“Biz əgər bu münaqişənin həll olunmasını istəyiriksə, elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın”. Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Minsk Qrupu çərçivəsində aparılan danışıqların bir səmərəsi yoxdur: “Danışıqlar bu günə qədər Minsk Qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki, Minsk Qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk Qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər bu münaqişənin həll olunmasını istəyiriksə, - amma biz istəyirik, - elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk Qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni bu nə qədər ədalətlidir?”.
Həqiqətən də münaqişənin ədalətli həlli həmsədrlərin tərkibinin tərəfsiz, güclü və təsir imkanı olan ölkələrdən ibarət olmasından keçir. Nə qədər ki, sadalanan parametrləri özündə birləşdirən ölkələr vasitəçilik etmir, o zaman MQ-dən effektiv faliyyət gözləmək yersizdir.
“ATƏT-in Minsk Qrupunun üzvü olan 11 ölkə arasında sözügedən parametrlərə uyğun olan dövlətlər var”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, Prezidentin bununla bağlı məlum yanaşması tamamilə reallığa əsaslanır: “Ölkə başçısının bununla bağlı səsləndirdiyi fikirləri, faktiki olaraq, tezis şəklində qəbul etmək olar. Prezident açıq bəyan etdi ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bir çox halda erməni lobbisinin təsiri altında adekvat qərarlar qəbul edirlər. Ümumilikdə, həmsədrlərin MQ-də fəaliyyəti ilə bağlı narazılığını ifadə etdi. Çünki, bütövlükdə, cəmiyyətdə həmsədrlərin fəaliyyətindən çox ciddi narazılıqlar var. Həm Fransa, həm də Rusiya uzun illər ərzində status-kvonun saxlanmasında maraqlı olublar. Bu isə, bütövlükdə, Ermənistanın maraqlarına uyğun olub. Fikirləşiblər ki, proses nə qədər uzansa, bu bir o qədər işğalın rəsmiləşməsinə kömək edəcək. Hesab edirəm ki, hazırkı həmsədrlərin fəaliyyətsizliyi buna hesablanıb. Həmsədr ölkə olan ABŞ uzun illərdir hər il Qarabağdakı separatçı quruma maliyyə yardımı göstərir. Düzdür, Vaşinqton bu yardımın humanitar xarakterli olduğunu deyir, amma bənzər yardımı postsovet məkanındakı digər separatçı qurumlara etmir. Ümumilikdə, bunlar onu deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupu Qarabağ probleminin həlli ilə bağlı, faktiki olaraq, öz missiyasını yerinə yetirməyib. Ona görə də yeni bir format müəyyən edilməlidir. Gücü, təsir etmək imkanı və tərəfsiz olan ölkələr həmsədr olmalıdır. ATƏT-in Minsk Qrupunun üzvü olan 11 ölkə arasında sözügedən parametrlərə uyğun olan dövlətlər var. Sadəcə, buna istək olmalıdır. Bütün müharibələr danışıqlarla başa çatır. O baxımdan danışıqlarda yeni format müəyyən edilməlidir”.
Partiya sədrinin fikrincə, mövcud reallıq bunu tələb edir.
Vidadi ORDAHALLI