Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanla danışıqlardan sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar yolu ilə həllə nail olmaq məqsədilə Dağlıq Qarabağda siyasi tənzimləmə prosesinin mühüm məsələləri üzrə tərəflərlə işini davam etdirir. Bu fikirlər ATƏT-in Minsk Qrupunun bəyanatında yer alıb.
Bəyanatda qeyd olunur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi çərçivəsində davam edən zorakılıqlarla bağlı narahatlıqlarını ifadə edirlər: “Həmsədrlər region üçün faciəvi nəticələrin qarşısının alınması üçün humanitar atəşkəs rejimi çərçivəsində tərəflərin öhdəliklərinin tam icrası üçün dərhal addımlar atmağa çağırırlar.
Həmsədrlər təkrar edirlər ki, mülki əhali arasında itkilər heç bir halda qəbulolunmazdır. Onlar tərəfləri həlak olanların, əsirlərin və saxlanan şəxslərin mübadiləsinin təmin olunması üçün humanitar atəşkəs rejiminə əməl olunması ilə əlaqədar dərhal zəruri addımlar atmağa, eləcə də atəşkəs rejiminə nəzarət mexanizmini dərhal razılaşdırmağa çağırırlar”.
Həmişə olduğu kimi, bu dəfə də ATƏT-in Minsk Qrupu formal xarakterli bəyanat yayıb. Yəni bu dəfə də işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoyulmayıb. Humanitar atəşkəsin kimin tərəfindən pozulması, mülki insanları məhz hansı ölkənin hədəfə aldığı göstərilməyib. Diqqətçəkən məqamlardan biri də ATƏT-in Minsk Qrupunun bəyanatında atəşkəs rejiminə nəzarət mexanizmini dərhal razılaşdırmağa yönəlik mənasız çağırışın öz əksini tapmasıdır. Məsələ ondadır ki, Ermənistanın uzun illərdir apardığı təcavüzkarlıq siyasəti, BMT qətnamələrinə, danışıqlarda baza prinsiplərinə nümayişkəranə şəkildə əməl etməməsi qalıb bir tərəfdə, MQ atəşkəsə nəzarət mexanizminin razılaşdırılmasından danışır. Bu isə sözügedən çağırışın da mənasız olduğunu göstərir.
“Bu, ümumiyyətlə, danışıqların fəlsəfəsinə ziddir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Minsk Qrupunun bu kimi mənasız çağırışına əhəmiyyət vermək lazım deyil: “ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 ildən çoxdur boş və mənasız bəyanatlar verirlər. Ötən illər ərzində çoxsaylı mənasız danışıqlar aparıblar, amma nəticəsi olmayıb. Belə bəyanatlar çox verilib. Əslində, Minsk Qrupu belə bəyanat verməlidir ki, Ermənistan dərhal filan müddət ərzində Azərbaycan ərazilərini tərk etməlidir. İndiyə qədər bir dəfə də olsun belə bəyanat verməyiblər. Hər dəfə münaqişə tərəflərinə münasibətdə ümumi yanaşma sərgilənib. Bu isə işğalçı Ermənistanın mənafeyinə uyğun olub. İndi də “atəşkəs rejiminə nəzarət mexanizmi” barədə əsası olmayan bir tezis ortaya atıblar. Hansı ki, indiki məqamda bundan danışmaq yersizdir. Çünki əsl məsələlər qalıb kənarda, Minsk Qrupu 10-cu dərəcəli məqamları qabardır. Bu isə, ümumiyyətlə, danışıqların fəlsəfəsinə ziddir. Hesab edirəm ki, bunlara əhəmiyyət vermək lazım deyil. Azərbaycan Ordusu üzərinə düşən vəzifəni yerinə yetirməlidir və qısa müddətdə düşməni ərazilərmizdən çıxarmalıdır”.
Partiya sədri onu da qeyd etdi ki, ATƏT-in Minsk Qrupu səmərəsiz fəaliyyəti ilə özünü tamamilə nüfuzdan salıb.
Vidadi ORDAHALLI