Ermənistanın davam edən işğal siyasəti üzündən cəbhədə genişlənən hərbi əməliyyatlar işğalçı ölkənin iqtisadiyyatını getdikcə daha sürətlə çökdürür. Əməliyyatlata qədər pandemiya səbəbindən iqtisadiyyatı çökən düşmən ölkə indi də müharibə vasitəsilə fəlakətini sürətlə yaxınlaşdırır.
27 sentyabrdan başlayan hərbi əməliyyatlar nəticəsində Ermənistana dəyən zərərin miqdarı artıq milyardlarla dollar həcmində qiymətləndirilir. İqtisadiyyatın bərbad günə düşməsi səbəbindən dövlət büdcəsinin icrası böyük şübhə altındadır. Bu da Ermənistan əhalisi üçün sosial fəlakət deməkdir.
Hesablamalara görə, ilin sonuna bu ölkədə ÜDM səviyyəsinin 6,8% azalaraq 13 milyard dollar olacağı proqnozlaşdırılır. Amma hərbi əməliyyata çəkilən xərclər fonunda azalmanın daha çox olması gözlənilir. Hərbi vəziyyətin elan edilməsindən və 55 yaşadək kişilərin hərbi xidmətə çağırılmasından sonra tam səfərbərlik rejiminin tətbiq edilməsi Ermənistanda əməktutumlu sektorların fəaliyyətini xeyli məhdudlaşdırıb. İş adamlarının sözlərinə görə, istehsal prosesinin qismən və ya tam dayandırılması onların gəlirlərinə təsir göstərir ki, nəticədə növbəti ayda vergi ödəmələrində kəskin azalma gözlənilir. Bununla əlaqədar olaraq, Ermənistanın Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu il dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlar yerinə yetirilməyəcək. Bundan əlavə, ölkənin hərbi itkiləri və məğlubiyyətə yaxın olması amili əlavə resurs tələb edir. Bu halda yoxsul əhalinin fondlar yaratmaq yolu ilə orduya yardım etməyə cəlb edilməsi Ermənistan vətəndaşlarının durumunu daha da pisləşdirir. Ölkədə xarici borcların həcmi bu ilin aprel-sentyabr aylarında 700 milyon artaraq 6 milyard dollara çatıb. Bu isə o deməkdir ki, Ermənistanın xarici borcu ÜDM-in 50%-dən artıqdır. Son neqativ hadisələri də nəzərə alsaq, bəzi ekspertlərin fikrincə, ilin sonuna bu göstərici 80-90% səviyyəsinə çatacaq. Belə vəziyyət Ermənistanın daha sürətli çöküşü deməkdir. Ölkədə ərzaq təminatı da ciddi problemə çevrilir. Bu fonda ekspertlər qeyd edir ki, payız əkin mövsümündə xammal tədarük edən kənd təsərrüfatı sektorunda bir çox sahibkarın üzləşdiyi məhdudiyyətlər Ermənistanda məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq. Bu da, öz növbəsində, sahibkarlıq subyektlərinə mənfi təsir göstərəcək, ərzaq tədarükünü azaldacaq. Tələbin azalması isə məhsulun qiymətinin kəskin artacağını proqnozlaşdırmağa imkan verir. Ermənistan onsuz da ərzaq məhsullarının böyük hissəsini idxal edir, bu səbəbdən ölkədə daxili məhsuldarlığın aşağı olması qida böhranının başladığını sübut edir.
Elə Milli Məclisin deputatı Vüqar Bayramov da qeyd edir ki, Ermənistanın iqtisadi vəziyyəti uzun dövr üçün müharibə aparmağa imkan verməyəcək. O qeyd edib ki, Ermənistan iqtisadiyyatı müharibədən əvvəlki dövrdə də tənəzzül yaşayırdı: “Nəzərə alaq ki, pandemiya dövründə Ermənistanda iqtisadi azalma kifayət qədər yüksək olub. Bu ilin birinci yarısında Ermənistan iqtisadiyyatı 5,7 faiz azalıb, ikinci yarısında isə azalma tempi daha da kəskinləşib. Ermənistan regionda ən böyük borc asılılığına malik olan ölkədir. Belə ki, Ermənistanın 5,7 milyard dollarlıq xarici borcu onun ümumi daxili məhsulunun 54 faizini təşkil edir. Ermənistan regionda xarici borcu ÜDM-in yarıdan çoxunu təşkil edən vəziyyəti kritik olan azsaylı ölkələrdəndir. Ermənistan mövcud 2,6 milyard dollarlıq rezervini xarici borcunu qaytarmaq üçün istifadə etsə də, bu, ölkənin xarici borc asılılığını aradan qaldırmasına imkan vermir”. V.Bayramov bildirib ki, Azərbaycanın dövlət rezervləri Ermənistanla müqayisədə 20 dəfə çoxdur: “Azərbaycanda strateji valyuta ehtiyatları 51 milyard dollardan çoxdur, Ermənistanda bu rəqəm 2,6 milyard dollar təşkil edir. Müharibə də Ermənistan üçün yeni xərclər yaradır. “Fitch” beynəlxalq kredit agentliyi tərəfindən də Ermənistanın kredit reytinqi aşağı salınıb. Agentlik bunu birbaşa Qarabağ müharibəsinin Ermənistandakı tənəzzülü dərinləşdirəcəyi ilə əlaqələndirib. İlkin qiymətləndirmələrə görə, müharibənin Ermənistan iqtisadiyyatına təsirləri və vurduğu ziyan son iki həftə ərzində 1,5 milyard dollardan çoxdur. Təbii ki, erməni təxribatı davam etdikcə, Ermənistan iqtisadiyyatına dəyən ziyanın da həcmi artır. Azərbaycan iqtisadiyyatı üçün ziyan daha çox mülki obyektlər, eləcə də təsərrüfatların hədəfə alınması ilə bağlıdır. Ölkəmiz müharibənin davam etməsi üçün müdafiə xərclərindən istifadə edir. Əks-hücumla bağlı iqtisadi xərcləmələr, iqtisadi hesablamalar əvvəlcədən nəzərə alınmışdı. Belə ki, Azərbaycanın illik müdafiə xərcləri 3 milyard manatdan çoxdur. Bu da ötən dövrlərdə ordumuzun maddi-texniki bazasının tam olaraq formalaşmasına və mövcud maliyyə imkanları ilə müharibənin qələbəyədək aparılmasına imkan verir. Bu baxımdan Ermənistanın iqtisadi vəziyyəti uzun dövr üçün müharibə aparmağa imkan verməyəcək. Praktik olaraq Azərbaycan təkcə müharibədə deyil, iqtisadiyyatda da düşmən ölkəni məhv edir və məhv etməyə qadirdir. Bu da ondan xəbər verir ki, müharibədən sonra Ermənistan iqtisadiyyatı daha da tənəzzülə uğrayacaq”. Bütün bunlar nəticə etibarı ilə Ermənistanın çöküşünü sürətləndirəcək.
Ramil QULİYEV