiya göndərə, informasiya ala bilərlər. Yəni bundan istifadə edərək hər hansı bir manipulyasiya etmək mümkündür. Dünya tərəfindən tanınan, qəbul edilən VPN provayderlər var. Bunlardan istifadə olunması daha məqsədəuyğundur, nəinki pulsuz, mənşəyi məlum olmayan və elektron ünvan vasitəsilə sizə gələn provayder xidmətlərindən. Məsələn, bundan, adətən, elektron poçt vasitəsilə istifadə edirlər. Biz öz istifadəçilərimizə də məlumat göndərmişik ki, belə linklər gələndə ehtiyatlı olsunlar, ondan istifadə etməsinlər. Elektron poçtunuza məlumat gəlir ki, siz “Facebook”a daxil olmaq istəyirsinizsə, zəhmət olmasa, bu linkə girin. Bu da o deməkdir ki, siz hansısa bir proqram təminatı yükləyirsiniz, həmin proqram təminatı da çox güman ki, bədniyyətli, təxribatçı proqram təminatıdır və onun vasitəsilə artıq sizin informasiyanız, sizin məlumatlarınız bədniyyətli qrupların əlinə keçə bilər, avadanlıqlarınızın idarə olunması da həmin qruplar tərəfindən həyata keçirilə bilər”.
Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat törətmək və bizim istifadəçilərin yaydığı məlumatları əldə etmək üçün yaratdığı VPN proqramlarına gəlincə, B.Nəbiyev vurğuladı ki, bu VPN proqramları da olduqca təhlükəlidir. “VPN təhdidini milləyyətindən, dinindən, irqindən, ölkəsindən asılı olmayaraq, istənilən qüvvə edə bilər. Belə təhlükəli VPN xidmətləri təkcə MDB üzərindən həyata keçirilmir, bu, dünyanın istənilən ölkəsindən həyata keçirilə bilər. VPN server qaldırılır və ona qoşulma şəraiti yaradılır, o qoşulma artıq reallaşandan sonra sizin şəxsi məlumatlarınızın, informasiyalarınızın ələ keçirilməsi, kompyuterinizin idarə olunması mümkündür. Bu isə konkret olaraq bir məkana bağlı deyil, dünyanın hər bir yerində bunu etmək mümkündür. Ermənstan xüsusi xidmət orqanları tərəfindən yaradılan VPN-lər də var və mənfur düşmənlərimiz dünyanın istənilən ölkəsindən bundan bizə qarşı istifadə edə bilərlər. Ermənistan xüsusi xidmət orqanları, yaxud ermənilər bunu sifarişlə də həyata keçirə bilərlər. Ermənilərin hansısa bir mənşəyi bilinməyən VPN provayderlərinə sifariş verməklə bizə qarşı hücumlar təşkil etməsi tam mümkündür. Bizim mənfur düşmənlərimiz ya VPN-ə, ya da başqa bir aidiyyəti provayderə sifariş verə bilər ki, Azərbaycan məkanına kiberhücum etsinlər. Yəni Azərbaycanda informasiya təhlükəsizliyi təhdid altına salınsın. Bunun vasitələri çoxdur. Erməni xüsusi xidmət orqanları bunu birbaşa özləri etməyə də bilər və bunu sifarişlə etdirə bilərlər. Ümumiyyətlə, bir təhdid kimi bizim bütün istifadəçilər ona yoluxa bilər, həmin vəziyyətə düşə bilər. İndiki halda müəyyən məhdudlaşmalar olduğunu nəzərə alaraq, bundan bizə qarşı istifadə edə və onun vasitəsilə vətəndaşlarımızın informasiyalarını əldə edə bilərlər. İndi hər kəs bir yerdə fəaliyyət göstərir, hər kəsin işində müəyyən informasiyalar var”.
B.Nəbiyev bütün VPN istifadəçilərinə tövsiyə etdi ki, mənşəyi bilinməyən VPN və digər belə provayderlərə qoşulmasınlar, bunun həm vətəndaşlarımızın, həm də ölkəmizin informasiya təhlükəsizliyi baxımından zərərləri böyükdür.
İradə SARIYEVA